Ana Sayfa > Partiya > Sabiq deputatdan YAP-ın siyahısına etiraz...
Sabiq deputatdan YAP-ın siyahısına etiraz...17-09-2015, 09:31. Yazar: admin |
YAP deputatlığa namizədlərinin siyahısını açıqladı. 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil deputat olmuş, son seçkilərdə iddiasını YAP-ın namizədinin xeyrinə geri götürən Nazim Məmmədov bu dəfə də siyahıdan kənarda qaldı. O, 2010-cu ildə namizədliyini geri götürərkən, yuxarı dairələrdən növbəti seçkilərdə dəstək alacağı barədə vəd verildiyini qeyd etmişdi. Hakim partiyanın siyahısının ardından Nazim Məmmədovla söhbət etdik. O, adının olmamasına belə aydınlıq gətirdi: “Ümumiyyətlə, majoritar seçki sistemində siyasi partiyalar tərəfindən siyahılarının açıqlanması seçkiləri həyata keçirən qurumlara təzyiq kimi qiymətləndirilir. Beynəlxalq müşahidəçilərin, müxalifət partiyalarının hakimiyyətin öz resurslarından istifadə etməsi ilə bağlı fikirlər səsləndirmələrinə şərait yaradır. Mən yenə də fikirlərimdə qalıram ki, proporsional seçki sistemi olsaydı, belə siyahıların əleyhinə olmazdım. Seçki siyahılarının bu şəkildə təqdim olunmasını doğru saymıram. YAP-ın namizəd olacağım dairədəki addımını məntiqli sayıram. Hazırkı deputat Rafiq Məmmədhəsənov tanınmış YAP-çıdır, ”91-lər"dəndir. Onun adının yerinə mənim adım olsaydı buna təəccüblənmək olardı. Əslində o siyahıya mənim adımın da salınması üçün heç kimə də ağız açmamışam, hər zaman demişəm ki, mənə ən böyük dəstək mane olmamaqdır. Mane olmaq o zaman olur ki, kimsə inzibati resurslarından, vəzifəsindən istifadə edərək qutudan hansısa adama “mandat” çıxarır. Güman etmirəm ki, Gədəbəydə bu hadisələr baş versin, Rafiq müəllimin və ya mənim xətrimə demokratik seçkilərə kölgə salınsın. İnanıram ki, seçki əvvəlkilər kimi, demokratik şəraitdə keçəcək. Seçicilərin etimadını qazanmış şəxs qalib gələcək. Kimin adının olub-olmaması önəmli deyil, YAP-ın namizədi də, mən də hakimiyyəti dəstəkləyənlər sırasındayıq. Bəzi şəxslər adlarının siyahıya düşməsini mandat qazanmış kimi qəbul edirlər. Bu, yanlış fikirdir, əslində seçkiləri, seçiciləri saymamaqdır, siyasi hakimiyyətə böyük hörmətsizlikdir, hakimiyyətin imicinə böyük zərbədir. Bizim dairədən namizədliyi irəli sürülmüş şəxs və onu yerdə “dəstəkləyəcək” adamlar qanunları pozaraq qalib gələcəklərinə arxayındırlarsa, mən onları məyus etmək barədə düşünürəm. Seçicilər seçkiyə gəlib, istədikləri namizədə səs verəcəklər". N.Məmmədov əvvəlki seçkidən fərqli olaraq, bu dəfə sona qədər seçki prosesində iştirak edəcəyini açıqladı: “Məntiqlə, adət-ənənə, mənəviyyat baxımından YAP-ın indiki namizədi seçkidən geri çəkilməlidir. 2010-cu ildə mübarizəmi özüm üçün aparırdımsa, indi seçicilər üçün aparacam. Əslinə qalsa, bu dairədə mənim təbliğat aparmağıma ehtiyac yoxdur. Hörmətli Rafiq Məmmədhəsənov təbliğatımı kifayət qədər aparıb, öz fəaliyyəti ilə. Bu cəhətdən heç bir problemim yoxdur. Geri çəkilmək niyyətim yoxdur, ola da bilməz. Bu dəfə namizədliyimi geri götürəcəyimi kimsə düşünürsə, səhvdir, seçki gününə qədər nə baş verəcəyini proqnozlaşdırmaq olmaz, başımıza bir iş gəlməsə , sağlamlığımızda bir problem olmasa, seçkini müvəffəqiyyətlə başa vuracağıq. Xatırladım ki, hər iki rayondan təşəbbüs qrupları namizədliyimi irəli sürüb. ”Şınıx" və “Tovuz” Təşəbbüs Qrupları. Yəni öz təşəbbüsümlə seçkiyə qatılmamışam. Sentyabrın 15-də “Tovuz” Təşəbbüs Qrupu namizədliyimlə bağlı seçki dairəsinə bildiriş təqdim edib. “Şınıx” Təşəbbüs Qrupu MSK-nın tələblərinə uyğun olaraq, sənəd təqdim etməsinə baxmayaraq, qanunsuz şəkildə imtina edilib. Artıq Gədəbəydə Təşəbbüs Qrupuna qarşı ilk qanunsuz tələb irəli sürülüb. Bələdiyyə tam qanunsuzluğa gedib. Eşitdiyimə görə, qadın bələdiyyə sədri təşəbbüs qrupunun iclasına dəvət edilsə də, gəlməyib, iclas protokolunu təsdiq etməkdən boyun qaçırıb, əslində onun funksiyasını yerinə yetirən atasına müraciət etməyi, atası da öz növbəsində rayon icra hakimiyyətinin icazəsi olmadan heç bir sənədə imza atıb möhür vurmayacağını deyib. Hesab edirəm ki, baş verənlər insanların maariflənməsinin az olması ilə bağlıdır, mənə qarşı qərəz deyil. Təbii ki, bu seçicilərin seçki təşəbbüsünü əngəlləməklə bağlı həm MSK-ya, həm də Bələdiyyələrlə İş Mərkəzinə şikayətlər göndərilib". Geri dön |