Ana Sayfa > Region / Manşet > Şamaxıda Qasım Qasımov "tilsimi" qırılacaqmı?

Şamaxıda Qasım Qasımov "tilsimi" qırılacaqmı?


24-04-2015, 16:21. Yazar: admin
Şamaxıda Qasım Qasımov "tilsimi" qırılacaqmı?
Dövlət idarəçiliyinin mühüm amillərindən biri olan məmur-vətəndaş münasibətlərinin tənzimlənməsi günümüzün aktual məsələlərindən birinə çevrilib. Bununla bağlı yüksək tribunalardan müntəzəm olaraq fikirlər söylənilir, məmurun mənəvi-siyasi keyfiyyətlərinin cəmiyyət üçün əhəmiyyətindən danışılır. Ölkə rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, məmur xalqın xidmətçisi olmalı, öz zəhməti ilə xalqın və dövlətin göstərdiyi etimadı doğrultmalıdır.

Bizim məmurlar üçün əxz olunası bir çox örnəklər var. Prezident İlham Əliyevin göstərdiyi şəxsi nümunələr isə saysız-hesabsızdır. Dövlət başçısı tez-tez qaçqın və köçkünlərin, əlillərin və müharibə veteranlarının, bir sözlə, sadə vətəndaşların arasında olur, onların problemləri ilə maraqlanır. Məmur üçün bundan da gözəl nümunə olarmı? Ona görə də, düşünürük ki, hər bir məmurdan yaxşı işləməyi, xalqın birinci xidmətçisinin etibar etdiyi vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi tələb etməyə hər bir azərbaycanlının haqqı var. Xalqla daimi ünsiyyət məmurun üzərinə düşən ən ali vəzifələrdən biridir. Lakin bu ünsiyyət laqeydlikdən uzaq, səmimi və məsuliyyətli olanda dövlətin də nüfuzu yerlərdə artır. Digər tərəfdən, dövlət məmurunun şəxsi keyfiyyətlərindən də çox şey asılıdır. Əgər vətəndaş qarşısındakı məmurdan gözlədiyi diqqəti görə bilmirsə, onun bürokratik süründürməçiliklərindən əziyyət çəkirsə, bu qəbuledilməzdir. Belə halların aradan qaldırılması üçün müvafiq cəzalandırma üsulları işə düşür. Lakin böyük təəssüf hissi ilə qeyd etməyə məcburuq ki, bugünün orta statistik məmuru hələ ki gözlədiyimiz səviyyədə deyil. Bunun da müəyyən səbəbləri var. Həmin səbəblər barədə bəhs etmək fikrimiz yoxdur. Lakin konkret misallarla məmur-vətəndaş münasibətlərinə ciddi zərər vuran səbəblərdən yalnız biri barədə danışacağıq. Söhbətimizi də elə dövlət məmurunun xalq arasında işgüzar nüfuzu və şəxsiyyəti üzərində qurmağa çalışırıq. Rayon icra strukturlarında xalqla bilavasitə təmasda daha çox olan məmurların şəxsiyyəti də işi kimi şəffaf olmalıdır. Vətəndaş bilməlidir ki, onun bu və ya digər məsələ ilə bağlı müraciət edəcəyi məmur hansı şəxsi keyfiyyətlərə malikdir: rüşvətə meyllidirmi və yaxud acıdil, qeyri-təvazökardırmı. Yəni məmurun vəzifə təyinatında sadə vətəndaşın da maraqları gözlənilməlidir. Çox zaman məmur özbaşınalığından təngə gələn vətəndaş ruhdan düşür. Bu isə bütövlükdə dövlətin mənafeyinə toxunan bir məsələdir. Sözümüzü bir qədər konkretləşdirə də bilərik. Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyində bu gün hökm sürən ikitirəlik, icra başçısının birinci müavini Qasım Qasımovun məmur hegemonluğu barədə əldə etdiyimiz məlumatlar söylədiklərimizə misal ola bilər. Qasım Qasımov "tilsimi" barədə Şamaxı camaatının kifayət qədər məlumatı olmamış deyil. Bu rayonda doğulub, köhnə komsomol işçisi olub, sonralar zamanın daşqın və selləri onu müxalifət düşərgəsinə atıb, hətta müxalif qəzetçi və partiya rəhbəri kimi fəaliyyət də göstərib. Bu barədə kifayət qədər bilgilər var. Qasım müəllimin əqidə dəyişkənliyi barədə mətbuatda çox yazılıb. Hətta onun dövlət rəhbərliyinə, bu gün təmsil olunduğu hakim partiyaya qarşı da rəsmi çıxışları barədə bəzi dəlil-sübutlar az deyil. Bu mənada ölkə rəhbərliyi tərəfindən yüksək vəzifəyə təyinat alanda Şamaxıda çoxları gözünə inanmırdı ki, belə bir şəxsi gətirib rayonda mühüm vəzifəyə təyin edərlər. Camaat demiş, "nağeyrax", oldu da...Lap yaxşı. Gözləmək olardı ki, Qasım Qasımov yaxın dostlarının ona göstərdiyi etimadı doğrultmağa çalışacaq. Heç olmasa işinin məsuliyyətindən irəli gələn məsələlərin həllində səmimi olacaq. Lakin çox çəkmədi ki, başçının birinci müavinini müxtəlif qruplaşma və bürokratik əngəlləmələrdə, ona dəxli olmaya işləri nəyinsə gücünə "aşırmaq"da suçlamağa başladılar. Bu da azmış kimi, rayonu faktiki olaraq Qasım Qasımovun idarə etməsi,onun Şamaxıdakı geniş "başçı" fəaliyyəti barədə iddialar yayıldı. Bu gün rayonda Qasım Qasımovun təhdidləri ilə üzləşən vətəndaş artıq icra başçısından öz hüquqlarının bərpasını tələb etməyə lüzum görmür.Səbəb-dövlət başçısının qanuni nümayəndəsinə qarşı inamsızlıq mühitinin formalaşdırılması deyilmi? Bütün bu informasiyalar da, maraqlıdır ki, Qasım Qasımovun öz "dəstəsi" vasitəsilə bilərəkdən rayon ictimaiyyətinə ötürülür. Burda məqsəd yəqin ki, icra başçısının idarəçilik imkanlarının tükəndiyi fikrini sadə vətəndaşlara sırımaqdan ibarətdir.Məsələnin artıq bütün "əndazələri" aşmasında icra başçısı Asif Ağayevin də müəyyən günahı var. Lakin nədənsə başçı öz müavininin hərəkətlərini yetərincə diqqətə almır, onun rayonda özünü söz sahibi kimi aparmasına da sanki göz yumur. Nəticədə Qasım Qasımov başçıdan da dayanıqlı mövqeyə malik olduğunu artıq aşağı ranqlı məmurlara da qəbul etdirə bilir. Bu cür halları digər rayonlarda da müşahidə etmək olar. Belə situasiyalarda dövlət strukturlarının qəti sözünü gözləyən vətəndaşları yəqin ki, səbrlə çox da sınağa çəkməyəcəklər. Hər halda Şamaxı rayonunda Qasım Qasımov "tilsimi"nin qırılacağına ümid edənlər daha çoxdur.

Geri dön