Ana Sayfa > Region / Manşet > Cənab nazir, Cəlilabad təhsili əldən gedir...

Cənab nazir, Cəlilabad təhsili əldən gedir...


5-05-2015, 15:08. Yazar: admin
Cənab nazir, Cəlilabad təhsili əldən gedir...
Bu gün bölgələrdən aldığımız məlumatlarda bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədikləri faktı öz təsdiqini tapır. Artıq neçə müddətdir ki, redaksiyamıza Cəlilabad rayonunun təhsil sistemində aşkar müşahidə olunan geriləmə və tənəzzülün getdikcə dərinləşməsinə dair çoxsaylı məlumatlar daxil olmaqdadır. Qəzetimizin ötən saylarında biz Cəlilabad rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, eləcə də şöbənin keçmiş rəhbərliyinin öz işində yol verdiyi özbaşınalıqlar barədə məlumatlar əks olunmuş tənqidi məqalələr dərc etmişdik. Buna görə də 2013-cü ildə bu qurumun rəhbərliyində olunmuş dəyişikliyi, RTŞ müdiri vəzifəsinə Vidadi Dövlətovun təyinatını rayon ictimaiyyəti rəğbət və ümidlə qarşıladı. Lakin aradan keçən müddət ərzində bu ümidlər özünü qətiyyən doğrultmadı. Bu xüsusda yerli mənbələrdən aldığımız məlumatlarda bildirilir ki, hazırda Cəlilabadda təhsilin səviyyəsi çox aşağıdır. Müxtəlif tədris müəssisələri isə Vidadi Dövlətov üçün əsil maxinasiyalar obyektinə çevrilmişlər. Təbii ki, bu hal da mövcud narazılıqların bir az da artmasına səbəb olmuşdur. Belə ki, Vidadi Dövlətovun şöbəyə rəhbərlik etdiyi iki il ərzində Cəlilabad təhsilində ciddi geriləmələr müşahidə olunmuşdur. Qeyd edək ki, Cəlilabad rayonunda 75-i tam orta, 39-u ümumi orta, 12-si ibtidai olmaqla 126 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu tənəzzülün səbəbləri isə daxil olan məlumatlarda təqdim edilir. Məsələn, bildirilir ki, bu gün rayonun xüsusilə kənd məktəblərində davamiyyətin səviyyəsi olduqca aşağıdır. Bu səbəbdən hətta müəllimlər arasında da həftələrlə, aylarla işə çıxmayanlar vardır. Lakin Cəlilabaddan daxil olan məlumatlarda RTŞ müdirinin fəaliyyəti ilə bağlı daha ciddi ittihamlar da irəli sürülməkdədir. Bu xüsusda mənbələr Vidadi Dövlətovun dövlət vəsaitlərinin mənimsənilməsi istiqamətində də çeşidli maxinasiyalar törətdiyini iddia edirlər. Bu iddialar arasında Cəlilabad RTŞ müdiri tərəfindən 645 min manatın mənimsənilməsinə dair açıqlamalar daha çox diqqəti cəlb edir. Mənbələr xəbər verir ki, Vidadi Dövlətov bu məbləği ötən il Cəlilabad təhsilinin tələbatı üçün ayrılmış dövlət vəsaitlərindən “əldə edib”. Belə ki, açıqlamalarda Vidadi Dövlətovun bu pulların böyük bir qismini təyinatı üzrə xərcləmədiyi deyilir. Həmin pulların 197006 manatının “Murad İnşaat” MMC vasitəsilə guya ki, əsaslı təmir işlərinə sərf olunduğu sənədləşdirilsə də, rayondakı orta məktəblərin acınacaqlı durumda olduğunu bilməyən yoxdur. Bundan başqa, Vidadi Dövlətov bu pullardan 620 min manatına inventarların alınmasını həyata keçirdiyini də sənədləşdirib. Lakin mənbələr, “NAN” MMC tərəfindən həyata keçirildiyi bildirilən bu sövdələşmənin də növbəti maxinasiya olduğunda israr edirlər. Belə ki, aldığımız məlumatlara əsasən, sənədlərdə qeyd olunan həmin inventarların əslində çox cüzi bir hissəsi alınıb. Avadanlığın çatışmayan hissəsi isə rayonun əsasən kənd məktəbləri arasında “paylaşdırılıb”. İddialara görə, RTŞ müdiri məktəb direktorlarını başına yığaraq, onlardan guya, inventar aldıqlarını təsdiqləyən sənədlərə imza atmalarını və möhür vurmalarını istəyib. Bundan imtina edənləri isə işdən çıxaracağı ilə hədələyib. Digər bir məlumatda isə qeyd olunur ki, Vidadi Dövlətovun “Orxan” MMC müəssisəsi ilə maşın və avadanlıqların alınması xüsusunda anlaşması əsasında daha 234497 manat, laboratoriya avadanlıqlarının satın alınmasından “Bəyli-93” MMC şirkəti vasitəsilə 147539 manat, həmçinin təsərrüfat mallarının satın alınmasından 33700 manat, mətbəə xidmətlərinin satın alınmasından isə 34700 manat “xalis gəlir” əldə olunub.


Geri dön