Ana Sayfa > Region / Manşet > Sahil qəsəbəsində "Ana fəryadı"na biganəlik (FOTO)

Sahil qəsəbəsində "Ana fəryadı"na biganəlik (FOTO)


10-06-2015, 15:19. Yazar: admin
Sahil qəsəbəsində "Ana fəryadı"na biganəlik (FOTO)
Qaradağ rayonunun Sahil qəsəbəsində, mavi Xəzərin bir neçə addımlığında bir park yerləşir.Burada ucaldılmış Ana abidə kompleksini nəzərə alsaq, parkı şərti olaraq "Ana fəryadı" adlandırmaq olar. Baxımsızlıq üzündən uçub tökülmüş abidənin fəryadı nədənsə Sahil qəsəbə icra nümayəndəliyində və qəsəbə bələdiyyəsində eşidilməz olub. Əgər belə olmasaydı, qəsəbə bələdiyyəsinin sədri Elçin Quliyev Qaradağ rayon İH başçısının Sahil qəsəbəsi üzrə icra nümayəndəsi Əkbər Fərəcovla əl-ələ verib bu bibırçılığa son qoyardılar.Ana abidəsinin ətrafını kol-kos basmış, abidə daşlarının üzərində isə müasir "saqqallı uşaqların" "yaradıcılıq" işləri yer alır. Bütün bu ikrah doğuran mənzərəni seyr edərkən aidiyyəti qurumlara heç cür haqq qazandırmaq olmur. Axı necə ola bilər ki, Sahil qəsəbəsinin abadlaşdırılması üçün hər il ayrılan büdcə vəsaitlərini sağa-sola xərcləyənlərin diqqəti Ana abidəsindən yayınır? Bu sualın cavabını yəqin ki, Qaradağ rayonunun icra strukturları rəhbərləri araşdıracaq. Qeyd edək ki, ərazidəki ətraf binalarda yaşayan sakinlərdən Sahil qəsəbəsindəki Ana abidəsinin bu biabırçı vəziyyətə düşməsinin səbəbləri ilə maraqlandıq. Sakinlər bildirdi ki, abidə kompleksi uzun illərdir ki, baxımsız vəziyyətdədir. Heç kəs zəhmət çəkib maraqlanmır. Bununla bağlı qəsəbə bələdiyyəsinə dəfələrlə müraciət edildiyini, lakin heç bir nəticə hasil olmadığını söyləyən vətəndaşlar onların əvəzinə xəcalət çəkdiklərini də gizlətmədilər. Biz gözləyirik ki, bu abidə qarşısında Qarabağ ağrı-acılarını, Xocalı qətliamının tarixini, erməni vəhşiliklərinin simasını övladlarımıza açıqlayaq, -deyə sakinlər fikirlərini bizimlə həvəslə bölüşməyə başladılar. Bu da bir yana, baxımsızlıq üzündən dənizkənarı parkın ərazisi ilanlar mələşən Afrika cəngəlliklərinin gününə düşüb. Bu səbəbdən sakinlər parka gəzintiyə çıxmağa da ehtiyat edir. Abidənin ətrafını müşahidə edərkən biz özümüz də bunun şahidi olduq. Ümid edirik ki, Sahil qəsəbə bələdiyyəsinin sədri Elçin Quliyev Ana abidəsinin və abidənin yerləşdiyi parkın yenidən qurulması məsələsini müsbət həll edəcək. Hər halda, düşünürük ki, bələdiyyə sədrinin sözügedən əraziyə baş çəkərək Ana fəryadına bircə an qulaq kəsilməsi ümumi işin xeyrinə olardı.

Geri dön