Ana Sayfa > Region > Astara rayon İcra hakimiyyətinə dəfələrlə müraciət etsə də...
Astara rayon İcra hakimiyyətinə dəfələrlə müraciət etsə də...4-10-2021, 15:27. Yazar: admin |
“Düz səkkiz ildir mən bu əziyyəti çəkirəm. Hər gün onu məktəbə aparıb gətirmək üçün bu buz kimi suyu olan çayı çılpaq ayaqla keçməli oluram. Bütün ümidlərim onun oxuyub, savadlı adam olmasınadır”. Ötən gün sosial şəbəkələrdə videosu yayılmışdı Fuadın. Hər kəs bu videonu paylaşıb ataya kömək olmaq istəyirdi. Çünki izlədikləri mənzərə həm üzücü idi, həm də qürurverici. Astaranın Miki kənd sakini Fuad Salayev övladını məktəbə apara bilmək üçün necə deyərlər, min bir əziyyətə qatlaşır. Evlərindən məktəbə gedən yolda böyük çay var. Miki çayı. Çay üzərində körpü olmaması səbəbindən hər gün ata ayaqqabılarını çıxarır, övladını belinə alıb çayın o biri üzünə, məktəbə aparır. Qarşıdan qışın gəldiyini nəzərə alsaq, bir neçə gün sonra o suya girmək mümkün olmayacaq. “Əslində məktəb evimizə yaxındı. Elə eyni kəndin içində. Sadəcə evimizlə məktəbin arasında çay var. Qızımın dərsə rahat gedib gəlməsinə də bu gur sulu çay mane olur. Payızda və qışda iş lap çətin olur. Su daha da gurlaşır. Yağışlı günləri heç demirəm”. Qızı Aygün bu il 7-ci sinfə gedir. Dərslərində də əlaçıdır. Hazırlıq sinfinə getdiyi vaxtdan atası onu məktəbə bax beləcə belinə alıb aparır. Bir qız atası olan Fuad deyir ki, özü də elə məktəbdə müəllim işləyir. “41 yaşım var. Texnologiya müəllimi işləyirəm məktəbdə. 5 saat dərsim var. Yoldaşım da üç dəfə əməliyyat olunub. Vallah imkanım olsa bu çayın üstünə körpünü özüm salaram. Amma yoxdu axı. Ailəmi zülmlə dolandırıram”. Astara rayon İcra hakimiyyətinə və Miki kənd bələdiyyəsinə dəfələrlə müraciət etsə də maraqlanan yoxdur deyir. “Deyirlər ki, büdcədə pul yoxdur. Bizim qaldığımız tərəfdə də təəssüf ki, başqa kimsə yaşamır. Yoxsa pul qoyub köməkli özümüz edərdik körpünü. Çayın o biri başı tərəfdə qalanlar üçün illər əvvəl körpü salınmışdı. İndi o da yararsız vəziyyətdədir. Qış qapıdadır. Soyuqda o suyu necə keçəcəm deyə indidən dərd düşüb ürəyimə. Artıq səhhətim də əvvəlki illərdəki kimi sağlam deyil axı…” Geri dön |