Ana Sayfa > Region / Manşet > Mikayıl Cabbarov və Aqiyə Naxçıvanlı niyə rəzalətə göz yumur?

Mikayıl Cabbarov və Aqiyə Naxçıvanlı niyə rəzalətə göz yumur?


1-07-2015, 12:28. Yazar: admin
Mikayıl Cabbarov və Aqiyə Naxçıvanlı niyə rəzalətə göz yumur?
Azərbaycan Müəllimlər İnstitutununun Zaqatala filialının direktorunun tələbələrdən kütləvi şəkildə rüşvət yığılması ilə bağlı səs yazısının ortaya çıxmasından sonra Təhsil Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutu niyə susur?

Qalmaqalla bağlı hər hansı araşdırma aparılırmı?

"Haqq nazilər, amma qırılmaz", deyib dədələrimiz. Amma Azərbaycanda məmurların insafına qalan haqq o qədər dartılıb, o qədər qırılıb ki, artıq dədələrimizin bu deyimi öz əhəmiyyətini tamam itirib. Bunu hər gün görür və hər gün hiss edirik.

Ölkə prezidenti İlham Əliyev dəfələrlə korrupsiyaya qarşı mübarizənin aparılmasını günümüzün əsas məsələsi olduğunu bildirib və dəfələrlə məmurlara xəbərdarlıq edib. Xüsusilə cənab prezident hər bir çıxışında xalqın xidmətçisi olduğunu və vəzifəsinin xalqa xidmət etməkdən ibarət olduğunu dilə gətirərək məmurlardan da xalqa xidmət etməyi, insan haqqlarına hörmətlə yanaşmağı, vətəndaşları incitməməyi tələb etsə də, bir çox məmurlar üçün bu anlayışlar hələ də onların "xalqa xidmət" anlayışında yer almayıb. Buna görə də, Azərbaycanda sosial problemlər, haqsızlıq böyüyür. Ədalət axtaran insanlar axtardıqlarını məhkəmələrdə deyil, prezidentə, birinci xanıma müraciət etməklə tapmağa çalışırlar. Və təbii ki, hər kəs öz səsini prezidentə, birinci xanıma çatdıra bilmir. Əslində isə bu imkansızdır. Bu ona görə baş verir ki, məmurlar qanunları saymır, məhkəmələr isə ədalətin yanından keçərək, onu görməməzlikdən gəlirlər. Bu isə sonucda ciddi sosial problemlərin yaranması və narazılıqların ortaya çıxması ilə müşahidə olunur.

PİA.AZ uzun müddətdir ki, ictimaiyyətin diqqətində olan bir qadının problemini yenidən diqqətə gətirməyə məcburdur. Bizə dəfələrlə müraciət edən Mingəçevir sakini, vətəndaş Zoya Süleymanova uzun müddət haqsız yerə işsiz qalmasına rəğmən, indi də haqqında yarım milyonluq təzminat davası ilə məhkəmələrdə vurnuxmaqdadır.

Qeyd edək ki, Zoya Süleymanova bir müddət əvvəl ölkə prezidenti İlham Əliyevə və birinci xanım, H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək bildirmişdi ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının o zamankı rəhbəri Orucəli Rzayev tərəfindən, (hazırda Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olaraq çalışır), süni şəkildə ixtisara salınıb. Sonradan yenidən öz işinə bərpa olunmaq üçün Orucəli Rzayev Zoya Süleymanovadan 4 min manat rüşvət verib.

Prezidentə müraciətində vətəndaş Zoya Süleymanova iddia edir ki, Orucəli Süleymanova 1000 manat versə də, sabiq direktor onu işinə bərpa etməyib. Prezidentə və birinci xanıma edilən müraciət mətbuatda dərc olunduqdan sonra isə, Orucəli Rzayev Zoya Süleymanovanı məhkəməyə verərək, ondan şərəf və ləyaqətini alçaltdığına görə 500 min manat təzminat tələb edir. Və hazırda işə məhkəmədə baxılır. Zoya Süleymanovanın prezidentə etdiyi növbəti müraciətində isə vətəndaş məhkəmənin bu işə obyektiv baxmaqdan uzaq olduğunu bildirib.

Bir neçə gün bundan əvvəl isə youtube.com sosial şəbəkəsində Orucəli Rzayevin qalmaqallı səsyazısı yayılıb. Həmin səs yazısında bu yay imtahan sessiyası zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında imtahanlarda kütləvi şəkildə pul yığıldığı, hətta yaxşı oxuyan tələbələrə belə güzəşt edilmədiyi, imtahanlara pul verməyə imkanı olmayanların kəsildiyi aydın olur. Ən dəhşətlisi odur ki, dekan Xəzangül Babayeva aldığı pullarla bağlı Orucəli Rzayevə məlumat verir, aldığı pulların miqdarını deyir.

Çox qəribədir ki, həmin səs yazısı yayıldıqdan sonra, istər Təhsil Nazirliyi, istərsə də, Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi susqunluq nümayiş etdirirlər. Bütün hallarda, ortada hər hansı bir rüşvət və korrupsiya dəlili varsa, istər Təhsil Nazirliyi, istər Azərbaycan Müəllimlər İnstitutu, istərsə də, hüquq mühafizə orqanları bunu araşdırmalı və qalmaqalla bağlı ictimaiyyət məlumatlandırılmalıdır. Həmin səs yazısı ekspertizaya yollanılmalı, aparılan araşdırma müddətində qalmaqalda adı keçən şəxslər vəzifələrindən müvəqqəti olaraq uzaqlaşdırılmalıdır. Aparılan araşdırma ilə bağlı isə ictimaiyyət davamlı olaraq məlumatlandırılmalıdır. Lakin bu baş vermir. Nəinki baş vermir, hətta tam sükunətdən qulaq tutulur. Sanki belə bir səs yazısı yayımlanmayıb və ortada tələbələrdən kütləvi şəkildə rüşvət toplanması barədə heç bir iddia və dəlil yoxdur.

Qeyd edək ki, PİA.AZ-ın əməkdaşı Azərbaycan Müəllimlər İnstitutu ilə əlaqə saxlayıb və institutda bu səs yazısı qalmaqalı ilə bağlı hər hansı araşdırmanın aparılıb, aparılmaması ilə maraqlanıb. Azərbaycan Müəllimlər İnstitutunun mətbuat katibliyindən əməkdaşımıza bildiriblər ki, onlar bu barədə bir qədər sonra məlumat verə bilərlər. Lakin Müəllimlər İnstitutundan sorğumuza cavab gözləsək də onlar susmağa üstünlük verdilər.

Geri dön