Ana Sayfa > Partiya > "Kim Qərbin daha çox dəstəyini alırdısa, hamıda təsəvvür yaranırdı ki, o, güclü liderdir"
"Kim Qərbin daha çox dəstəyini alırdısa, hamıda təsəvvür yaranırdı ki, o, güclü liderdir"6-04-2015, 09:32. Yazar: admin |
Bu ilin payızında ölkəmizdə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulsa da, ictimai-siyasi həyatda seçki hazırlığı hiss olunmur. Əvvəlki seçki illəri ilə müqayisədə bu il daha passiv, daha sönük situasiya yaranıb. Mövzu ilə bağlı "Reytinq"ə müsahibə Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa da ölkədə siyasi baxımdan süstlüyün olduğunu qəbul edir və bunun səbəblərini izah etməyə çalışıb: - Azərbaycanda parlament sistemi və seçkiləri ölkənin ictimai-siyasi həyatında hər hansı ciddi dəyişiklik ortaya qoymadığına görə, siyasi qüvvələr də buna ciddi hadisə kimi yanaşmırlar. Tutaq ki, parlamentdə hər hansı uğur qazanmaq ölkədə ümumi siyasi kursun müəyyən dərəcədə dəyişməsinə səbəb olmadığına görə, parlament institutu əhəmiyyətini itirib. İndi bundan qaynaqlanan bir passivlik var. Bir də siyasi qüvvələrin özləri də siyasi fəaliyyətə əvvəlki illərdən fərqli olaraq, daha ümidsiz yanaşma sərgiləyirlər. Hesab edirəm ki, bütün bunlar daxili faktorla bağlı deyil, həm də bir az xarici faktorla əlaqəlidir. Azərbaycanda çox vaxt hadisələrin dinamik inkişafına səbəb olan Qərbin müxtəlif institutlarının yaratdığı ümidlər idi. İndi faktiki olaraq, həmin ümidlər ortada yoxdur. Siyasi qüvvələr çox az hallarda daxili faktorlara söykənərək fəallıq göstərməyə meylli olurlar. Azərbaycan siyasəti hər dəfə iki istiqamətin müəyyən dərəcədə himayəsi altında özünü qabarıq göstərib. Birinci növbədə iqtidar və iqtidarı dəstəkləyən qüvvələrin fəallığı, burada daha çox hakimiyyətin qorunması istiqamətində çalışmalar olur. İkinci isə daha çox Qərb ölkələrinin dəstəyinə arxalanaraq, siyasi fəallıq nümayiş etdirən, səfirliklər tərəfindən stimullaşdırılan siyasi fəaliyyətdir. - Yeni situasiyanın yaranmasını mümkün sayırsınızmı? - İndiki halda yeni situasiyanın yaranması real görünmür. Bir də, siyasi qüvvələrdə ölkə daxilində qarışıqlıq yaranması təhlükəsini nəzərə alaraq, bir qədər ehtiyatlı yanaşma var. Yəni, ictimai-siyasi arenada belə bir təhlükə hiss edilir. Bu baxımdan da, hazırda ictimai-siyasi proseslərdə sönüklükdür. Sizinlə razılaşıram ki, əslində, parlament seçkiləri ili olduğundan aktivlik olmalı idi, amma qeyd etdiyiniz kimi, əvvəlki illərə nisbətən daha böyük süstlük müşahidə olunur. - Fazil bəy, ölkənin ictimai-siyasi mənzərəsini analiz edərkən iki tərəfdən danışdınız. Siz hansı tərəfdəsiniz? - Biz daha çox xalqı əsas götürüb, daxili resurslara arxalanaraq, addımlar atmağı düşünən tərəfik. Yəni, iqtidarın daxili siyasətindən müəyyən dərəcədə narazılığımız var. Bu siyasətin cəmiyyət həyatı üçün müəyyən problemlər qoyduğu, o problemləri çözə bilmədiyi düşüncəsindəyik. Xarici siyasətə isə müsbət yanaşırıq. Bunun da səbəbi odur ki, bölgədə qaynayan siyasi atmosferdə Azərbaycanın xariclə, başqa ölkələrlə müəyyən balanslı siyasətinin