Ana Sayfa > Region > Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib

Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib


24-06-2020, 22:04. Yazar: admin
Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib

Gəncədə aparılan tikinti, abadlıq quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərindəndir. Son vaxtlar Gəncəçay çayı üzərinə eyni vaxta beş körpünün bərpası başa çatdırılıb.

"Report" xəbər verir ki, iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin körpülərdə görülmüş işlərlə tanış oldular.

Bildirildi ki, bu beş körpüdən biri - Müseyib Bağırov küçəsinin Gəncəçayı çayı ilə kəsişmədə yerləşən körpü 1986-cı ildə, digər dördü isə ötən əsrin 50-ci illərində tikilib. Körpülər tamamilə köhnəldiyindən gediş-gəliş üçün təhlükəli vəziyyətə düşmüşdü. Bunu nəzərə alaraq dövlətimizin başçısı keçən il mayın 16-da Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Müseyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişmələrində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası üçün Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı. Həmin vəsait hesabına körpülərdə təmir-bərpa işləri optimal müddətdə başa çatdırılıb. Bütün körpülərin hərəkət hissəsinin, məhəccərlərin, çay məcrasının aşağı və yuxarı hissələrinin, sağ, sol sahil yamaclarının dəmir-betonla bərkidilməsi işləri aparılıb, hərəkət hissəsinin hər iki tərəfində təkərqaytaranlar quraşdırılıb, səkilər təmir olunub. Beləliklə bundan sonra həm piyadalar, həm də avtomobillər bu körpülər üzərindən təhlükəsiz hərəkət edə biləcəklər.

Burada dövlətimizin başçısına tikintisi başa çatmış yollar barədə də məlumat verildi. Qeyd edildi ki, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidən qurulması bu bölgədə turizmin inkişafında böyük rol oynamaqla Gəncə şəhərindən giriş-çıxışı yaxşılaşdıracaq. Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Samux rayonunda da uzunluğu 12,7 kilometr olan Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu yenidən qurulub. Bu yol 3 yaşayış məntəqəsini əhatə etməklə minlərlə əhalinin gediş-gəlişini rahatlaşdırıb. Paralel olaraq yolun altında mövcud suötürücü borular bərpa edilib, zəruri olan yerlərdə yeniləri qurulub. Layihə çərçivəsində yolun 11-ci kilometrində “Qanlı Qobu” adlanan ərazidə yeni körpü inşa edilib.

İyunun 24-də Gəncə şəhərinin M.A.Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Geri dön