Ana Sayfa > Region > Rusiya Azərbaycanı Qarabağ problemi ilə məşğul olmaqdan necə uzaqlaşdırır? - FAKT BUDUR!

Rusiya Azərbaycanı Qarabağ problemi ilə məşğul olmaqdan necə uzaqlaşdırır? - FAKT BUDUR!


10-12-2021, 08:47. Yazar: admin

Rusiya Azərbaycanı Qarabağ problemi ilə məşğul olmaqdan necə uzaqlaşdırır? - FAKT BUDUR!
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə imzaladıqları bəyanatın mürəkkəbi qurumamış təmas xəttində yenidən gərginlik yaranıb. Ötən həftə Xocavənddə Azərbaycan hərbçilərinin mövqeyinə hücum çəkmiş bir erməni öldürülüb, bu gün isə Kəlbəcərdə əsgərimiz Asəf Əliyev şəhid olub.

Soçi görüşündən cəmi bir gün sonra məlum oldu ki, Rusiya prezidentinin təklifi ilə qəbul olunan yeni bəyanat da əvvəlki üçtərəfli razılaşmaların aqibətini yaşayacaq. Çünki Moskvada keçirilən sərhədlərin dəqiqləşdirilməsi üzrə İşçi Qrupun toplantısı yarımçıq dayandırılmışdı. Verilən məlumata görə, Ermənistanı bu görüşdə təmsil edən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın müzakirəyə təklif etdiyi şərtlərlə razılaşmayıb. Söhbət, ilk növbədə, Zəngəzur dəhlizinin rəsmi Bakının istədiyi şərtlər daxilində açılmasından gedir.

Bir gün sonra, dekabrın 2-də İsveçin paytaxtı Stokholmda ATƏT-in xarici işlər nazirləri şurasının toplantısı çərçivəsində keçirilməsi gözlənilən Ceyhun-Bayramov-Ararat Mirzoyan görüşü baş tutmadı. Azərbaycan XİN bəyanat yayaraq, Ermənistanın destruktiv mövqedə dayandığını bəyan etdi və görüşün bu üzdən mümkün olmadığını açıqladı.

Həmin tarixdən keçən həftə ərzində diplomatik müstəvidə hər hansı təmas baş verməyib. Dünən ATƏT-in Minsk Qrupu bəyanat yayaraq, mövcud vəziyyətdən narahatlığını ifadə edib. Bəyanatda Ermənistan və Azərbaycan vasitəçilərin himayəsi altında birbaşa dialoqun bərpasına çağırılıb. Sənəddə qeyd olunur ki, 9 noyabr 2020-ci il və 26 noyabr Soçi görüşündə təsdiqlənmiş öhdəliklər yerinə yetirilməlidir.

Minsk Qrupu iki əsas məsələyə diqqəti yönəldir. İlk növbədə, həmsədrlərin himayəsi altında humanitar məsələlərdə – əsirlər, minalardan təmizləmə, itkin düşmüş şəxslər, köçkünlərin könüllü qayıdışı, tarixi abidələrin qorunması və s. konkret irəliləyiş əldə etmək, eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyi vurğulanır.

İkincisi, demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində son insidentlər qeyd olunur və mübahisələrin həlli üçün güc tətbiqinin qəbuledilməz olduğu vurğulanır. Tərəflər beynəlxalq humanitar təşkilatların münaqişədən zərər çəkmiş ərazilərə və əhaliyə çıxışına olan bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırılır.

Bəyanatda əsas vurğulardan biri həmsədrlərin regiona ən qısa zamanda səfər etməsinə tərəflərin razılıq verməsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə tam əməkdaşlığa başlanması ilə bağlıdır.

Həmsədrlərin mövqeyi Soçidə qəbul edilmiş üçtərəfli bəyanatla tam olaraq üst-üstə düşür. Çünki ABŞ və Fransa regionda proseslərin Rusiyanın müəyyənləşdirdiyi çərçivədə davam etməsinə dəstək ifadə ediblər.

Əlbəttə, Paris və Vaşinqtonun başqa şərtlər diktə etməsi üçün heç bir zəmin yoxdur. Çünki bölgədə hərbi-siyasi vəziyyət Moskvanın nəzarətindədir, sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə bu nəzarət daha da möhkəmlənib, digər həmsədrlər isə oyundankənar vəziyyətə düşüb. Soçi bəyanatı, ilk növbədə, Rusiyanın maraqlarını ifadə edir və burada əsas hesablardan biri dekabrın 15-də Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünün əhəmiyyətini azaltmaq, mümkün olsa, onu gündəmdən çıxarmaq idi.

Əvvəla, Azərbaycan və Ermənistan bu səndələ Rusiyanın patronajı altında qəbul olunmuş 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardakı öhdəliklərinin icrasına sadiq qaldıqlarını bəyan ediblər.

