Ana Sayfa > Region > Ermənistanın daha bir əməli cinayət sayılacaq

Ermənistanın daha bir əməli cinayət sayılacaq


31-03-2021, 14:55. Yazar: admin
Ermənistanın daha bir əməli cinayət sayılacaq

“Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi nəinki beynəlxalq hüquqda nəzərdə tutulan norma və prinsipləri nəzərə alacaq, hətta digər tərəfdən isə özü beynəlxalq hüquqa töhvə verəcək”.

Bunu “Report”a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov deyib.

“Məsələn, işğalçı dövlət tərəfindən öz əhalisinin işğal olunmuş ərazilərdə məskunlaşdırılması beynəlxalq cinayətdir, müharibə cinayətidir. Ancaq bizim layihədə nəinki işğalçı dövlətin öz əhalisinin, həmçinin bu əraziyə digər şəxslərin də yerləşdirilməsi, onların məskunlaşdırılması cinayət kimi tövsif ediləcək. Burada nəzərdə tutulur ki, ermənilər uzun müddət xaricdən gətirilən şəxsləri artıq işğaldan azad olunmuş ərazilərdə yerləşdirirdi. Bu əməllərin də cinayət kimi tanınması, tövsif edilməsi hazırladığımız layihədə nəzərdə tutulur.

Şübhəsiz ki, belə bir mühüm layihənin qəbul edilməsi işğalçı Ermənistan tərəfindən yol verilən müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırımı cinayətinin təqibində Azərbaycan Respublikası üçün yeni hüquqi imkanlar açacaq. Bir daha nümayiş etdirəcək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Beynəlxalq Cinayət Məcəlləsinin inkişafının gedişində özünə təşəkkül tapmış norma və prinsiplərə uyğundur”, - N.Səfərov bildirib.
Geri dön