Ana Sayfa > Partiya > Demokratiyanı okeanın o tayında axtarmayaq

Demokratiyanı okeanın o tayında axtarmayaq


10-08-2015, 11:19. Yazar: admin
Demokratiyanı okeanın o tayında axtarmayaq
Hər zaman demişəm və bir daha təkrar edirəm ki, ABŞ-ı düşündürən yeganə məsələ dünyanın müxtəlif bölgəsində mövcud olan enerji resurslarına sahiblənmək, təbii sərvətləri olan ölkələri daimi nəzarətində saxlamaq, bir sözlə maraqlarını reallaşdırmaqdır. Demokratiya, insan hüquq və azadlıqları, azad mətbuat falan-filan Ağ Evin heç qulağının dibinə də deyil. Bu, bir qədər sərt səslənsə də, əslində həqiqət daha da acıdır…

Xatırlayırsınızsa, Barak Obama ABŞ prezidenti postuna gətirilərkən siyasi proseslərdən bir o qədər də məlumatı olmayan, daha doğrusu hadisələri düzgün analiz etməyi bacarmayanlar iddia edirdilər ki, guya dini etiqadına görə müsəlman olan bu qaradərili dövlət başçısının gəlişindən sonra Ağ Evin, eləcə də digər Qərb ölkələrinin İslama olan münasibəti köklü surətdə yaxşıya doğru dəyişəcək. Yəni daha Avropada, həmçinin ABŞ-ın özündə müsəlmanlara düşmən gözündə baxılmayacaq, əcnəbilər "Allahu Əkbər" sözündən ehtiyat etməyəcək, bir sözlə zorla, müxtəlif iyrənc siyasi gedişlərdən sonra bizə yapışdırılan terrorçu dağması üzərimizdən götürüləcək. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Belə ki, Obama Ağ Evdəki kreslosuna oturar-oturmaz bəzən açıq-aşkar, bəzən də dolayı yollarla müsəlmanlara qarşı Corc Buşdan daha sərt addımlar atmağa başladı.

Bir çox yerli və əcnəbi politoloqlar da təsdiqləyirlər ki, bir neçə il öncə əksər İslam dövlətlərini əhatə edən və həmin ölkələri uçuruma yuvarlayan "Ərəb baharı"nın müəllifi məhz Obamadır. Yəni onun gəlişi ilə zəngin neft ehtiyatlarına malik olan bir neçə müsəlman ölkəsində demokratiya, söz və insan azadlıqları adı altında sözün əsl mənasında xaos yaradıldı. Budur, Misir, Liviya, Tunis, eləcə də Suriya və İraq hələ də özünə gələ birmir. Çünki onların dirçəlməsi, inkişaf etməsi güclü dövlətə çevrilməsi Ağ Evin maraqları çərçivəsində deyil. Ona görə ki, bu zaman onlar təbii sərvətlərindən özləri istifadə edəcək, xaricə satacaqları məhsulun həcmi və qiymətini sərbəst şəkildə müəyyənləşdirəcəklər. Məhz elə bu səbəbdən də ABŞ "Ərəb baharı" adlı ssenarisi ilə növbəti dəfə müsəlman qırğınına imza atdı və nəticədə bir neçə nəhəng neft ölkəsinə nəzarəti tam şəkildə ələ keçirməyə müvəffəq oldu.

Son proseslərdən sonra belə qənaətə gəlmək olar ki, indi Obama administrasiyası Türkiyəni hədəfə almaq niyyətindədir. Görünən odur ki, bir müddət öncə qardaş ölkənin uzun illərdən bəri mövcud olan problemin yoluna qoyulması istiqamətində PKK terror təşkilatı ilə apardığı danışıqlara əngəl törədən, daha doğrusu arı yuvasına çomaq soxan elə məhz ABŞ-ın əlaltılarıdır. Obamanın avqustun 5-də Ağ Evdə ölkənin 10 mətbuat orqanının təmsilçiləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də dolayı yolla bunu təsdiqləyir. Belə ki, "Huffington Post" nəşri iddia edir ki, görüşdə müzakirə olunan mövzulardan biri də Türkiyənin PKK və İŞİD terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar olub. Jurnalistlərin əməliyyatların narahatlıq yaradıb-yaratmadığı barədə sualına cavab olaraq, Obama belə deyib: "Türkiyə ilə İŞİD-in bölgədə sülh və asayişə yaratdığı təhlükə və bunların həlli barədə danışıqlar aparılır. Türkiyənin PKK hücumlarından özünü müdafiə etmək hüququ var. Ancaq hazırda həlli vacib olan İŞİD məsələsidir. Əcnəbilərin Türkiyə sərhədlərindən keçərək, İŞİD-ə qoşulmasının qarşısının alınması ən önəmli məsələdir. Türkiyənin həyata keçirdiyi əməliyyatların əsas hədəfi PKK yox, İŞİD olmalıdır. Bütün cəhdlər buna yönəlməlidir". Məhz bu açıqlamadan aydın şəkildə görünür ki, rəsmi Vaşinqton Türkiyənin PKK-ya savaş elan etməsindən, terror təşkilatını zərərsizləşdirməyə çalışmasından ciddi narahatlıq keçirir. Bu səbəbdən də Obama məsələni tamam başqa istiqamətə, yəni İŞİD-ə doğru yönəltməyə çalışır. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Ağ Evi terrorla mübarizə, insan azadlığı, demokratiya-filan deyil, məhz şəxsi çıxarları maraqlandırır. Odur ki, gəlin, azadlığı, demokratiyanı okeanın o tayında axtarmayaq və əcnəbilərdən nəsə gözləməyək. Çünki onlar bizə yaxşı heç nə verən deyil!

Vazeh Bəhramoğlu

Geri dön