Ana Sayfa > Partiya > Məhkəməsi gedən siyasilər də əfvə düşə bilər, əgər...
Məhkəməsi gedən siyasilər də əfvə düşə bilər, əgər...23-11-2015, 10:44. Yazar: admin |
İlin sonu yaxınlaşdıqca gündəmə gələn əsas mövzulardan biri əfvdir. İndiyə qədər Yeni il ərəfəsi əksərən belə sərəncamların şahidi olmuşuq. Siyasi məhbus ailələri bu günü səbirsizliklə gözləyir. Xüsusilə, Əfv Komissiyası və İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvlərinin əfv olacağı ilə bağlı açıqlamaları hər keçən gün ümidləri artırır. Əfvlə bağlı əsas müzakirə edilən mövzulardan biri də hazırda məhkəmə prosesləri gedən siyasilərdir. Bəzi məhbuslar barədə hökmlər çıxarılsa da, onlar apelyasiya mərhələsindədir. Bu sıraya qadın məhbuslar Leyla Yunus və Xədicə İsmayılı əlavə edə bilərik. Birinci instansiya mərhələsində olan məhbus da var. Bu, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovdur. Yeni ilə qədər adlarını çəkdiyimiz məhbusların məhkəmə proseslərinin bitib-bitməyəcəyi əsas suallardan biridir. Apelyasiya Məhkəməsinin Leyla Yunusun həyat yoldaşı Arif Yunus barəsindəki məlum qərarı əfv olacağı, yaxud gedən məhkəmə proseslərində məhbusların bəziləri barəsində müsbət qərarların veriləcəyi barədə söz-söhbətləri artırır. Prezidentə müraciət etməyən siyasilərin məsələsi yenə əsas müzakirələr sırasındadır. İndiyə qədər bu cür müraciət etməyən siyasi dustaqların nadir hallarda azadlığa buraxılmalarının şahidi olmuşuq. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı Yeni ilə qədər hazırda məhkəmələri gedən siyasilərin məsələsinin həll olunacağına ümid etmir: "Qərar apelyasiyadan sonra qüvvəyə minir. Açığı, Yeni ilə qədər bu məsələnin həll olunacağına inanmıram. Amma məsələnin həll yolları çoxdur. Sadəcə, siyasi iradəyə baxır. İstək varsa, həll olunacaq. Bunlar bir-birini tamamlayan məsələlərdir. Apelyasiya prosesi bitməyən məhbusun əfvə düşəcəyinə inanmıram. Hər bir məhbusun özü əfv ərizəsi yazır. Müəyyən şərtlər var. Əfvdə əsas cəzanın çəkildiyi müddət götürülür. Əfv Komissiyası adətən əfv ərizəsi yazmayan məhbusların işinə baxmır. Amma biz QHT-lər, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq birbaşa müraciət edirik. Ərizə yazmayan məhbuslar barəsində də müəyyən qərarların çıxmasını çox istəyirik. Əfv Komissiyası bu işlərə baxmaya bilər. Amma son söz ölkə başçısınındır". Xatırladaq ki, sonuncu əfv sərəncamı Novruz bayramında verilib. Həmin sərəncamla 4 siyasi məhbus azad olunub. Geri dön |