Ana Sayfa > Partiya > “Son vaxtlar sahibkarlar aqressiv formada talan olunur”

“Son vaxtlar sahibkarlar aqressiv formada talan olunur”


9-03-2015, 14:54. Yazar: admin
“Son vaxtlar sahibkarlar aqressiv formada talan olunur”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzularıyla bağlı Moderator.az-ın suallarını cavablandırıb:

Qüdrət bəy, hər dəfə parlament tribunasından və müsahibələrinizdə siyasi məhbus hesab olunan şəxslərin azadlığa buraxılmasının zəruriliyini bildirsəniz də nəinki prezident, hətta administrasiya rəsmiləri səviyyəsində reaksiya bildirilmir, hamı bu məsələnin üstündən sükutla keçməyə üstünlük verir.

-Əlbəttə, təəssüf edirəm ki, reaksiya yoxdur. Mən heç, bunun ictimaiyyət üçün bir əsaslandırılması olmalıdır ki, niyə bu insanlar azad olunmur. Axı biz görmüşük ki, bəzən onların törətdiyi cinayətlərdən də ağır cinayət törətmiş şəxslər əfv olunublar. Dəfələrlə demişəm, niyə biz beynəlxalq təşkilatlara bəhanə veririk ki, Azərbaycana qarşı kampaniya aparsınlar, xalqımız və dövlətimiz barədə Avropa ictimaiyyətində mənfi fikir formalaşdırsınlar? Axı müharibə vəziyyətində olmağımıza baxmayaraq böyük xərclər və zəhmət hesabına ölkəni yaxşı mənada tanıtmaq, təqdim etmək üçün Birinci Avropa Oyunlarını Azərbaycanda keçiririk. Yəni ölkəni dünyaya təqdim etmək üçün bu tədbir bir tarixi şansdır. Belə olduğu halda niyə imkan verməliyik ki, bizim 5-10 cinayət törətmiş vətəndaşımıza görə Azərbaycana qarşı çirkin kampaniya aparanlar bəhanə əldə etsinlər? Hesab etmirəm həmin insanlar cəmiyyət üçün o qədər təhlükəli şəxslərdilər ki, onların azad olunmasıyla ölkədə hər hansı formada gərginlik yaşansın, siyasi sabitlik pozulsun, vətəndaş qarşıdırması təhlükəsi yaşansın. Yaxud bunlar şəxsiyyət əleyhinə cinayət törətmiş residivistlər deyillər ki, onların azadlığa buraxılması başqa ağır cinayətin törədiləcəyinə şərait yarada bilər. Elə ona görə də mən dəfələrlə məsələ qaldırmışam ki, bu insanları azad etmək lazımdır. Biz elə etməliyik ki, yayda dünyanı heyrətləndirəcək gözəl bir tədbir keçirə bilək. Qoyulan o xərclər batmasın, çəkilən zəhmətlər hədər getməsin. Görürsünüz ki, Mehriban xanımın özü 1-ci Avropa Oyunlarının Avropada təqdimatı üçün nə qədər zəhmət çəkir, nə qədər xərclər çəkilir bu işin görülməsi üçün. Belə bir vəziyyətdə sözün doğrusu, mən izah tapa bilmirəm ki, həmin şəxsləri niyə inadkarlıqla azad etməkdən imtina edilir. Parlamentin sonuncu iclasında da gördünüz ki, ombudsmana müraciət edərək şəxsi nüfuzundan istifadə etməsini və bu məsələni qaldırmasını xahiş etdim. Çünki gördüm ki, ombudsmanın hesabatında bu məsələ öz əksini tapmayıb və bunun üzərindən sükutla keçib. Sanki ölkə belə bir problemlə üz-üzə deyil. Hansı ki, nəinki bütün beynəlxalq təşkilatlar, artıq bəzi ölkələr də bu kampaniyaya qoşulublar.

