Ana Sayfa > Region > "Pensiya, sosial yardım vermirlər, yəqin ölməyimizi istəyirlər..." - Ucar sakini çarəsiz durumda...

"Pensiya, sosial yardım vermirlər, yəqin ölməyimizi istəyirlər..." - Ucar sakini çarəsiz durumda...


26-08-2020, 10:17. Yazar: admin
"Pensiya, sosial yardım vermirlər, yəqin ölməyimizi istəyirlər..." - Ucar sakini çarəsiz durumda...

Ucarın Məlikballı kəndinin sakini, 57 yaşlı İkram Həsənovun şikayəti var. Deyir ki, 25 il dövlət qulluğunda çalışıb, problemlərinə və səhhətinə görə işdən kənarlaşmalı olub. Amma indi təqaüd ala bilmir. DİA.AZ xəbər verir ki, bunun üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edib, ancaq bir nəticəsi olmayıb.

“25 il dənizdə, çətin şəraitdə işləmişəm. Vaxt var idi mütəxəssis kimi baxır, başıma and içirdilər. İndi saya salan yoxdur. Yoldaşım vaxtsız vəfat etdi, uşaqlarım tək qaldı. Özümün də ciyərlərimdə problem yarandı. Bir müddət çətinliklə olsa da, işlədim. Sonra gedə bilmədim, işdən çıxardılar. Elə ondan sonra da vəziyyətim getdikcə pisləşdi. İndi heç yerdə işləmirəm, üstəlik, xəstəyəm, iynə-dərmanımı ala bilmirəm. Hər dəfə həkim deyir, “yaxşı qidalanmalısan”. Hanı, mən heç pis də qidalana bilmirəm”.

İkram Həsənovun ilk evliliyindən 5, ikinci evliliyindən 1 övladı var. Deyir, sonuncu övladı məktəblidir, təhsilinə xərcləməyə pulları olmur. Bəzən günlərlə ayaqqabısı, çantası, geyimi olmadığı üçün dərsdən qalır: “Çatdıra bilmirəm. Böyük oğlanlarım bir ara Bakıda fəhləlik edirdilər, birtəhər dolanırdıq. Koronavirus söhbəti çıxandan Bakının yolları bağlandı. Onlar da işsizdir, hamımız oturmuşuq evdə. Bir böyük ailə kimi acından ölməyə məhkumuq”.

İkram Həsənov təqaüd almaq istəyir. Deyir, ünvanlı sosial yardımdan əlini üzüb. Çünki o qədər sənəd istəyiblər ki, onları toplaması mümkün deyil: “Eynilə birdəfəlik yardım kimi... Almaq üçün çox ağır şərtlər qoymuşdular. Odur ki, pensiya istəyirəm. Ona da deyirlər ki, yaşın çatmır. Dedim, 25 il can qoymuşam, dedilər, işdən erkən, öz istəyinlə ayrılmısan. Niyə ayrılmışam? Onu soruşmurlar heç. Yoldaşım vaxtsız vəfat etdi. Uşaqlarım qaldı başsız. Yanında qoymağa heç kimim olmadı. Normal dövlətlərdə baxıcı müəyyən edilir və bunun üçün valideynin əmək haqqına əlavələr olur. Bizdə heç birini etmədilər. Çünki işçinin qiyməti yoxdur. Fikirləşirlər ki, nə çox işsiz, birini tapıb işlədəcəyik. Mən işdən məcburiyyətdən ayrılmışam. Sonra uşaqlar böyüdükcə xəstəlik tapdım, iş qabiliyyətimi itirdim. Yenə də cəhənnəm, deyirəm, nəsə iş olsa, işləyərəm, amma yoxdur”.

Şikayətçi deyir ki, bu gedişlə o təqaüd yaşına çata bilməyəcək. Heç olmasa, xəstəliyinə görə güzəştə gedib onu təqaüdə tez çıxarsınlar: “8 nəfərlik ailəyik. 6 uşaq, özüm, bir də həyat yoldaşım. Evimizə bu gün bir qəpik də girmir. Oğlum arada fəhləlik edir. O da olanda. Bilirsiniz də, rayonda iş tapmaq asan deyil. Qonşular, qohumlar kömək edir, birtəhər dolanırıq. Bu, nə qədər belə davam edə bilər, bilmirəm”.

İkram Həsənov deyir ki, düzdür, kənddə yaşayır, ancaq heyvandarlıqla da məşğul ola bilmir. Çünki bunun üçün sərmayəsi yoxdur: “Pensiya, sosial yardım vermirlər, yəqin ölməyimizi istəyirlər. Təsərrüfatla da məşğul ola bilmirik. Su yox, şərait yox. Heyvan saxlamaq üçün də gərək bir az pulun olsun ki, heyvan alasan. Əlimizdə bir evdir. Başqa heç nəyimiz yoxdur”.
Geri dön