Ana Sayfa > Region > Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib11-05-2023, 14:50. Yazar: admin |
Tərtər Rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ərazisində yerləşən N saylı hərbi hissələrinin zabit və əsgərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması və 28 noyabr 2022-ci il tarixdə isə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında“ sərəncamlar imzalayıb. Həmin sərəncamların icrasını təmin etmək üçün 10 yanvar 2023-cü il tarixdə il ərzində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edilib. Həmin təqvim planına əsasən rayonumuzda Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər-elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər, ağacəkmə aksiyaları, iməcliklər keçirilir. Sonra rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən, xilaskarlıq rolundan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib, 630 min yeni iş yeri açılıb. Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə artıb. Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə - cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırılıb. 1970-ci ildə Kür su kəmərinin nasos cihazı işə salınıb. Kür su kəmərləri sisteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilib. 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsi tikilib. 1971-ci ildə Gəncə şəhərində çini qablar zavodu açılıb, Ağstafaçay su anbarı istifadəyə verilib. 1975-ci ildə Bakı məişət kondisionerləri zavodunun açılışı olub. 1975-ci ildə Ulu Öndər Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. 1976-cı ilin 29 dekabrında Sərsəng su anbarı istifadəyə verilib. 1976-cı ildə Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırılıb. 1978-1984-cu illərdə Bakı Dərin Özüllər Zavodu istifadəyə verilib. 1969-1982-ci illərdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkilib. İndiki Heydər Əliyev Sarayı (1972) və “Gülüstan” sarayı (1980) istifadəyə verilib, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salınıb. 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxıb. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilib, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızda ən çox ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olunub. Diqqətə çatdırılıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müstəqillik illərində Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərdindən də bəhs edilib. Bildirilib ki, dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həm Ayaz Mütəllibov iqtidarı, həm də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yürüdülən yanlış siyasət nəticəsində iqtisadi tənəzzülün dərinləşməsi, inflyasiyanın görünməmiş həddə çatması, xalqın yaşayış səviyyəsinin son dərəcə pisləşməsi, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə üz-üzə qalması ilə xarakterizə olunurdu. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda nizami ordu yaradılmamışdı, vahid komandanlıq yox idi, silahlı dəstələr müəyyən qüvvələrin ambisiyalarına xidmət edirdilər. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin vaxtdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı. Qeyd edilib ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Vertikal.az Geri dön |