Ana Sayfa > Region > "İkicə dərs saatı ilə ailəni necə dolandıra bilərəm?" - Müəllimə Prezidentdən KÖMƏK İSTƏDİ
"İkicə dərs saatı ilə ailəni necə dolandıra bilərəm?" - Müəllimə Prezidentdən KÖMƏK İSTƏDİ22-10-2021, 11:23. Yazar: admin |
Bu günlərdə Göygöl rayonunun Nadil kənd orta məktəbinin müəllimi Xəlilova Samirə Qəzənfər qızı redaksiyamıza video-müraciət ünvanlayaraq, həmin məktəbin direktoru Verdiyeva Lilpar Nəsrəddin qızının qanunsuz hərəkətlərindən şikayətlənmişdir. Samirə müəllimə bildirir ki, Lilpar Verdiyeva məktəbə direktor vəzifəsinə irəli çəkilən gündən (fevral 2019-cu il) vəzifəsindən sui-istifadə etməklə məşğuldur. Öz məqsədinə çatmaq üçün uşaqları, valideynləri müəllimlərin üstünə qaldırmaqdan, müəllimi nüfuzdan salmaqdan çəkinmir. Onun qəbulolunmaz şərtlərinə boyun əyməyən işçiləri təhqir, təhdid edir, səslərini yazıb şantajla hədələyir. Etiraz edənləri qorxudur ki, “mən Təhsil Nazirliyinin xətti ilə direktor təyin olunmuşam, məndən şikayət etsəniz, siz 15 ilə qədər həbs cəzası ala bilərsiz”. Ancaq direktorun təhdidlərinə baxmayaraq, Samirə Xəlilova və daha bir neçə nəfər müəllim məruz qaldıqları haqsızlıqlara, hüquqpozmalara dözmədikləri üçün bu ilin aprel ayında yuxarı instansiyalara şikayət göndəriblər. Çifayda, onların müraciətlərinə məhəl qoyulmayıb. Əksinə, daha artıq təhdidlərə məruz qalıblar. Ən böyük zərbə isə Xəlilovlara dəyib. Direktor əvvəlcə Samirə müəllimədən ərizəsini geri götürməyini tələb edib. Samirə müəllimə bu tələbi yerinə yetirmədiyi üçün xanım direktor qəzəblənərək onun həyat yoldaşı Arif Xəlilovu məktəbdə işlədiyi təsərrüfat müdiri vəzifəsindən çıxarıb. Di gəl, bu cür qisas almaqla da hirsi-hikkəsi soyumayıb. Samirə Xəlilova bildirir ki, müəllimlərin imtahanında 45 bal toplamasına baxmayaraq, direktor ona cəmi iki dərs saatı verib. Keçirdiyi stresslərdən, yaşadığı gərginlik səbəbindən bir müddət hətta xəstə yatdığını, müalicə aldığını deyən Samirə müəllimə haqlı bir sual ortaya qoyur: “Özünüz fikirləşin, həyat yoldaşım qisas zəminində işdən çıxarılıb, belə olan halda mən iki azyaşlı uşaq anası olaraq, ikicə dərs saatı ilə ailəni necə dolandıra bilərəm?” Odur ki, Samirə Xəlilova KİV-dən ictimailəşdirilməsini xahiş etdiyi video-müraciətdə üzünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya tutur: “Sizlərdən bir vətəndaş kimi, bir ana kimi, bir müəllim kimi xahiş edirəm, mənim haqq səsimə səs verin...” İnternet üzərindən apardığımız axtarış nəticəsində rast gəldiyimiz informasiyalardan bəlli oldu ki, Lilpar Verdiyeva həm də Nadil kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədridir. İxtisasca biologiya müəllimidir, hətta biologiya üzrə “qıjıkimilərdən, qatırquyruğulardan” elmi iş də müdafiə edib. Yəqin, hakim partiyanın “fəal” üzvü olmasına, “alimliyinə” arxayın olub özbaşınalıq edir. //Nyus.Az// Geri dön |