Ana Sayfa > Partiya > “Azərbaycan müxalifəti “907”nin hesabına varlandı”

“Azərbaycan müxalifəti “907”nin hesabına varlandı”


24-10-2015, 11:51. Yazar: admin
“Azərbaycan müxalifəti “907”nin hesabına varlandı”
1992-ci il Azərbaycanın taleyində, təəssüf ki, faciəvi və mənfi rol oynamış olaylarla zəngindir. Xocalı faciəsi, Şuşa və Laçının işğalı və s. bundan sonra yüz illərlə xalqımızın ruhuna və genefonduna ağır zərbə vurmuş dəhşətli olaylar idi. Yaxşı ki, həmin il torpaq və insan itkilərini heç cür əvəzləyə bilməyəcək, amma müsbət hesab edilən bir neçə hadisə də oldu: 1992-ci ilin martında Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv oldu, 1992-ci ilin avqustundan Rusiya qoşunları ölkədən çıxarılmağa başladı. Həmin ilin iyun-oktyabr aylarında isə AXC hakimiyyəti Ağdərə-Xankəndi və Şuşa-Laçın istiqamətlərində bir sıra uğurlu əməliyyatlar keçirərək Dağlıq Qarabağın xeyli hissəsini və Laçının əksər ərazisini işğaldan azad etdi.

ABŞ niyə cəbhəçi “demokrat”lardan üz döndərdi?

O günlər xalqın çox hissəsi eyforiyaya qapılaraq artıq qələbənin yaxın olduğuna inanır və AXC iqtidarını dəstəkləyirdi. Eyni zamanda, “Rusiyapərəst”, “partokrat” hesab edilən Ayaz Mütəllibov hakimiyyətini devirərək ölkəyə rəhbərlik hüququ qazanmış cəbhəçi “demokrat”ların sovet imperiyasının dağılmasında əsas rol oynamış ABŞ və Avropa tərəfindən tam dəstəklənəcəyinə, eləcə də “demokratik dünya ictimaiyyətinin” himayəsi ilə Ermənistanın işğalçı siyasətinin durdurulacağına da böyük ümid var idi. Amma uğurla başlanan “Laçın dəhlizi” əməliyyatı 1992-ci il oktyabrın əvvəlində Laçın rayon mərkəzinin cəmi bir neçə kilometrliyində müəmmalı şəkildə dayandırıldı. Bundan cəmi 10-15 gün sonra isə oktyabrın 24-də gözlənilmədən ABŞ Konqresi Azərbaycan dövlətinə yardıma qadağa qoyan məşhur 907-ci düzəlişi qəbul etdi. Bəs necə oldu ki, 1988-ci ildən bəri Azərbaycanda milli azadlıq hərəkatı adlanan proseslərə dəstək verən, 1988-ci ilin məşhur meydan hərəkatından sonra jurnallarından biri Azərbaycan xalqını “ilin ən qeyrətli xalqı” adlandıran ABŞ işğalçı Ermənistana arxa durdu? Düzdür, Ağ Evdə erməni lobbisinin təsiri böyükdür. Bəs dünyaya car çəkilən ədalət, demokratiya prinsipləri harada qaldı?
Rəsmi formada “Azadlığa Dəstək Aktına 907-ci Düzəliş” adlanan sənəd ilk dəfə 1992-ci ilin ilk aylarında “Azərbaycan tərəfindən Dağlıq Qarabağın ”işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə" senator Con Makkeyn tərəfindən təklif edilsə də, sonrakı müddətdə naməlum səbəblərdən geri qaytarılmışdı. Bundan sonra eyni təklif yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens tərəfindən konqresdə irəli sürülüb. O vaxtkı senator Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.



Ata Buşun qəbul etdiyini bala Buş müvəqqəti dondurdu...

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ konqresi prezident C.Buşa düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. Nəticədə sözügedən aktın tətbiqi indiyədək dondurulsa da, tam ləğv edilməməsi əslində işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz yanaşma və təhdid sayılır.
Sənəddə deyilir: “a) Prezident Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.
b) Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir".