İkincisi, tərəflər yenə Rusiyanın moderatorluğu ilə sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması prosesini aparmağa razılaşıblar.

Üçüncüsü, bəyanatda Rusiya sülhməramlılarının bölgədəki vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə töhfəsi qeyd olunur. Bu da Moskvanın təkbaşına sülhyaratma missiyasının davam etməsinə razılıqdır. Yəni Brüssel görüşündə sülhməramlı kontingentin tərkibinin dəyişdirilməsi ilə bağlı təklif müzakirə edilə bilməz.

Beləliklə, Rusiya Soçi bəyanatı ilə hər iki münaqişə tərəfinin əl-qolunu bağlayıb və onların Brüsseldə tamamilə yeni şərtlər altında problemi müzakirə etmək imkanlarını azaldıb. Amma görünür, bu tədbirlər də Moskva üçün kifayət deyil. Soçi bəyanatının yerinə yetirilməsi üzrə prosesin başlanmadan dayanması, sərhəddə itkilərlə müşayiət olunan yeni toqquşmalar, təbii ki, Bakıda və İrəvanda növbəti dialoq, müzakirə əhval-ruhiyyəsini aşağı salıb. Amma bu gərginlik Kremli narahat etmir. Hətta Moskvanın vasitəçiliyi ilə 10 hərbi əsirin geri qaytarılması müqabilində Azərbaycana verilən mina xəritələrinin yararsız olması barədə Bakıdan verilən açıqlama da cavabsız qalıb. Şübhəsiz ki, bu xəritələr Rusiyanın verdiyi qarantiyalara görə etibarlı hesab edilib. Qarşıdakı günlərdə sərhəddə və təmas xəttində növbəti toqquşmaların baş verməsi də istisna deyil. Ehtimal ki, Brüssel görüşü gündəmdən çıxarsa, yarımçıq qalmış müzakirələr yenidən başlaya bilər.

Təsvir olunan bu mənzərədə taktiki baxımdan Azərbaycanın nəsə itirmədiyi görünsə də strateji baxımdan vəziyyət heç də bizim xeyrimizə deyil. Çünki Rusiya ziddiyyətli 10 noyabr bəyanatı ilə sülhün əldə olunması üçün çoxsaylı labirintlər yaradıb. Bu ziddiyyətlərin hamısı Azərbaycanı Qarabağ problemi ilə məşğul olmaqdan uzaqlaşdırır. Kommunikasiya, sərhədlərin dəqiqləşdirilməsi mübahisələri, bu zaman meydana gələn hərbi toqquşmalar, qarşılıqlı ittihamlar yalnız Moskvaya sərf edir. Kreml münaqişə tərəflərini köhnə və yeni problemlərin məngənəsinə soxmaqla, Qarabağın dağlıq hissəsində öz mövqelərini möhkəmləndirir və əraziləri tədricən Azərbaycandan qoparır.

Əslində, strateji baxımdan, rəsmi Bakının bir nömrəli məsələsi Qarabağda suverenliyini bərpa etmək, Laçın dəhlizində dövlət sərhədini bağlamaq, erməni hərbi birləşmələrini tərksilah edib ərazidən çıxarmaqdır. Amma bu işlərlə məşğul olunmur, gündəm süni şəkildə yaradılmış problemlərlə doldurulur. Zəngəzur dəhlizi, sərhədlərdə toqquşma, delimitasiya, demarkasiya məsələsi… Əlbəttə, bunlar da ümumi prosesin vacib tərkib hissəsidir, amma piroritetlər sırasında birinci deyil. Bakı Zəngəzur dəhlizinin açılmasından, Laçın və Kəlbəcərdə sərhədlərin dəqiqləşdirilməsindən əvvəl Laçın dəhlizində nəzarət edə bilmədiyi dövlət sərhədini bağlamaq haqqında düşünməlidir. Eyni zamanda, “qalib ölkənin ərazisində məğlub ölkənin ordusu ola bilməz” prinsipindən çıxış edərək, işğalçı ordunun qalıqlarının Qarabağdan çıxarılması tədbirlərinə start verməlidir. Xankəndində qondarma dövlətçilik oyunu oynayan, Azərbaycan dövləti əleyhinə ağır cinayətlər törətmiş erməni separatçılarının cəzalandırılması da təxirəsalınmaz vəzifələrdən biridir. Eləcə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə Moskvanın yol verdiyi qanunsuz hərəkətlər sorğulanmalıdır.

Bəli, realpolitikada imkanlar və istəklər uzlaşdırılır. Amma ölkənin bir hissəsinin işğalına göz yummaq, orada başqa bir ölkənin törətdiyi özbaşınalıqları görməzdən gəlmək realpolitika deyil… //pressklub.az//
Geri dön