Ana Sayfa > Region / Manşet > Səlim Müslümovun Kürdəmirdəki adamına qarşı ittiham

Səlim Müslümovun Kürdəmirdəki adamına qarşı ittiham


6-05-2015, 11:27. Yazar: admin
Səlim Müslümovun Kürdəmirdəki adamına qarşı ittiham
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyindən sonra yerli Sosial Müdafiə Mərkəzlərində vəziyyət qismən dəyişsə də, bunu hamısına şamil etmək mümkün deyil. JAM.AZ xəbər verir ki, Səlim Müslümovun nazir təyinatından sonra regionlarda həyata keçirilən dəyişikliklərin də artıq işə yaramadığı üzə çıxıb. Və bu da mərkəzi aparatdan deyil, birbaşa yerlərdə təyinat almış məmurların özbaşınalıqlarından irəli gələn haldır.

Əldə etdiyimiz məlumata görə, Kürdəmir Sosial Müdafiə Mərkəzinin direktoru İlyaz Mahmudov da «siyahı»da olan şəxslərdəndir. Bir müddət əvvəl sözügedən vəzifəyə təyinat almış adıçəkilən şəxs köhnə prinsiplərlə işləməkdən əl çəkmir. Rayondan JAM.AZ-a verilən məlumatda deyilir ki, İlyaz Mahmudov əvvəllər bir il müddətinə verilən ünvanlı sosial yardımlarla bağlı qaydaların dəyişməsini əsas götürüb, hazırda iki il müddətinə verilən analoji müavinət üçün aldığı pulların məbləğini «yeniləyib». İddia edilir ki, Kürdəmir ƏSMM-in direktoru ilkin mərhələdə «yarısı sənin, yarısı mənim» prinsipinə əməl edirdisə, indi prosesi nağdlaşdırıb. Belə ki, o, bəri başdan 700-800 manatını alaraq, təqdim olunan sənədləri qəbul edir və ünvanlı sosial yardım təyin edir.

Məlumatda vurğulanır ki, SMM-in direktorunun bu taktikasının məntiqi nəticəsi olaraq Kürdəmirdə kasıb ailələrin ünvanlı sosial yardım alması mümkünsüzə çevrilib. Nəticədə, maddi imkanları yaxşı olan şəxslər dövlətin ayırdığı pullardan bəhrələnə bilir.

JAM.AZ-a verilən xəbərlərdə o da qeyd olunur ki, İlyaz Mahmudov təkcə ünvanlı sosial yardımdan deyil, həmçinin Kürdəmirdəki kimsəsizlər və digərlərindən də qazan əldə edir. Bunu necə və hansı şəkildə reallaşdırırsa, o barədə yaxın günlərdə geniş bilgi verəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön