Ana Sayfa > Region > Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib

Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib


26-03-2023, 00:43. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Umummill Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” çərçivəsində əslən Tərtər rayonundan olan görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq abidələrin önünə gül dəstələri düzüblər.
Konfransda rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.



Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov , Xalq şairi Vahid Əziz, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl, Tarix elmləri doktoru, “Əməkdar müəllim” Vəkil Həsənov, Filologiya üzrə fəlsəfə doktoru İlahə Əliyeva, həkim, şəhid bacısı, birinci Qarabağ müharibəsi veteranı Məhəbbət Paşayeva, İqtisad üzrə fəlsəfə doktoru Zöhrab Paşayev, Xalq artisti Teyyub Aslanov, yazıçı-jurnalist, “İki Sahil” qəzetinin müxbiri Vəli İlyasov, bəstəkar Elçin Atayev, İlahiyyat jurnalının baş redaktor müavini Rahilə Misirxanlı, ESTM klinikasının rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Sona Əsgərova, şairə Səidə Əşrəfqızı, şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, idarə, müəssisə və təşkilar rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, mətbuat və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş səhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonar Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları salamlayaraq, qonaqlara “xoş gəlmisiniz“,- deyib.
Rayon rəhbəri bildirib ki, Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir.
Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.
Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdir. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə – 1970–80-ci illərdə azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradılmışdır.
Rayon rəhbəri qeyd edib ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı, eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi halları coxalmışdır.



1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.
Müstəqilliyinin ilk illərində, xüsusən 1991–1994-cü illərin təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhranı dövründə Heydər Əliyev azərbaycançılıq ideyasını daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu inkişaf etdirməyə çalışırdı. O, mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ¬ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.



2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın formalaşması və inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.
“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ifadələr Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.
Ümummilli Lider qeyd edirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir.”
Bəli, belə bir nəsil yetişdi və cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində totpaqlarımızı işğaldan azad etdi.
Konfransda Milli Məclisin deputatı Sahib Alıyev “Heydər Əliyev və Azərbaycan Parlamenti”, akademik Vaqif Abbasov “Heydər Əliyev və neft strategiyası”, Xalq şairi Vahid Əziz “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Heydər Əliyev-Türk məfkurəsi və Azərbaycanın təhlükəsizliyi”, Tarix elmləri doktoru, “Əməkdar müəllim” Vəkil Həsənov “Heydər Əliyev və Azərbaycanda ictimai-siyasi vəziyyət”, Filologiya üzrə fəlsəfə doktoru İlahə Əliyeva “Heydər Əliyevin dil siyasəti”, həkim, şəhid bacısı, birinci Qarabağ müharibəsi veteranı Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, İqtisad üzrə fəlsəfə doktoru Zöhrab Paşayev “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Xalq artisti Teyyub Aslanov “Heydər Əliyev- Azərbaycan mədəniyyəti və incəsənəti”, yazıçı-jurnalist, “İki Sahil” qəzetinin müxbiri Vəli İlyasov “Heydər Əliyev və Azərbaycan mətbuatı”, bəstəkar Elçin Atayev “Heydər Əliyev və Azərbaycan musiqisi”, İlahiyyat jurnalının baş redaktor müavini Rahilə Misirxanlı “Heydər Əliyev və Azərbaycan təhsili”, STM klinikasının rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Sona Əsgərova “Heydər Əliyev müasir səhiyyənin qurucusudur” mövzularında çıxış ediblər. Şairə Səidə Əşrəfqızı Ulu Öndərə həsr etdiyi şeiri oxuyub.
Cıxışlarda bir fikir vurğulanıb: Bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən tədbirdə iştirak edən Tərtər rayonundan olan elm adamlarına rayon icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyələri təqdim edilib.


Vertikal.az
Geri dön