Ana Sayfa > Region > Daha rayonlara gediş-gəlişi bərpa etmək olar - ÇAĞIRIŞ
Daha rayonlara gediş-gəlişi bərpa etmək olar - ÇAĞIRIŞ27-08-2020, 12:00. Yazar: admin |
Son zamanlar karantinin yumşaldılması ilə bağlı cəmiyyətdə bir sıra çağırışlar səsləndirilir. “Facebook” sosial şəbəkəsində geniş yer alan çağırışçılar arasında sadə vətəndaşlarla yanaşı, ictimaiyyətin tanınmış simaları da yer alıb. Onların bəzilərinin fikirlərini təqdim edirik: Millət vəkili Fazil Mustafa: “Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz öhdəsinə buraxmaq lazımdır. Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz. Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et" deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq. Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil. Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı”. "Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əkbərov: “TƏBİB-dən çox insanlar artıq özlərini daha yaxşı qoruyur. Çox nadir halda qapalı məkanda maskasız adam görürəm. Artıq insanlar sosial məsuliyyəti gözəl dərk edir. Məsələn, 4 yaşında qızım maskasız evdən çıxmır ki, virusa yoluxaram və evə girən kimi əllərini yumağı tələb edir. İnsanların həyatının düzənini bərpa etmək lazımdır. Rayonlara gedişlərin bərpası vacibdir, çünki doğmalarını görməyən insanlar zamanla depresiyaya düşəcək. Bu həm də bir qorxu hissi yaradır və sonda "panik atakaya" çevriləcək. Psixoloji problemlər daha ciddi fəsadlar yaradacaq. Paytaxtda qalan ailələr var ki, sosial vəziyyəti çətindir və ərzaqları kəndlərdə yaşayan yaxın ailə üzvlərindən gəlirdi, amma indi bundan məhrumdurlar. Bu şərtlər altında yaşadıqca sosial problemlər daha da artır və bu da öz növbəsində narazılıqla nəticələnir”. Yazıçı-tərcüməçi Nadir Qocabəyli: “Formal, əhəmiyyətsiz qadağalar var. Məsələn, avtobuslarda sosial məsafə saxlanması mümkün deyil. İnsanlar bir maskanı 1 ay taxır. 2 saatdan bir maska dəyişməyə əksəriyyətin maddi imkanı yoxdur. Maska bəzi adamlara pis təsir göstərir. Məsələn, məni tərlədir, ürək fəaliyyətimi zəiflədir, az sonra sinəm yanmağa başlayır. Özümü koronadan qorumağa çalışdığım halda, təngnəfəslikdən, ürək çatışmazlığından, infarktdan ölə bilərəm. Bu cür insanlar çoxdur. Bu məsələlərə aydınlıq gətirilməlidir. Yoxsa "maska taxın, əks halda cərimə olunacaqsınız" ədalətli yanaşma və qayda deyil. Hamımız bilirik ki, bu, düzgün deyil. Bizdən işləmə mexanizmi olmayan qaydalara riayət etmək imitasiyası tələb olunur. Bu axı nəyə xidmət edir, nədən ötrüdür? Mən anlaya bilmirəm...”. Sakin Kamran Əliyev: “Bugünkü gündə əsasən ictimai nəqliyyat vasitələrində virusun yayılma ehtimalının çox olmasını iddia edirlər. Halbuki, fərqi yoxdur avtobusda neçə şəxs var, bir nəfər xəstənin orada olması virusun digər şəxslərə də keçməsinə səbəb ola bilər. İctimai nəqliyyat vasitələrində, məsələn, avtobuslarda bir nəfər sürücü köməkçisi təyin etmək olar. O, avtobusa minən sərnişinlərin temperaturunu cihazla yoxlayıb, daha sonra minməsinə icazə verə bilər. Xəstəliyi simptomsuz keçirənlərin sayı onsuz da azdır. Metrolarda da eyni qaydanı tətbiq etmək olar. Özündə xəstəliyin hər hansı bir əlamətini hiss edənlər isə ictimai nəqliyyat vasitələrindən uzaq olmalıdır və həkimlərə müraciət etməlidir”. Geri dön |