Ana Sayfa > Partiya > Siyavuş Novruzovun arqumentləri dəstəkləndi

Siyavuş Novruzovun arqumentləri dəstəkləndi


4-04-2015, 11:04. Yazar: admin
Siyavuş Novruzovun arqumentləri dəstəkləndi
Serbiyanın paytaxtı Belqradda davam edən NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında “Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz” mövzusunda müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, seminarda Azərbaycan nümayəndə heyətinin tərkibində Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev təmsil olunublar.

YAP icra katibinin müavini Siyavuş Novruzov müzakirələrin detalları haqqında SİA-ya eksklüziv məlumat verib. Millət vəkili bildirib ki, ötən gün Kosova və Serbiya münasibətləri müzakirə olunub.

Serbiyadan olan nümayəndə heyətinin rəhbəri üzünü Azərbaycan, Gürcüstan və Ukrayna nümayəndə heyətinə tutaraq sual etdi ki, siz Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiyanın müstəqilliyini qəbul edə bilərsinizsə, biz də o zaman Kosovanın müstəqilliyini qəbul edək və tanıyaq: “Bu zaman söz bizim nümayəndə heyətinə verildi. Biz isə çıxışımızda ilk növbədə qoyulan bu məsələnin çox ağır bir mövzu olduğunu və bundan əziyyət çəkən ölkələrin düşdüyü vəziyyəti nümayəndə heyətlərinin diqqətinə çatdırdıq. Qeyd etdik ki, biz bu problemlə bu gün də yaşayırıq. Bu problemin adı separatizm, etnik təmizləmədir. Ona görə də biz onları daha yaxşı başa düşürük”.

Kosova nümayəndə heyətinin rəhbərinin verdiyi suala konkret cavab olaraq dedik ki, Azərbaycan nəinki Dağlıq Qarabağın müstəqilliyini tanımağı, hətta bu haqda düşünməyi belə ağlından keçirmir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz torpağıdır. Buraya ayrı-ayrı vaxtlarda, dövrlərdə qonşu ölkələrdən ermənilər köçüb yaşayıblar. Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız muxtariyyat verilməyindən söhbət gedə bilər, başqa bir variant keçərli deyil. Bundan başqa beynəlxalq hüququn iki prinsipi - öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü hüququ burada mühüm rol oynayır. Bu iki hüquq mövcuddur. Lakin öz müqəddəratını təyin etmək hüququ, ərazi bütövlüyü hüququnu pozmamalıdır”.

Bundan sonra Kosova nümayəndə heyətinin rəhbəri bildirdi ki, dünyada 200-ə yaxın dövlət BMT-nin üzvüdür. Biz isə ona cavabımızda dedik ki, amma dünyada 2 mindən artıq xalq var: "Əgər kompakt yaşayan bu xalqların, millətlərin nümayəndələri öz müqəddəratını təyin etməyi tələb etsələr, o zaman dünya xəritəsinin hansı formada olması aydın başa düşülə bilər”.

Siyavuş Novruzov seminarda qeyd edib ki, erməni xalqı öz müqəddəratını təyin edib. Baxmayaraq ki, bu da Azərbaycanın tarixi torpaqları hesabına olub və ermənilər öz dövlətini yaradıb: “Əgər hər yerdə kompakt yaşayan ermənilər bir dövlət yaratmaq eşqinə düşsələr, o zaman dünyada onlarla erməni dövləti olar. Məsələn, Kaliforniyada Ermənistan əhalisinin sayı qədər erməni yaşayır. Onda gərək ABŞ 51-ci ştat təsis etsin. Bunula belə Şimali Qafqazda, yəni Rusiyanın ərazisində kifayət qədər erməni yaşayır. Bu zaman onlar gərək Şimali Qafqazda bir dövlət qursunlar? Bu gün Ermənistandakı iqtisadi tənəzzül səbəbindən insanlar oranı tərk edir. Bu yaxınlarda rəsmi İrəvanda “Pulsuzluq və adamsızlıq” şüarı altında mitinq də keçirildi. Orada olan müxalifət Ermənistanda artıq 2 milyondan az insanın qaldığını bildirir. Çünki işğalçı ölkədə heç kim qalmır hamı köçüb gedir. Ona görə də hər bir yerdə belə bir şeyi yaratmaq qeyri-mümkündür. Bu baxımdan da etnik konfiliktlərlə əlaqədar məsələnin həlli yolları ancaq ərazi bütövlüyü çərçivəsində ola bilər”.

Millət vəkili əlavə edib ki, Kosovadan olan bir nümayəndə çıxış edəndən sonra ona cavabımda dedim ki, əgər Serbiya Kosovanın müstəqilliyini qəbul etməsə, onu Avropa İttifaqına qəbul etməyəcəklər: “Əgər Avropa İttifaqının və yaxud NATO-nun dəyəri öz milli maraqlarını qurban verib onun hesabına orada üzvülükdüsə, bizə belə bir üzvülük lazım deyil. Bizdə birinci növbədə milli maraqlar olmalıdır”.

YAP İcra katibinin müvini bildirib ki, çıxışdan sonra seminarda iştirak edən mərruzəçilər, iştirakçılar bizim qaldırdığınız bu məsələri dəstəklədilər: “Qeyd etdilər ki, söylənilən bütün bu fikirlər düzgündür. Yəni etnik münaqişələr ərazi bütövlüyü çərçivəsini poza bilməz”.

Geri dön