Ana Sayfa > Region > “Hərbi əsirlərin” qaytarılması ilə bağlı hay-küyü Ermənistan hökuməti qaldırıb

“Hərbi əsirlərin” qaytarılması ilə bağlı hay-küyü Ermənistan hökuməti qaldırıb


9-04-2021, 12:49. Yazar: admin
“Hərbi əsirlərin” qaytarılması ilə bağlı hay-küyü Ermənistan hökuməti qaldırıb

Ermənistan öz xalqına münaqişədən sonrakı dövrdə gerçəkliyi əks etdirməyən yalan vədləri yedizdirməyə davam edir.

Verilən məlumatlara görə, dünən axşam guya bir qrup “erməni əsirini” Ermənistana qaytarmalı olan təyyarənin Yerevanın “Erebuni” hava limanına boş qayıtmasından sonra bu ölkədə növbəti etirazlar dalğası başlayıb.

Ermənistan mətbuatının yazdığına görə, təyyarədə yalnız Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov olub. Hava limanına toplaşmış əsgərlərin çoxsaylı qohumları təyyarənin geri boş qayıtdığını öyrəndikdən sonra Müdafiə Nazirliyinin binası qarşısındakı etiraz aksiyasına qoşulacaqlarını və hökumət binasının qarşısında mitinq təşkil edəcəklərini bəyan ediblər.

Hadisələrin xronologiyası olduqca maraqlıdır: əvvəlcə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan bir qrup erməni “hərbi əsir”inin Bakıdan Ermənistana təyyarə ilə qaytarılacağını bildirib. Lakin bundan sonra Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisindən bildiriblər ki, “hərbi əsirlər”in qaytarılması təxirə salınıb. Bu internetdə kifayət qədər qızğın reaksiyaya səbəb olub və istifadəçilərinin çoxu “saxta” sevincə qapılaraq “əsirlər”lə bağlı məlumatı sosial şəbəkələrdə aktiv şəkildə yayan Paşinyanı və onun tərəfdarlarını ittiham etməyə başlayıblar.

Məsələn, AntiFake.am saytı məhkumların geri qaytarılması ilə bağlı hay-küyün hökumət dairələri tərəfindən qaldırıldığını öyrənib.

“Xəbər tez bir zamanda Paşinyanın ailəsi ilə əlaqəli armtimes.com, Alen Simonyana bağlı freenews.am, araratnews.am, iqtidaryönümlü 1in.am saytları, Soros Fondundan xarici pullarla maliyyələşdirilən millətpərəst “müstəqil” millət vəkili Arman Babacanyan vasitəsilə yayılıb... Artıq aydındır ki, Paşinyanın seçkilərdən əvvəl erməni “əsirlər”i hesabına ucuz piar cəhdi biabırçı şəkildə iflasa uğrayıb”, - mənbə deyib.

Məşhur erməni Telegram kanalları bu hadisəni anlaşılmazlıq və çaşqınlıqla şərh edib. Çox güman ki, onların gözləntiləri və reallıqları üst-üstə düşməyib. “Baqramyan 26” Telemram kanalı bu vəziyyəti belə şərh edib: “Rusiyalı general Yerevana erməni əsirləri olmadan qayıdıb... Bircə təyyarə, o özü və pilotlar”.

Digər bir erməni Telegram kanalı “Ararairlə 451 dərəcə” yazır: “Bir qəribə kişi çıxdı və heç bir əsirin gətirilmədiyini və təyyarənin boş olduğunu qışqırmağa başladı... Düzü, nə baş verdiyini anlamıram. Xatırladım ki, bu yaxınlarda Nikolun mətbuat katibi hərbi əsirlərin bu gün geri qaytarılmasının planlaşdırıldığını demişdi”.

Bundan bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hərbi əsirlərin təhvil verilməsi məsələsinin həll olunduğunu və bağlandığını, eləcə də Azərbaycanın öhdəliklərinə uyğun olaraq bütün hərbi əsirləri Ermənistana verdiyini bildirib. O bildirib ki, hərbi əməliyyatlar zamanı tutulmuş hərbçilər əsir sayıla bilər. Sonradan antiterror əməliyyatı nəticəsində tutulmuşlar isə əsir deyil, terrorçu adlandırılır.

Bu cür açıqlamalardan sonra Ermənistan hələ də öz vətəndaşlarına saxta ümidlər verməyə çalışır. Bu isə Yerevandakı etiraz aksiyalarının artmasına səbəb olur.
Geri dön