Ana Sayfa > Region / Manşet > Qazaxda şıdırğı torpaq alveri...

Qazaxda şıdırğı torpaq alveri...


8-08-2015, 13:04. Yazar: admin
Qazaxda şıdırğı torpaq alveri...
Bir neçə müddət bundan əvvəl redaksiyamıza Qazaxdan daxil olmuş şikayət məktublarında Rayon İcra Hakimiyyəti başçısının Hüseynbəyli kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Əziz Əhmədovun fəaliyyətinə dair ciddi iradlar öz əksini tapmışdı. Həmin məktublar əsasında dərc etdiyimiz materiallarda biz göstərmişdik ki, aldığımız məlumatlarda şikayətçi düşmüş yerli sakinlər Əziz Əhmədovun öz vəzifə borclarının icrasına son dərəcə məsuliyyətsiz yanaşdığını qeyd edirlər. Həmçinin məlumatlarda kənd icra nümayəndəsinin davamlı olaraq törətdiyi özbaşnalıqlara dair müxtəlif faktlar öz əksini tapmaqdadır.İlk növbədə Əziz Əhmədovun bəzi digər məmurlarla cinayətkar işbirliyinə gələrək müxtəlif maxinasiyalara rəvac verdiyi bildirilir. Bu maxinasiyaların əsasında isə Hüseynbəyli kəndi ərazisində torpaqların qeyri-qanuni satışı durur. Təəssüflər olsun ki, bu problemlərin ictimai müzakirəyə çıxarılması da heç bir nəticə verməmişdir. Belə ki, rayondan yeni aldığımız məlumatlara görə Əziz Əhmədovun özbaşınalıqlarının acı fəsadlarını hər gün müşahidə etmək məcburiyyətində olan Hüseynbəyli kənd sakinləri, indinin özündə də yaranmış vəziyyətdən hansısa bir çıxış yolunun axtarışındadırlar. İddialara görə Hüseynbəyli kəndinin torpaq sahələri bu gün də sakinlərin xəbəri olmadan satışa çıxarılır, kənar şəxslərə satılır və yeni ərazilər zəbt edilir. Bu torpaqların daha rahat satışa çıxarılması üçün isə, icra nümayəndəsi hektarlarla əraziləri əvvəlcədən öz qohumlarının və yaxın adamlarının adına sənədləşdirir. Bütün bunların müqabilində isə kəndin heç bir probleminin həllinə maraq göstərilmir. Həmçinin məlumatlara görə Əziz Əhmədov kəndin ehtiyacları üçün ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur. Buna nümunə olaraq, bir müddət əvvəl aldığımız məlumatda Əziz Əhmədovun kənddəki uşaq bağçası ilə bağlı həyata keçirdiyi maxinasiyadan bəhs olunmuşdu. Xəbər verildiyi ki, icra nümayəndəsi bağçanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonun daxili büdcəsindən ayrılmış pul vəsaitlərinin böyük bir hissəsini mənimsəmişdi. Belə ki, bağçaya öz evindən iki ədəd köhnə televizor gətirib yerləşdirən icra nümayəndəsi, onların hər birinə görə 1000 manat məbləğində pul silib. Həmçinin bağçaya alınan mebel və yataq ləvazimatlarının da aqibəti təxminən eyni olub. Yəni bu inventarlar bağça üçün alınsa da, öz ünvanına gəlib çatmadan naməlum şəxslərə satılıb. Bu yolla da ayrılan vəsaitlərin daha bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Yeni aldığımız məlumatlarda isə, bir daha qeyd olunur ki, Əziz Əhmədov indinin özündə də Qazax Rayon İcra Hakimiyyətinin başçısının adından sui-istifadə edərək, bir çox ciddi qanun pozuntuları və vətəndaşların hüquqlarının tapdanması hallarına geniş yer verir, rayon rəhbərliyini isə yalan hesabatlarla aldadır.Etiraf etmək lazımdır ki, Qazax rayonunda bu gün əsaslı quruculuq işləri sürətlə həyata keçirilməkdədir. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. Bununla belə, Hüseynbəyli kəndində gedən neqativ proseslər barədə aldığımız açıqlamalar belə deməyə əsas verir ki, rayonda öz şəxsi mənafeylərinə və ambisiyalarına xidməti digər strukturların səmərəli fəaliyyəti arxasında gizlətməyə çalışan məmurlar da yox deyil. Lakin təcrübə bu kimi halların çox da uzun müddət davam edə bimədiyini göstərir. Ümid edirik ki, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi də ən qısa zamanda Hüseynbəyli kəndində yaranmış vəziyyətin araşdırılması üçün bütün müvafiq tədbirləri görəcəkdir.

Geri dön