“907”nin əsas təşəbbüskarının meyiti 10 il sonra Təl-əvivdə tapıldı...

“907”nin qəbulunda əsas rol oynamış şəxslər bu gün də Amerikada önəmli postlar tuturlar. Bu barədə ilk təklif verən Con Makkeyn ABŞ-ın məşhur senatorlarından olmaqla, Ukrayna münaqişəsinin qızışdırılmasında da böyük rol oynayıb. Həmin sənədin qəbulunda ermənilərə böyük dəstək vermiş o vaxtkı senator Con Kerri hazırda ABŞ dövlət katibidir. “907”nin qəbulunda önəmli yeri olan senator Cozef Bayden isə 2009-cu ildən vitse-prezidentdir. Amma ən maraqlısı ermənipərəst konqresmen Ueyn Ouensin taleyidir. Son dövrlər ABŞ-İsrail-Fələstin gizli “korrupsiya üçbucağı”nın təhqiqatı ilə məşğul olan, 1992-ci ilin martında Ermənistanda səfərdə olmuş və elə həmin il oktyabrın 24-də konqresdə “907” barədə bilavasitə təşəbbüs qaldırmış bu Amerika dövlət xadimi 2002-ci il dekabrın 18-də Təl-əvivdə naməlum şəraitdə qətlə yetirilmişdir...



Bill Klinton “907”nin ləğvi müqabilində Heydər Əliyevə nə təklif etdi?

Azərbaycan iqtidarı 1990-cı illərin ortalarından “907”nin ləğvinə dəfələrlə təşəbbüs göstərsə də, prezident Bill Klintonun dönəmində bu mümkün olmamışdır. Ancaq Klinton həmişə, prezident Heydər Əliyevlə görüşlərdə də özünü guya həmin sənədin ləğvinə çalışan kimi təqdim etməklə, riyakar bir mövqe tutmuşdur. Xarici mənbələrdə ABŞ dövlətinin ermənipərəstliyini sübut edən bəzi faktlar da ortalığa çıxır. Məlum olur ki, prezident postundan getməmişdən cəmi 3 gün öncə - 2001-ci il yanvarın 17-də Klinton Heydər Əliyevə məktub yazır ki, o, “907”ni ləğv etməyə hazırdır, amma bunun müqabilində Azərbaycan Qazax ərazisindən Ermənistana yol açmalıdır. Və bununla hegemon ölkənin prezidenti bir daha sübut edir ki, ötən illər ərzində o, yalnız Ermənistanın problemlərinin həllinə nail olmaq üçün “907”nin ləğvinə imkan verməmişdir...
Tarixi fakt budur ki, erməni lobbisinin təsiri ilə ABŞ konqresi Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarından sonra belə bir anti-Azərbaycan qərarını verib. Ancaq bu günədək “907”nin qəbul olunmasında AXC iqtidarını günahlandıranlar da var. Bu ilin əvvəlində mətbuata açıqlamasında Elçibəy hakimiyyətində təmsil olunmuş Müsavat Partiyasının başqanı Arif Hacılı bu cür ittihamları qəbul etmir: “907-ci düzəliş o zaman qəbul edilmişdi ki, artıq Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nin mühüm bir hissəsini azad etmişdi. Azərbaycan qoşunları Sırxavəndə qədər gedib çatmışdılar, Uludağda mövqe tutmuşdular. 907-ci düzəliş Elçibəy hakimiyyəti dövründə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələblərini özündə əks etdirən BMT qətnamələri ilə müqayisədə çox az təsirli bir qərar idi”.



