Ana Sayfa > Region > Monitorinq Mərkəzi Qarabağda nələr görür? - “Vətəndaşlarımız ermənilərin və sülhməramlıların hərəkətləri bilmək istəyir ”
Monitorinq Mərkəzi Qarabağda nələr görür? - “Vətəndaşlarımız ermənilərin və sülhməramlıların hərəkətləri bilmək istəyir ”6-05-2021, 12:57. Yazar: admin |
44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra qəbul edilən 10 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan, Rusiya prezidenti və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsini rəsmiləşdirdi. 10 noyabrda imzalanan üçtərəfli bəyanatda hərbi əməliyyatların dayandırılması ilə yanaşı, həm də tərəflər üzərinə müəyyən öhtəliklər götürdü. Qarabağda olan hərbi birləşmələrin fəaliyyətinə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyətə başladı. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı olaraq dəstəkləndi. Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan son telefon danışığı zamanı da Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması problemini müzakirə edib. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti kifayət qədər vacib amil olaraq qiymətləndirilir. Amma Mərkəzin fəaliyyəti, müşahidə etdikləri problemlər və digər məsələlərlə bağlı ictimaiyyətə geniş məlumat verilmir. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə yanaşı, görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılması vacib hesab olunur. Hərbi-siyasi icmalçı Ramil Məmmədli Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti müharibədən sonra Qarabağ bölgəsində Azərbaycan ordusunun nəzarət etdiyi və ermənilərin olduğu ərazilərdə baş verən prosesləri, hərbi qurumların hərəkət troyektoriyasına nəzarət etmək və analiz etməkdən ibarətdir: “Azərbaycan olaraq bizim gözləntilərimiz ondan ibarət idi ki, nəzarət daha çox ermənilərlə bağlı olacaq. Bu gün də istəyimiz bundan ibarətdir. Çünki zaman-zaman separatçı qruplaşmaların Ermənistandan dəstək alaraq Qarabağ ərazisində təxribat yaratdığına şahid oluruq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gözləntilər bundandır. Hazırkı vəziyyət bundan ibarətdir ki, Mərkəz sülhməramlıların yerləşdiyi və Azərbaycan ordusunun nəzarət etdiyi əraziləri müşahidə edir, dəyişiklikləri qeydə alır. Çünki tərəflər hər hansı bir hərbi əməliyyat keçirməməklə bağlı üzərinə öhtəlik götürüb. Sülhməramlı missiyanı həyata keçirən Rusiya və Türkiyə müşahidəçi qismində bu prosesdə yer alıb. İstərdik ki, bu Mərkəz ərazidə mövcud olan, hələ də silahı tam olaraq yerə qoymayan və separatçı yanaşmalarından çəkilməyən erməni qruplaşmalarının yerləşdiyi ərazilərdə müşahidəni həyata keçirsin”. Ekspert bildirib ki, hazırda müşahidə üçün dronlardan istifadə olunur: “Biz bu Mərkəzin yaradılmasını daha çox hərbi baxımdan təhlil edirik, amma bunun siyasi mənası da var. Çünki Türkiyə hərbi kontingentinin bir bölməsi ərazidə fəaliyyət göstərir. Vaxtı ilə Dağlıq Qarabağ ərazisində Azərbaycan əhalisinə qarşı törədilən soyqırım hadisələrini sübuta yetirə bilmirdik. Məsələn, Qarabağ münaqişəsi 1988-ci ildə erməni cinayətləri ilə başlamışdı. Amma o dövrdə bunun ermənilər tərəfindən törədilməsini sübut edə bilmirdik”. Ramil Məmmədli əlavə edib ki, Mərkəzin fəaliyyəti ilə bağlı ictimaiyyətə çox az məlumat verilir: “Müharibədən əvvəl cəbhədən davamlı olaraq xəbərlər alırdıq. Amma bu gün o məlumatları ala bilmirdik. Yalnız ərazidə vətəndaşların minaya düşməsi ilə bağlı xəbərlər ictimaiyyətə çatdırılır. Lakin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin topladığı məlumatlar bizə təqdim olunmur. Yaxşı bilirik ki, ermənilər bu və ya digər formada həmin ərazidə öz separatçı fəaliyyətlərini həyata keçirirlər. Bu da Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən qeydə alınır. Ümumiyyətlə, yaxşı olar ki, bununla bağlı ictimaiyyətə də məlumatlar verilsin. Vətəndaşlarımız haqlı olaraq Qarabağda Ermənistan tərəfinin və sülhməramlıların həyata keçirdiyi bütün hərəkətləri izləmək, bilmək istəyirlər. Çox təəssüf ki, bununla bağlı hər hansı bir məlumat verilmir. Yaxşı olardı ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi gördüyü işlərlə bağlı Azərbaycan ictimaiyyətini daimi məlumatlandırsın”. Geri dön |