Ana Sayfa > Region / Manşet > “Onların məmur qohumu var, mənim də prezidentim"- Hacıqabuldan MÜRACİƏT

“Onların məmur qohumu var, mənim də prezidentim"- Hacıqabuldan MÜRACİƏT


22-03-2017, 08:51. Yazar: admin
“Onların məmur qohumu var, mənim də prezidentim"- Hacıqabuldan MÜRACİƏT
Hacıqabul rayon Kolanı kənd sakini Ceyhun İbrahimov mətbuat vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Dövlət başçısından ona iş verilməsi üçün kömək istəyən Ceyhun İbrahimovum müraciətini ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“Hörmətli Cənab Prezident!
Mən 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşam, evliyəm, bir övladım var. Cənab Prezident, mən evdə ailəmin üzünə baxmağa utanıram. Çünki bu günə qədər evə qazanc gətirməmişəm. Hələ bu günə kimi övladıma uşaq paltarı ala bilməmişəm. Şükür Allaha, Vətənə borcumu da layiqincə yerinə yetirmişəm, sağlamlığımda heç bir problem yoxdur.

Bu illər ərzində boş dayanmamışam, ağlıma gələn hər yerə iş üçün müraciət etmişəm. Amma təəssüf ki, mənim “yüksək vəzifəli məmur adamım-qohumum” olmadığı üçün əvəzində boş vədlərdən başqa heç bir nəticəsi olmayıb.
Cənab prezident, əvvəllər iş tapmaq üçün “adamın” olmalıdır kimi absurd fikirlərə inanmırdım. Amma ikinci qrup əlillərin, hərbi xidmətə yararsızların, ali təhsili olmayanların peşəsinə aidiyyatı olmayan vəzifələrdə işlədiyini görəndə bu fikirlərin əsassız olmadığına inanmalı oldum.

Cənab prezident, birinci qrup əlil və şəkər xəstəsi atamın, ikinci qrup əlil anamın pensiyaları ilə dolanmağın necə utandırıcı hiss olduğunu bir mən bilirəm. Bu utancla yaşamaq məni özümdən küsdürür, psixologiyama mənfi təsir göstərir. Hazırda onların pensiyaları da öz dərmanlarına ancaq çatır. Mən işləmək və dövlətimizə yararlı vətəndaş olmaq istəyirəm.

Cənab prezident, bizim ailəmiz həmişə sizin yürütdüyünüz siyasəti dəstəkləyib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Sizin davam etdirdiyiniz siyasətin Azərbaycanın inkişafında alternativsiz bir yol olduğunu anlayıram. Bu istiqamətdə Azərbaycan Prezidenti kimi Sizin üzərinizə nə qədər çətin bir vəzifənin düşdüyünü də bilirəm.

Ona görə də bu çox kiçik problemdən ötrü Sizə müraciət etməyə utanırdım. Amma iş tapa bilməməyim, çarəsiz durumda olmağım məni bu müraciəti yazmağa məcbur etdi. Vəzifə sahiblərinin qohumlarının işlədiyini görəndə, “onların qohumu var, mənim də Prezidentim var” – deyə fikirləşdim.

Cənab Prezident, sizin neçə-neçə vətəndaşlara köməklik etməyiniz heç kimin nəzərindən yayınmayıb. Mənə də kömək edəcəyinizə inanıram. Xahiş edirəm, müvafiq qurumlara mənim işlə təmin olunmağım üçün göstəriş verib mənim də ailəmi sevindirəsiniz.

Əvvəlcədən təşəkkür edirəm”.(Azpolitika)

Geri dön