Ana Sayfa > Region > Şəhid Mirzəli Rəşadın doğum günündə adına bulaq istifadəyə verilib
Şəhid Mirzəli Rəşadın doğum günündə adına bulaq istifadəyə verilib29-05-2021, 15:22. Yazar: admin |
Şəhid gizir Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. 15.12.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidin doğum günündə Hacıqərvənd kəndində onun adına olan bulağın açılışı olub. Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər. Sonra tədbir iştirakçıları şəhid Mirzəli Rəşadın adına tikilmiş bulağın ətrafına toplaşıblar. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs edib və şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıb. Rayon rəhbəri həmçinin vurğulayıb ki, Vətən müharibəsində Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Rayon rəhbəri kənd məzarlığında şəhid Mirzəli Rəşadın və birinci Qarabağ müharibəsi şəhidlərinində məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub. Sonra şəhidin ailəsində olub, valdeynlərinin qayğıları ilə maraqlanıb. İcra başçısı bildirib ki, 26 yaşını qeyd etmək ona nəsib olmasa da, keçdiyi həyat yolu və ucaldığı məqam bir ömürə sığmayacaq qədər şərəflidir. Göstərdiyi döyüş rəşadəti, yüksəldiyi uca zirvə ilə indi hər kəs onunla qürur duyur. Şəhidin ailəsi şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Vertikal.az 26.05.2021 Geri dön |