-Ombudsmanın şəxsi nüfuzundan istifadə etməsi ifadəsini işlətdiniz. Amma gəlin razılaşaq ki, bu gün ombudsmanın nüfuzu adi iqtidaryönlü hüquq müdafiəçisinin nüfuzundan artıq deyil. Gəlin razılaşaq ki, başqa ölkələrdə ombudsmanlar nüfuzları və ictimai rəyə təsir imkanlarına görə hətta ölkə rəhbərlərini inadından döndərə bilirlər.

-Sizinlə razı deyiləm. Sizin məntiqinizlə məsələyə yanaşılanda onda deputat da heç kimdir, nazir də. Qəbul etmək lazımdır ki, ölkədə bir reallıqlar var və bu ölkənin ombudsmanı Elmira xanımdır. O da bu məsələdə bir az fəal olsa və bir az da bu iqtidarı çox istəsə, yəni ölkədəki proseslərin ağrısız, sivil qaydada inkişafını istəsə, o halda bəzən hətta iqtidarın ürəyincə olmayan, amma əslində xalqın və hakimiyyətin maraqlarına cavab verən məsələləri qaldırsa çox şeyə nail ola bilər. Hesab edirəm ki, o bunu edə bilər, ona görə də mən ona müraciət etdim ki, şəxsi nüfuzundan istifadə etsin. Burada söhbət Elmira Süleymanovanın bir vətəndaş kimi nüfuzundan getmir, ombudsman kimi böyük bir konstitusion vəzifə daşıyır. Ona görə də ümid edirəm ki, Novruz bayramında biz hamının səbrsizliklə gözlədiyi növbəti əfv fərmanının imzalanmasının şahidi olacağıq. Yaxud 28 May Respublika Günündə də belə bir humanist qərarın verilməsi mümkündür. Yəni 1-ci Avropa Oyunlarına qədər istisnasız olaraq azad olunması tələb edilən şəxslərin hamısı ya azad olunsun, ya da barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Yəni bu məsələdə beynəlxalq birliklə qarşıduramaya getməyin mənasını mən heç cür anlamıram. Parlamentdə mənim çıxışıma cavab verildi ki, bu şəxslər azad olunsa bu dəfə Azərbaycanı istəməyən həmin xarici güclər başqa bir bəhanə tapacaqlar, amma gərək biz də həmin bəhanələri də verməyək.

-Deputat həmkarınız Fazil Mustafa nazirlərin saymazyana davranışını tənqid edərək belə bir müqayisə də apardı ki, bu gün deputatın nazirlə təmas qurması Kamçatkada hərbi xidmət keçməyə bərabər bir şeydi. Zaman-zaman Siz də bu məsələni müsahibələrinizdə və parlament çıxışlarınızda qabartmısınız. Amma yaxşılığa doğru heç bir dəyişiklik yoxdu. Sahibkarlar qan ağlayır, deputatdan imdad diləyir, deputatsa naziri tapıb heç olmasa ürəyini boşalda bilmir...