qorunması indiki iqtidarın xidmətidir. Müəyyən korrektələr olmaqla, biz də bu xarici siyasətə üstünlük verərdik. Ona görə də biz, daha çox daxildə potensialımız nədirsə, ona uyğun fəaliyyət istiqaməti seçmişik. Biz problemlərə daha real yanaşma ilə baxırıq. Bizim nə xaricdən gözləntimiz var, nə də iqtidardan hansısa tapşırıq gözləyirik. Daha müstəqil, xalqın resurslarına arxalanaraq, demokratik dəyişikliklər, konstitusion islahatlar şüarı ilə bu prosesə başlamaq istəyirik. Əslində, gücümüzü də bilirik, şişirtmirik ki, böyük potensiala sahibik. Parlament seçkilərində də hansısa uğur qazanmaq imkanlarımız məhduddur. Çünki hakimiyyətin maddi, inzibati və insan resrusları daha böyükdür. Bunun qarşısında duruş gətirmək elə də asan məsələ deyil. Amma bütün hallarda ölkədə müxalif fikrin, müxalif düşüncənin Azərbaycan siyasətində mövcud olması üçün bu parlament seçkilərinə əhəmiyyətli hadisə kimi baxırıq. Ona görə də seçkiyə ciddi hazırlaşırıq. - Bundan əvvəl də bir neçə dəfə seçkilərdən iştirak edib müəyyən uğur qazanmısınız, təcrübəniz də var. Necə düşünürsünüz, növbəti seçkidə daha çox yer qazanmaq imkanlarınız varmı? - Burda yer almaqdan daha çox, cəmiyyətə təsir imkanlarının artmasından söhbət gedir. Bizim cəmiyyətə təsir imkanlarımız kifayət qədər böyükdür. Bu imkanları bəlkə də mitinq sayğacı ilə müəyyən eləməkdə çətinlik çəkərik, amma bütövlükdə ictimai fikrə təsir eləmək, öz fikirlərimizin öncül modeldə təqdim edilməsinə, onun mənimsənilməsinə çalışmaq baxımından fəaliyyətimiz kifayət qədər genişdir. Bəlkə partiya olaraq, bu fəaliyyət hiss olunmur, amma fərdi qaydada Azərbaycan siyasətində həm televiziya, həm mətbuat, həm də sosial şəbəkə imkanlarından ən çox istifadə edən bir möqedəyik. Ona görə də yer qazanmaqdan daha çox, bu imkanların genişlənməsini düşünürük. - Ancaq həm mətbuatda, həm sosail şəbəkələrdə, həm də siyasi klurlarda ən çox tənqid olunan, fikirləri polemikaya səbəb olan, bəziləri tərəfindən qəbul olunmayan da Sizsiniz. Bu, nəyin nəticəsidir? - Bu, onun nəticəsidir ki, biz bütövlükdə iqtidarla savaş içərisində deyilik. Müxalifətin digər qanadları ilə də hər hansı problemimiz yoxdur. Bizim problemimiz Azərbaycandır. Düşünürük ki, Azərbaycan necə müasirləşə, necə dəyişə bilər. Bu dəyişikliyin dinc yolla gerçəkləşməsi modeli üçün tutduğumuz pozisi-yanın daha doğru müdafiə olunmasına üstünlük veririk. Yəni, bu gün mandatın bir, yaxud on beş olması o qədər də fərq eləmir. Fikrin daha çox yayılması önəmlidir. Ona görə də bu gün nələrsə etiraz doğurursa, o deməkdir ki, nələrsə həm də təsir edir, ictimai-siyasi mühitdə nələrinsə doğru getmədiyini insanlar qəbul eləməyə, ona müqavimət göstərməyə başlayıblar. Bizim üslubumuz odur ki, Azərbaycanın siyasi mühitində insanlarla, yaxud siyasi qüvvələrlə hər hansı bir şəkildə kin, nifrət üzərində qurulmayan, amma mövqelərin Azərbaycan cəmiyyətinin inkişafına gətirib çıxaran bir siyasət güclənsin. Əsasən buna üstünlük veririk. Ona görə də bütün imkanlardan istifadə etməyə çalışırıq. İstər sosial şəbəkələrdə, istərsə