Ana Sayfa > Region > "Pandemiyanı fürsət bilib obyektimi tar-mar etdilər" - Ağsudan GİLEY

"Pandemiyanı fürsət bilib obyektimi tar-mar etdilər" - Ağsudan GİLEY


18-03-2022, 12:54. Yazar: admin
"Pandemiyanı fürsət bilib obyektimi tar-mar etdilər" - Ağsudan GİLEY

Ağsu şəhər sakini Cəfərova Nüşabə Əlisa qızı ona məxsus olan obyektin qanusnsuz söküntüsünün aparılması ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Dia.az-ın məlumatına görə, yenicag.az-a müraciət edən Nüşabə Cəfərova Ağsu dolaylarının 150-ci km-də yerləşən, 1998-ci ildən mövcud olan, 2002-ci ildən özünə məxsus olan obyektin 2020-ci il 29 aprel və 1 may tarixlərində heç bir məhkəmə sanksiyası, rəsmi xəbərdarlıq və tərəflərin rəsmi razılaşması olmadan söküldüyünü bildirib.

“Pandemiyanı fürsət bilənlər obyektimi tar-mar etdilər”, – deyən şikayətçinin sözlərinə görə, söküntü Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparılıb:

“Mülkümün qanunsuz sökülməsi ilə bağlı olaraq rəsmi qurumlara müraciət ünvanladım. Ağsu RİH rəsmi məktubla söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirdi. Ombudsmana ünvanladığım müraciətə verilən cavabda da söküntünü Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığı məlum oldu. Həmçin 6 saylı Regional Ekologiya İdarəsi araşdırma apararaq, mülkümün Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən söküldüyünü təsdiq etdilər. Bununla yanaşı, Regional Meşə Təsərrüfatı Mərkəzinin mənə yazdığı cavab məktublarında da söküntünü apardıqlarını etiraf ediblər. Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu RİH-yə ünvanladığı 03 iyun 2020 ci tarixli 388 saylı rəsmi məktubda söküntünün onların tələbi ilə aparıldığı, söküntüdə Ağsu RİH-yə edilmiş müraciət əsasında sosial işçilərin imkanlarından istifadə edildiyi qeyd edilib.

Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim. Bütün tərəflərin cavablarını və Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəfə qarşı Şəki İnzibati Məhkəməsində mülki iddia qaldırdım. Qanunvericiliyin tələblərinə görə, söküntünün aparılması üçün ilk növbədə məhkəmə qərarı olmalı idi. Amma buna əməl etməyən Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi əmlakın qeydiyyat vəsiqəsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırdı. Buna el arasında, “Arxadan atılan daş”, – deyirlər. Amma bu “daş” mərkəzin direktoru Əfqan Qəribovun topuğuna dəydi. Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün digər vasitəyə əl atdı. Şəki İnzibati Məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədi ilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş sərəncama görə məhkəməyə verdi. Ağsu Rayon Məhkəməsindən isə sərəncamla bağlı iş həll olunana qədər işi təxirə salınmasını tələb etdi. Ağsu Rayon Məhkəməsi isə işi təxirə salınması haqqında qərardad çıxardı. Şəki Apellyasiya Məhkəməsində Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verdim. Məlum oldu ki, qərar düzgün verilməyib və Şəki İnzibati Məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və davam etdirilməlidir. Ağsu Rayon Məhkəməsi isə işə baxaraq qərar verməlidir. Qərar verildi və Əfqan Qəribovun iddiası təmin edilmədi, alqı-satqı müqaviləsi qüvvədə qaldı. Artıq qərar hüquqi qüvvəsini alıb”.

Əfqan Qəribovun qanunsuz hərəkətləri ilə bağlı olaraq Meşələrin İnkişafı Xidmətinin keçmiş rəisi Namik Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin keçmiş müdiri Teymur Şəkərəliyevə dəfələrlə müraciət etdiyini bildirən şikayətçi həmin şəxslərin hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışdıqlarını qeyd edib:

“Nazir Muxrat Babayevə də müraciət etdim. Eyni zamanda, cənab nazir tərəfindən qəbul edilməyim üçün dəfələrlə müraciət ünvanladım. Amma nazir məni qəbul etmədi, əvəzində nazirin göstərişi əsasında 6 Saylı Ekologiya idarəsindən Nəriman Ciriyev deyilən bir nəfər gəldi. Sonunda Ekologiya Nazirliyinin hüquq şöbəsindən Almməmmədov soyadlı hüquqşünas gəldi, vədlər verdi və getdi. Daha sonra nazirliyin Daxili nəzarət şöbəsinin rəhbəri gəldi, amma yenə də nəticə dəyişmədi. Bütün gələnlər haqlı olduğumu bildirsələr də, sonunda heç də yaxşı olmadı.

Haqsızlığın kulminasiyası isə Şəki İnzibati Məhkəməsində baş verdi. 10.03.2022 tarixində keçirilən məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin nümayəndələri iştirak etmədi. Hakim Fərid İsmayılzadə məhkəmə iclasının gedişində hakim əxlaqına sığmayacaq ifadələr ilə gündəmə gəldi. 03.06.2020-ci il tarixində söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən etiraf edilməsinə baxmayaraq, hakim hansı isə “gədə”nin yazdığı məktubu əsas götürə bilməyəcəyini qeyd etdi. Mənə təəccüblü gələn isə dövlət qurumunu təmsil edən hüquqi şəxsin yazdığı, dövlət atributumuz olan gerbli məktubun hansısa “gədə” tərəfindən yazıldığının deyilməsi oldu. Yəni dövlət rəmzlərimiz və dövlətə məsxusu möhür necə “gədə”nin əlinə düşüb? Digər tərəfdən, hakim cavabdeh tərəflərin iclasda iştrak etməməsini belə əsaslandırdı: “Onlar bundan öncə gəlmişdilər, mən onlarla şifahi söhbət aparmışam”. Maraqlıdır, bura məhkəmədir və qarşımdakı hakimdir? Əgər məhkəmədirsə, cavabdeh niyə məhkəmədə iştirak etmir? Hakimin danışığından isə belə qənaətə gəlmək olar ki, bura məhkəmədən çox 2 “qədeş”in söhbət çürütməsinə bənzədi. Sadəcə hakimimin təsbehi yox idi.

Bu düşündüyüm qədər biabırçılığın kulminasiya nöqtəsidir. Ombudsman, 6-saylı Regional Ekologiya İdarəsi və Ağsu RİH rəsmi məktubla söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını, bu söküntüdə Ağsu RİH-nin işçilərinin qüvvəsindən istifadə edildiyini rəsmən yazıb. Hətta söküntünü aparan Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi rəsmi məktubu ilə söküntünü apardıqlarını etiraf ediblər. Amma hakim belə qərara gəlir ki, obyektimi “gədə” söküb və sizin iddianızı təmin edə bilmərəm. Məncə, bu, hakim ədalətsizliyinin bariz nümunəsidir. “Toxunulmazam və qərar verməkdə azadam”, – deyən hakimin bu imtiyazlardan istifadəsinin bariz nümunəsidir. Qeyd edim ki, rəsmi qərarın çıxmasını gözləyirəm, apelliyasiya şikayəti verəcəm”.

Onu da bildirək ki, Nüşabə Cəfərova məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edib. Bundan başqa, şikayətçi Azərbaycan məhkəmələrində müsbət nəticə əldə etməyəcəyi təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək fikirində olduğunu qeyd edib.
Geri dön