Ana Sayfa > Region > Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində “HEYDƏR Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda ümumrayon tədbiri keçirilib

Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində “HEYDƏR Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda ümumrayon tədbiri keçirilib


7-03-2023, 22:59. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi şəhidlərinin anaları və həyat yoldaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə Umummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon rəhbəri şəhid analarını, tərtərli ana və bacıları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, hər birinə cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.

İcra başçısı bu bayram günündə ən xoş arzularını şəhid analarına, tərtərli ana və bacılarımıza ünvanlanladığını, şəhid analarının qarşısında baş əyib, onların əllərindən öpdüyünü bildirib. Qeyd edib ki, onlar vətənə olan sonsuz sevgilərini 44 günlük Vətən müharibəsinə igid oğullar yola salmaqla sübut ediblər. Vətənə məhəbbətlərini övlad məhəbbətindən də üstün tutublar. Rayon rəhbəri “Mən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən igidlərimizin xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, onların qız övladlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm. İnanıram ki, Azərbaycan qadını həmişə olduğu kimi yenə də öz üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirəcək,”- deyib.



Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır.”
.
8 Mart Beynəlxalq Qadınlar Gününün tarixindən də danışan rayon rəhbəri bildirmişdir ki, əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Bineyi - qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.



Rayon rəhbəri vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.

Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”



Ümummilli lider Heydər Əliyev1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalamışdır. Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətini daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratdı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamağı tapşırdı. Bu ulu öndərimizin Azərbaycan qadınlarına göstərdiyi qayğının parlaq nümunəsi idi.

Eyni zamanda qadın problemlərinin həlli zərurəti 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayda qeyd olundu.

Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.

Rayon rəhbəri şəhid ailələrinin qayğıları və problemləri ilə də maraqlanıb.

Tədbirdə şəhid Hacıyev Ceyhunun anası Hacıyeva Qətibə, şəhid Mirzəli Rəşadın anası Afiqə Mirzəyeva, şəhid Şirinli Nurlanın anası Esmira Şirinova, şəhid Abbasov Aysənanın anası Rəna Abbasova çıxış edərək ölkəmizdə şəhid ailələrinin və qazilərinin problemlərinin daim diqqətdə saxlanıldığını, şəhidlərin doğum və anım günləri tədbirlərinin yüksək səviyədə təşkil olunduğunu, şəhid adlarının əbədiləşdirildiyini qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid analarına rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim olunub.


Vertikal.az
Geri dön