Ana Sayfa > Region > Tərtər rayonunun Kəngərli kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin və xatirə bulağının açılışı olub
Tərtər rayonunun Kəngərli kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin və xatirə bulağının açılışı olub31-07-2021, 14:01. Yazar: admin |
Tərtər rayonunun Kəngərli kəndində birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Tədbirdə şəhid polkovnik leytenant, Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anarın atası Əliyev Vaqif və şəhid baş leytenat Qənbərli Qənbərin atası Qənbərli Bəhruz çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq. Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhid ailələri və qazilər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdən sonra kənddə Vətən müharibəsi şəhidi Quluzadə Elmin Şəmsi oğlu xatirəsinə tikilmiş bulaq da istifadəyə verildi. Vertikal.az Geri dön |