-Yeri gəlmişkən, mən parlamentin son iclasında o məsələni yenə də qaldırdım. Xatırlayırsınızsa, o zaman mərhum prezident Heydər Əliyev ölkədə sahibkarlıq mühitini yaxşılaşdırmaq üçün belə bir göstəriş vermişdi və bu qanunla da müəyyən olunmuşdu ki, Vergilər Nazirliyi istənilən an gedib sahibkarı yoxlaya bilməz. Nəinki yoxlaya bilməz, heç gedib o binaya girə bilməz. Yəni qanunla dəqiq müəyyənləşib ki, sahibkar ildə neçə dəfə yoxlanıla bilər və hansı hallarda hansı yoxlama aparıla bilər. Vergilər Nazirliyi yalnız qanunla müəyyən olunmuş müddətdə sahibkarın fəaliyyətini yoxlaya bilər. Digər dövlət orqanları isə ümumiyyətlə, heç biri bir sahibkara yaxınlaşa bilməz. Vaxtilə Heydər Əliyev bununla bağlı həmin dövlət qurumlarına barmaq da silkələmişdi ki, biriniz bir sahibklara yaxınlaşa bilməzsiniz. Yalnız hansısa cinayət işiylə bağlı hansısa sahibkarın fəaliyyətini yoxlamaq zərurəti yaranarsa o halda həmin cinayət işinin istintaqını aparan orqan Vergilər Nazirliyinə müraciət etməlidir ki, həmin sahibkarın maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılsın və onun nəticələri istintaqı aparan hüquq-mühafizə orqanına təqdim olunsun. Amma biz indi nəyi müşahidə edirik? Çox müxtəlif dövlət orqanları sahibkarıların fəaliyyətinə müdaxilə edir. Nəticədə də sahibkarlar çətin duruma salınıb, xüsusilə son 3 ay ərzində bu daha çox hiss olunur, ona görə ki, bizə müraciətlərin sayı artır. Biz görürük ki, sahibkarlar çox əziyyət çəkirlər. Sahibkarların fəaliyyyətinə bu formada müdaxilə sonda ölkədəki iqtisadi və sosial durumu xeyli pisləşdirəcək. Ona görə ki, xalqı əsas saxlayan kiçik və orta sahibkarlardı. Camaata çörək verən, onları dolandıran bunlardı. Sahibkarlıq mühiti də korlandıqca bu onlarla, yüzlərlə ailənin çörəksiz qalmasıyla nəticələnəcək. Çünki tutaq ki, əgər əvvəllər bir kiçik sahibkar 5 ailəni dolandırırdısa, 10 nəfərə də iş verirdisə, indi nə qohum-əqrəbasına kömək edə, nə 10 nəfər işçi saxlaya biləcək. Əgər gəlirlərinin böyük bir hissəsini tutub əlindən alırlarsa, bunun ağır fəsadları qaçılmaz olacaq. Hələ ola bilsin ki, hərənin əlində bir az vəsait var deyə xərcləyirlər, amma 2-3 aydan sonra bu məsələnin qarşısı qəti şəkildə alınmasa vəziyyət pisləşəcək. Mən bunu deməkdən çəkinmirəm və bilirəm ki, son vaxtlar sahibkarlar aqressiv formada talan olunur. Bunun qarşısı alınmasa hamımızın sərnişini olduğumuz Azərbaycan adlı gəmini aşkar təhlükə gözləyir. Mən bu təhlükəni görüb hiss edirəm, ona görə də indidən müvafiq dövlət orqanlarını xəbərdar edirəm. Yəqin onların da hər biri dəqiq bilir ki, Qüdrət Həsənquliyev həmişə maksimum dərəcədə obyektiv olmağa çalışıb və bilirlər ki, bunu deyirəmsə, qərəzdən deyil, doğrudan da bir narahatçılıq var ki, bunu belə kəskin formada dilə gətirir.

-Vətəndaşların müraciətinə saymazyana davranış...