də parlament tribunasından səslənən fikirlərimizə müqavimət olsa da, bunlar məni qətiyyən narahat eləmir. Çünki hədəfimiz Azərbaycandır. İqtidar da bir dövrdən sonra dəyişə bilər, müxalifət də. Azərbaycanı mədəni, demokratik bir dünya ölkəsinə çevirmək vəzifəsi isə bizim üzərimizdə qalır. - Bu günə kimi əks fikirlər səslənib, amma məsələ ondadır ki, Azərbaycanda fərqli fikrin qəbul olunması tendensiyası yoxdur. Bu cür yanaşmalarınız bəzilərinə əsas verir ki, Sizi "sözəbaxan, amma müəyyən məqamda hansısa sözü icazəli deyən" obrazına girməkdə suçlayırlar. Sözəbaxanlıq obrazı situasiyaya uyğunlaşmaqdır, yoxsa... - Bilirsiniz, Azərbaycanın real mənzərəsi budur. Kimsə özünü kabadayı, lotu hesab edər və deyə bilər ki, istədiyimi edərəm. Amma mən, Azərbaycanın nə müxalifətində, nə ictimai-siyasi həyatında, nə də jurnalistikasında elə bir oğul görmürəm. Bunu deyənlərin çoxu ya həbsdən keçirlər, ya izolyasiya olunurlar, ya da ümumiyyətlə, siyasi mühitdə olmurlar. Yalnız reallıq hissini itirmiş adamlar deyə bilər ki, heç kimlə hesablaşmıram və istədiyim sözü deyə bilirəm. Biz Azərbaycan reallıqlarını dəqiq oxuyan insanlarıq. Ona görə də mövcud vəziyyətə uyğun fəaliyyət göstəririk. Əslində, dünyada da belədir. İndi Azərbaycan durub desin ki, Amerika ilə hesablaşmıram, çünki ədalətsiz dövlətdir, mən də istədiyimi edəcəm? Bunu heç Putin istədiyi səviyyədə edə bilmir. Demək istədiyim odur ki, reallığı görməzdən gələrək siyasətlə məşğul olmaq anormallıqdır. Biz qəhrəmanlıq, igidlik göstərmək, bunu kimlərəsə sübut eləməyə çalışmırıq. Bizim çalışmamız odur ki, bu reallığın içində nələrinsə faydalı istiqamətdə dəyişməsinə köməklik göstərək. Əsas məsələ budur. Kənarda müxtəlif cür qiymətləndirilə bilər, amma biz doğru bildiyimizi edirik. İndi siyasiləri qınayırsınız, amma eyni cəsarət jurnalistikada da yoxdur. Xarici ölkələrdə siyasətçi bir o qədər də qabarmır, amma bir jurnalist ölkə həyatında təlatüm yarada bilir. Azərbaycanda bu da yoxdur. Bu yoxdursa, deməli, ümumi bir mühit insanların fikirlərini bizim istədiyimiz şəkildə ortaya qoya biləcək səviyyədə deyil. Belə bir şəraitdə biz oyun qaydalarına görə ölkənin yaxşı istiqamətə yönəlməsinə çalışırıq. Bunun üçün qəhrəmanlıq etmədən də müəyyən işlər görmək olar. - Maraqlı bir məqama toxundunuz. 10-15 il əvvəl Azərbaycanın siyasi arenasında siyasi avtoritetlər var idi. Nə baş verdi ki, həmin siyasi avtoritetlərin çəkisi düşdü, yaxud yeni avtoritetlər meydana çıxmadı? - Bu gün Azərbaycanda siyasi avtoritetlər yoxdur. Əvvəllər kənar qüvvələrin, müəyyən dairələrin dəstəyi ilə kimlərsə önə çıxıb, avtoritetlik qazana bilirdi. O zaman hakimiyyət də bu dərəcədə güclü deyildi. Ölkədə hərbi müxalifət var idi, siyasi müxalifət mövcud idi, iqtidarın hansısa siyasi müxalifət qüvvəsinə qarşı sərt davranışı hərbi müxalifətin güclənməsinə səbəb olardı. Ona görə də iqtidar ciddi təzyiq göstərə bilmirdi. Bir də iqtidarın Qərblə dirəniş imkanları məhdud idi. İndi isə Azərbaycan daha fərqli bir pozisiyadadır, müstəqil iqtisadi layihə həyata