“Konqresdə anladılar ki, AXC iqtidarı Moskvadan idarə olunur”

“907 -ci düzəliş cəmi 12 gün öncə Əbülfəz Əliyev və Boris Yeltsinin imzaladığı Rusiya və Azərbaycan arasında Dostluq, qarşılıqlı təhlükəsizlik və əməkdaşlıq haqqında müqavilədə Rusiyanın Azərbaycana lazımi məqamda qoşun yeritməsinə şərait yaradan bəzi müddəalara ABŞ Senatının ciddi reaksiyasının nəticəsi idi”. Bu iddianı isə siyasi analitik Tahir Cəfərli ortalığa qoyur: “Bu müqavilədən sonra ABŞ konqresində və Dövlət Departamentindəkilər anladılar ki, Azərbaycan iqtidarına “demokrat” adıyla gələnlər, əslində demokratiya ilə əlaqəsi olmayan, Moskvadan idarə olunan bir qurumdur. Amma AXC-nin hakimiyyətə gəlməsinə ABŞ da dəstək vermişdi və həmin dəstəyi o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəl həyata keçirmişdi. Bununla belə, Rusiya ilə sözügedən sazişdən sonra ABŞ “907” ilə AXC- hökümətini təmsil edənlərin üzərindən faktiki olaraq xətt çəkdi. “907”dən sonrakı qərarda deyilirdi ki, ABŞ dövlət yardımından Azərbaycan iqtidarı məhrum edilir, ancaq iqtidara müxalif qüvvələrə 100 milyon dollar ayrılır. Nəticədə çox maraqlı iqtidar-müxalifət oyunu başlandı. Və o da maraqlıdır ki, AXC hakimiyyətdən gedəndən sonra “müxalifət” adlanan keçmiş cəbhəçilərin yaratdığı partiyalar da həmin yardımdan yararlanmağa başladı. Bu gün müxalifət liderlərinin varlı-hallı olması da məhz “907”nin nəticəsidir”.
Politoloq Ərəstun Oruclu isə bizimlə söhbətində o dövrdə Rəhim Qazıyevin başçılıq etdiyi Müdafiə Nazirliyinin prezident Elçibəydən icazəsiz hücum əməliyyatları keçirməsinin də ermənilərə dəstəvuz verməsini vurğulayaraq dedi: “907-ci düzəlişin qəbul olunmasına əsas səbəb o dövrdə müstəqil dövlətçiliyin yeni formalaşdığı və hakimiyyət dəyişikliyinin yenicə baş verdiyi bir şəraitdə Azərbaycanda qeyri-stabilliyin baş qaldırmasından istifadə edən ABŞ-dakı erməni lobbisinin bu istiqamətdə ciddi fəaliyyəti oldu. Burada Qarabağda aparılan uğurlu hücum əməliyyatlarının ermənilərin daha da qıcıqlanmasına səbəb olmasının da rolu xeylidir. Məsələ burasındadır ki, o ərəfədə Azərbaycanda Rusiyanın nəzarətində olan silahlı qüvvələr var idi. Və həmin qüvvələrin başında duran o dövrkü MN də faktiki olaraq ermənilərlə sülh danışıqları aparan Elçibəy iqtidarına müxalif mövqedə idi. Və nəticədə Elçibəyin sülh təşəbbüsləri silahlı qüvvələrin bir hissəsi tərəfindən müqavimətlə rastlaşır və Ali Baş Komandanın razılığı olmadan hücum əməliyyatları həyata keçirilirdi”.
Politoloq Rusiya ilə 12 oktyabr 1992-ci il müqaviləsinin “907”nin qəbulunda həlledici rol oynamasını da inkar edir: ”İnanmıram ki, Elçibəy Azərbaycanın suverenliyini şübhə altına qoyan hansısa müqaviləyə imza atsın. Əksinə, həmin görüşdə Yeltsin israrla Rusiyanın bəzi hərbi hissələrinin Azərbaycanda qalmasını xahiş etsə də, Elçibəy bunu qətiyyətlə rədd etmişdi”.