-Ona qayıdıram. Mən bu barədə də dəfələrlə söyləmişəm, əgər hansısa nazirlə şəxsi münasibətin yoxdursa ona hansısa formada müraciət etmək doğrudan da çətin və müşkül məsələdir. Baxmayaraq ki, “Deputat statusu haqqında” qanuna görə millət vəkili hər hansı bir vəzifəli şəxsə müraciət edərsə o dərhal qəbul olunmalıdır, hələ mən telefonla danışmağı bir kənara qoyuram. Amma bizdə nəinki qəbul olunmaq, heç telefonla da danışmaq mümkün deyil. Zəng edirsən, köməkçi götürüb deyir ki, yerində yoxdur. Yaxud deyir ki, yanında adam var, biz sizinlə əlaqə yaradarıq, sonra da heç kim səninlə əlaqə yaratmır. Bəzi nazirlər var ki, heç olmasa sağ olsunlar, özləri telefona cavab verməsələr də müavinləri zəng edib əlaqə yaradır və deyir ki, siz birinci şəxsə zəng etmişdiniz, müraciətiniz nə ilə bağlıdır? Yəni heç olmasa müavinləri deputatın zəngiylə maraqlanırlar. Açıq söyləyirəm ki, bu mühit aradan qaldırılmalıdır. YAP-dakı şəxslərin biri bunu danışıb. Bir dəfə mərhum prezident Heydər Əliyevin yanında iclas keçirilirmiş. Orada Milli Məclisin komitə sədrləri də iştirak edirmiş. Heydər Əliyev o vaxtkı ərazi idarəetmə orqanlarıyla iş şöbəsinin müdiri Yusif Hümbətovu ayağa qaldırır ki, mənə çatan məlumatlara görə millət vəkilləri icra başçılarından narazıdırlar. Bunun səbəbi nədir? Yusif Hümbətov da deyib ki, deputatlar icra başçılarından qanunsuz xahişlərdə bulunurlar, ona görə də belə bir gərginlik yaranır. Heydər Əliyev də onun üstünə qışqıraraq deyir ki, icra başçılarının gördüyü işlərin hamısı qanuni oldu, deputatın etdiyi müraciət qanunsuz oldu? Ola bilsin ki, bu xahişlərin biri-ikisi həqiqətən də qanunsuz olub, ola bilməz ki, deputatların müraciətlərinin hamısı qanunsuz ola. Ona görə də hesab edirəm ki, bizdə bəzi hallarda qanunlara məmurlar tərəfindən sayğı göstərilməsində ciddi çatışmazlıqlar olduğuna görə bir çox hallarda bu tip problemlərin həlli təkcə mükəmməl qanunlar qəbul etmək deyil. Neçə ki, ənənə formalaşmayıb inzibati qaydada ierarxiya üzrə yuxarıdan sərt göstərişlərin verilməsi daha effektli olur. Yəni dövlətçilik ənənələri formalaşana və oturuşana qədər inzibati tənzimləməyə gedilməlidir. Başqa bir səbəbsə biz millət vəkilləri olaraq gileylənirik, amma burda həqiqətən özümüzdə də günah az deyil. Günah da ondan ibarətdir ki, Milli Məclisin istənilən naziri parlamentin komitə və plenar iclaslarına dəvət etmək, onlardan bu və ya digər məsələ ilə bağlı hesabat istəmək səlahiyyəti var. Amma biz ildə cəmisi bircə gün hökumətin hesabatını dinləyirik, həmin məhdud zaman çərçivəsində bir o qədər deputatın münasibət bildirməsi də mümkün deyil. Nəticədə hökumət üzvləri özlərini parlament qarşısında məsul görmürlər. Amma onlar fərdi qaydada dəvət olunsa, baxmayaraq ki, bu təşəbbüslər də olub, amma təəssüf ki, Milli Məclis bu ənənələri yaratmayıb, sonda da özümüz və seçicilərimiz bundan əziyyət çəkirik. Amma nazirlərin parlament qarşısnda fərdi hesabatlılğı təmin olunsa sizi əmin edirəm ki, vəziyyət kəskin formada yaxşılığa doğru dəyişər. Ona görə də bir daha deyirəm ki, bu məsələdə deputat həmkarlarımın təqsiri çoxdur.

-Sizin deputat həmkarlarınız ayda iki dəfə keçirilən iclaslarda oturmağa belə səbrləri çatmır. Tezbazar gündəlikdəki məsələləri yekunlaşdırıb qaçmaq istəyirlər. Bunu hər iclasda görürük...

-Haqlısınız. Siz də jurnalistlər olaraq görürsünüz ki, bir çox hallarda yerdən sədarətə təzyiq edirlər ki, tez olun iclası yekunlaşdıraq. Ayda cəmisi iki iclas keçirilir, onu da yola vermək istəyənləri görürsünüz. Kim ki, iclasda oturmaq istəmir, rəhbərlik də bunu görməli və bu insanları qeydə almalıdır. Seçiciləri də bundan məlumatlı olmaldır ki, onun seçdiyi adam iclaslarda sonadək oturmağı belə özünə rəva görmür. O zaman bunu niyə zorla seçib parlamentə göndəriblər? Deputatlıq titul və ya bir rütbədirmi ki, ömrü boyu daşısınlar? Ona görə də bu istiqamətdə də vəziyyətin dəyişməsi üçün zəruri addımlar atılmalıdır.

Geri dön