Ana Sayfa > Region / Manşet > Hövsanda iki hesaba yığılan pullar
Hövsanda iki hesaba yığılan pullar15-12-2015, 10:29. Yazar: admin |
Bir müddət bundan əvvəl “Bizim Dövr”ün redaksiyasına ərizə ilə müraciət etmiş vətəndaş Şirməmməd Kazımov Bakının Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin bəzi vətəndaşlarla əlbir olaraq qanunsuz hərəkətlər törətməkdə və yaranmış mübahisəli vəziyyətdə qərəzli mövqey tutmaqda ittiham etmişdi. Təqdim olunan açıqlama əsasında qəzetimizdə dərc etdiyimiz materialda biz göstərmişdik ki, Şirməmməd Kazımov hələ 1993-cü ildə Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozu tərəfindən ona verilmiş 10 sot torpaq sahəsinin və bu sahədə tikilmiş evin alqı-satqısı barədə qohumu Əliyev Niyaz Məhərrəm oğlu ilə, 2003-cü ildə şifahi razılaşma əldə edib. Həmin razılaşma əsasında Niyaz Əliyev torpaq sahibinə 2500 ABŞ dolları məbləğində beh ödəyib. Bundan sonra Niyaz Əliyev Rusiyaya işləməyə yollanıb və bir də yalnız üç ildən sonra Azərbaycana dönüb. Lakin geri döndükdən sonra Niyaz Əliyev nə aralarında qalmış 1500 ABŞ dolları məbləğində pulu ödəməyə, nə də verdiyi behi geri almağa razılaşmayıb. Yalnız 2013-cü ildə, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Niyaz Əliyevin verdiyi beh özünə qaytarılıb, mübahisəli ev isə boşaldılaraq, yenidən Şirməmməd Kazımova təhvil verilib. Lakin bu qərardan sonra Niyaz Əliyev əldən çıxardığı evə görə, öz qohumunu davamlı olaraq narahat etməyə başlayıb. Hətta bu işləri daha təsirli etmək üçün, o, Şirməmməd Kazımovun evinin bilavasitə qonşuluğunda dövlətə məxsus 20 sot torpaq sahəsini qeyri-qanuni zəbt edərək, orada özünə ev də tikir. Şirməmməd Kazımov qonşuluqda qanunsuz ev tikilməsi faktını Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin diqqətinə çatdırır. Bu xüsusda şikayətçi bizə Ağasəlim Əliyev tərəfindən müxtəlif tarixlərdə imzalanmış 3 məktubun surətini təqdim edib. Bu məktublardan ikisi 28.03.2014-cü il və 22.12.2014-cü il tarixlərində Şirməmməd Kazımova və onun ailəsinə ünvanlanıb. Məhz bu iki məktubda təsdiq olunur ki, Niyaz Əliyev həqiqətən də dövlətə məxsus 20 sot torpaq sahəsini qanunsuz olaraq zəbt edib və üzərində yaşayış üçün ev tikib. Həm də məktublarda vurğulanır ki, həmin torpaq sahəsi vətəndaşdan geri alınacaq. Lakin aradan xeyli müddət keçsə də, buna əməl olunmur. Bundan sonra, Şirməmməd Kazımov artıq birbaşa Suraxanı RİH-nə müraciət edir. Təbii ki, icra hakimiyyətindən də məsələni araşdırmağı ehtimalla, Ağasəlim Əliyevə həvalə edirlər. Elə icra nümayəndəsinin 08.07.2015-ci il tarixində imzaladığı üçüncü məktub da məhz “araşdırmanın” nəticəsi kimi Suraxanı RİH başçısının 1-ci müavini Rəşad Hacıyevə ünvanlanıb. Amma məsələ bundadır ki, bu məktubun məzmunu Şirməmməd Kazımova göndərilən məktublardan kəskin formada fərqlənir. RİH-nə ünvanlanan məktubda Ağasəlim Əliyev yazr: “Məlumat üçün bildirirəm ki, Şirməmməd Kazımovun məqsədi müxtəlif bəhanələrlə konfliktdə olduğu qonşuları Dilşad və Niyaz Əliyevlərin oradan çıxarılmasına nail olmaq və onların istifadəsində olan torpaq sahəsinə sahib çıxmaqdır!” Aydın görünür ki, Ağasəlim Əliyev ya Şirməmməd Kazımova, ya da Rəşad Hacıyevə bilərəkdən yalan məlumat verib. Amma istənilən halda, icra nümayəndəsi bu yalan məlumatı öz şəxsi imzası ilə təsdiqləyib. Digər tərəfdən də isə, məhz sonuncu məktubun mətnindən məlum olur ki, Ağasəlim Əliyevin icra hakimiyyətini təmsil etdiyi ərazilərdə tam olaraq qanunsuzluq və özbaşınalıq hökm sürür. Əgər belə olmasaydı, vətəndaşların, həm də yerli sakinlərin deyil, digər bölgələrdə qeydiyyatda olan şəxslərin burya gələrək dövlətə məxsus torpaqlara belə asanlıqla sahib çıxmaları və hətta həmin sahələri öz aralarında mübahisə obyektinə çevirmələri normal hal kimi qəbul edilməzdi. Bu arada isə, bizimdovr.az-a başqa mənbələrdən gələn məlumatlarda da Hövsan qəsəbəsində müşahidə olunan məmur özbaşınalıqlarındann doğan şikayətlər öz əksini tapmaqdadır. Açıqlamalarda qeyd olunur ki, Ağasəlim Əliyevin törətdiyi qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət və sosial problemlər içərisində yaşamalarına səbəb olur. İlk növbədə məlumatlarda qəsəbədə həyata keçirilən pul yığımlarına dair ciddi narazılıqlar diqqəti cəlb edir. İddia olunur ki, icra nümayəndəsi qəsəbədə ev tikmək istəyən vətəndaşlardan iki hesaba pul yığır. Bu hesablardan biri guya ki, qəsəbənin fonduna aiddir və bura daxil olan vəsaitlər də Hövsanda abadlıq işlərinin görülməsinə məsrəf olunur. Qəsəbədə ev tikmək istəyən hər vətəndaş bu “fonda” 1000 manat mütləq ödəməlidir. Lakin bu pulların da əslində hansı ehtiyaclara məsrəf olunduğu heç kəsə məlum deyil. Çünki Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, indiyədək Hövsan qəsəbəsinin abadlaşdırılması üçün xeyli vəsait ayrılmışdır. Lakin həmin vəsaitlər təyinatı üzrə istifadə olunmamış, daha doğrusu xeyli hissəsi mənimsənilmişdir. Sakinlərin pul ödəməli olduqları ikinci hesab isə, artıq bilavasitə Ağasəlim Əliyevin özünə aiddir və bura mədaxil olunan pulun da məbləği qeyri-müəyyəndir. Yəni bu məbləği icra nümayəndəsi öz bildiyi kimi təyin edə bilər... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri dön |