keçirən bir ölkədir. Ona görə də Qərbdən gələn mesajlara icra anlayışı ilə yanaşmır. Belə bir vəziyyətdə daxildə də əvvəllər xarici faktora dayanaraq şişirdilmiş siyasətçi obrazları irəli çıxa bilmir. Bu gün həmin meydandır, həmin adamlarıdır, amma eyni qəhrəmanlığı göstərə bilmirlər, eyni avtoritetə sahib deyillər. Bunun səbəbi daha çox xarici faktorla bağlı idi. Kim Qərbin daha çox dəstəyini alırdısa, hamıda təsəvvür yaranırdı ki, o, güclü liderdir. Bu gün həmin liderlərin ortada olmaması göstərir ki, bu funksiyanı öz gücü, öz dinamikası ilə yerinə yetirməmişdilər. Bu baxımdan, biz həmişə ona fikir veririk ki, öz gücümüz, öz dinamikamızla hərəkət edək, nəyə gücümüz çatırsa, əvvəldən sonra qədər onun üzərində siyasətimizi quraq ki, sonra hansısa fors-major situasiyada sıradan çıxmayaq. - Fazil bəy, demək olar ki, mövcud durumu detalları ilə şərh etdiniz, tərəflərin qüvvələr nisbətini də bilirsiniz. Bütün bunları nəzərə alaraq, payızdakı seçkilərlə bağlı gözləntiniz nədən ibarətdir? - Bu ilin payızında keçiriləcək parlament seçkilərində iqtidarın qələbə qazanacağı birmənalı şəkildə qaçıl-maz olacaq. Çünki həm inzibati, həm maliyyə resursları baxımından hakimiyyət daha güclüdür. Həm də əhalinin passivliyinin kifayət qədər olması seçkidə hansısa dəyişikliyin olmayacağını deməyə əsas verir. Ümid edirəm ki, müxalifət qüvvələri çalışaraq, parlamentin tam iqtidarın inhisarında olan quruma çevrilməsinə yol verməməlidir. Təbii ki, müxalifət azlıq olacaq, amma təsir gücünə sahb olan azlığa çevrilmək üçün mübarizə aparmaq lazımdır. - O fikirlər də səslənir ki, budəfəki seçkilərdə parlamentin tərkibində xeyli dəyişiklik olacaq. Necə düşünürsünüz, bu dəyişiklikdən müxalifət nə qədər uduşlu çıxa bilər? - İndiki funksiyalarla, hazırkı statusla parlamentin mövcud olması və bu prinsiplə işləməsi nə xalqın, nə də hakimiyyətin xeyrinədir. Hakimiyyət çalışmalıdır ki, orada peşəkar, ölkənin gələcəyi barədə məsuliyyətlə düşünən insanlar daha çox olsunlar. Yəni, bunun üzərində çalışmaq lazımdır. Dəyişiklik kosmetik yox, mahiyyətcə olmalıdır, bir hazırlıqsız gənc kadrın yerinə başqa bir hazırlıqsız kadrı gətirmək, yaxud bir vəzifəli şəxsi, yaxud kiminsə himayəsində olan birini başqası əvəz edirsə, bununla, mahiyyətcə ölkəyə bir fayda dəymir. Hesab edirəm ki, daha peşəkar parlament formalaşdırılmalıdır. Bu gün parlamentin peşəkarlıq səviyyəsi bir o qədər də yüksək deyil. İqtidar çoxluqda olsa belə, çalışmalıdır ki, daha peşəkar çoxluğa sahib olsun, daha keyfiyyətli parlament formalaşsın. Diqqət edirsinizsə, bu gün elementar büdcə məsələsi, yaxud Nazirlər Kabinetinin hesabatı zamanı deputatı düşündürən odur ki, görənsən, 10 dəqiqə vaxt veriləcəkmi ki, çıxış eləsin. Millət vəkilinin çıxış vaxtını kəsmək, danışmağa imkan vermə-məklə parlamentin nüfuzunun aşağı salınması iqtidarın özünə daha çox ziyandır. Çünki ölkədə qanunverici orqanın nüfuzunun yüksək olması hər halda, hakimiyyət bölgüsü prinsipi baxımından da, ölkədə ümumi atmosferin demokratikləşməsi baxımından da faydalıdır. Geri dön |