Bəs görəsən, 907-ci düzəliş bu günədək Azərbaycana hansı siyasi və iqtisadi zərərlər vurub? Onun hazırkı rolu nədən ibarətdir? Və bundan sonra bu sənədin aradan qaldırılmasının Azərbaycan üçün hər hansı əhəmiyyəti ola bilərmi?
Analitik T.Cəfərli: “Hazırda “907” sənəd kimi Azərbaycan üçün heç bir əhəmiyyəti olmayan bir kağız parçasıdır, çünki bundan irəli gələn - müxalifətə kömək dayandırılıb. ABŞ-da çoxdan başa düşüblər ki, Azərbaycanda müxalifət yoxdur. 1990-cı llərin ortalarından 2000-ci ilin əvvəllərinədək Azərbaycan iqtidarı ABŞ-ın yenicə dirçələn ölkəyə yardımına nail olmaq məqsədi ilə 907-ci düzəlişin ləğvi üçün mübarizə aparırdı. O zaman bu düzgün mövqe idi. Çünki prezident İlham Əliyev də yalançı müxalifətin faktiki olaraq iç üzünü açdı və “907”-nin götürülməsi birbaşa Azərbaycan dövlətinə ABŞ-ın yardımınin artırılması demək idi. 2000-ci lin ortalarından isə Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafı və yardım alan ölkədən donor ölkəyə çevrilməsi ilə dövlətimiz üçün bu düzəliş artıq öz əhəmiyyətini itirdi. Amma “907”-nin işləməməsi “müxalifət” deyilən qurumun başına qapaz oldu, çünki onları müxalifət kimi qəbul etmədiklərindən, maliyyə yardımı da azaldılmışdı. Sadəcə olaraq ABŞ Departamenti öz maraqları çərçivəsində "müxalifətçilərlə" "demokratiya oyunu” oynamağı davam etdirməkdədir...”
“907”-nin sonrakı taleyi barədə isə T.Cəfərli belə düşünür: ”Əvvəla, bundan sonra ABŞ-n “907”-ni aradan qaldıracağı ağıla sığan deyil. Çünki Azərbaycan iqtidarı ABŞ-ın Azərbaycanda olan təsir agentlərinin fəaliyyətini qanunu şəkildə dayandırıb, hətta cəmiyyətdə stabilliyi poza biləcək fərdləri də qanun əsasında həbs edib. Və ABŞ Dövlət Departamentinin çağırışlarına baxmayaraq, onları azad da etməyib. Bundan əlavə, Azərbaycanın Rusiya ilə son zamanlar yaxınlaşması da ABŞ-ın ürəyincə deyil. Hətta “907” götürülsə belə, Azərbaycana ABŞ-ın ayırdığı yardım bir içim suya bənzəyər, onunla iqtisadi məsələləri həll etmək mümkün olmaz”.
Politoloq Ə.Oruclu “907”-nin təxminn 10 illik tətbiqindən Azərbaycana elə bir zərər dəymədiyini hesab edir: “Son bir neçə ili çıxsaq, Azərbaycan-ABŞ münasibətləri Ermənistanın bu super dövlətlə münasibətlərinə nisbətdə dəfələrlə yaxşı olub. Əgər 907-ci düzəliş elə bir ciddi gücə malik sənəd olsaydı, onda nə ABŞ şirkətləri ilə neft kontraktları imzalanar, nə də Bakı-Ceyhan neft kəməri işə düşərdi. Onda ölkələrimiz arasında terrorla mübarizədə əməkdaşlıq da olmazdı. “907” sadəcə təbliğat xarakteri daşıyan bir sənəddir. Onun bu gün üçün də elə bir əhəmiyyətini görmürəm”.
Ə.Oruclu da “907”nin nə vaxtsa aradan qaldırılmasına və bunun Azərbaycan-ABŞ əlaqələrində hansısa rol oynayacağına inanmır. “Amerika siyasətinin əsas prinsiplərindən biri “kökə və dəyənək”dir. Bu gün “907”nin dondurulması Azərbaycan üçün “kökə”dir. Amma “dəyənək” kimi işlənməsi lazım olsa, bu sənəd yenidən qüvvəyə minə bilər. Və təəssüf ki, Azərbaycanda ABŞ-ın bu dəyənəyinin işə düşməsini istəyən qüvvələr var”...

Geri dön