Ana Sayfa > Partiya > Seçkiyə 3 ay qaldı – partiyalar nə işi görür?
Seçkiyə 3 ay qaldı – partiyalar nə işi görür?29-07-2015, 11:03. Yazar: admin |
Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə 3 aydan bir qədər çox vaxt qalıb. Hakim Yeni Azərbaycan Partiyası seçkilərə bir il öncədən hazırlaşdığını və bütün dairələrdən namizəd irəli sürəcəyini açıqlayıb. Nəzərə alsaq ki, ötən seçkidə də qalib gələn hakim partiyaya nəzərən müxalifət partiyaları sükuta qərq olub. Hətta bəzi partiyaların seçkiyə qatılıb-qatılmayacağı belə məlum deyil. AzVision.az müxalif düşərgədə parlament seçkilərinə hazırlığın nə yerdə olduğu ilə maraqlanıb. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə deyir ki, hazırda partiya seçkiyə hazırlıqları davam etdirir: “Artıq rayon təşkilatlarında seçkiyə müvafiq hazırlıqlar gedir. Eyni zamanda biz seçkidə iştirak edəcək namizədlərimizi müəyyənləşdirməklə məşğuluq. Hazırlıqlarımız başa çatdıqdan sonra daha geniş məlumat yayacağıq”. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, seçkiyə partiya olaraq “Azadlıq 2015” seçki blokunun tərkibində qatılacaqlar: “Ancaq partiyanın hüquqi qərarı avqustun ikinci yarısında keçiriləcək məclisin toplantısında veriləcək. Bununla belə hazırda “Azadlıq 2015” seçki blokunda təmsil olunuruq və ora 40-dan artıq namizəd təqdim etmişik. Ancaq, partiya seçkiyə təkbaşına qatılsaydı, 60-dan artıq namizədimiz olacaqdı. Blok daxilində təftiş işləri aparılacaq. Ona görə də partiyanın seçkiyə neçə nəfərlə qatılacağını indidən söyləyə bilmərəm. Yəni, biz daha layiqli namizədlərin blokun namizədinə çevrilməsini hədəfləyirik” Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, partiya seçkidə çox sayda namizədlə iştirakı planlaşdırmır: “Partiya seçkiyə Ümid Partiyası ilə birlikdə “Qarabağ” seçki blokunun tərkibində qatıla bilər. Ancaq bu məsələ müzakirə olunacaq. Seçkidə blok şəkilində qatılma məsələsi dəqiqləşdikdən sonra namizədlərimiz razılaşdırılacaq”. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib ki, partiya seçkidə iştirakla bağlı qərar qəbul edib: “Bu gün biz seçkiyə təkbaşına gedirik. Amma blok şəkilində qatılma məsələsi də açıqdır. Çünki, bizə bloklarda iştirak etməklə bağlı təkliflər var. Hələ bu məsələ barədə qərar verməmişik. Bununla belə hazırda dairələr üzrə monitorinqlər aparılır və namizədlərimizin müəyyənləşməsi prosesi gedir. Namizədlərimiz arasında gənclər üstünlük təşkil edəcək. Eyni zamanda biz şanslı namizədlərə üstünlük verəcəyik”. Partiya sədri hesab edir ki, AMİP bu seçkidə mandat qazanaraq parlamentdə təmsil olunacaq: “Bu barədə öhdəlik götürürəm. Çünki, bu gün biz bütünük, təşkilatlanmışıq və seçkiyə hazırıq”. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə bildirib ki, partiya seçkilərdə iştirakla bağlı işə avqustun 1-dən etibarən başlayacaq: “Seçki ilə bağlı mühüm işlər görməyəcəyik. Çünki, bizdə köhnə komandadır. Ona görə də bizə yeni heç nə lazım deyil. Seçkiyə 3-5 nəfər namizədlə qatılacağıq. Çünki, çox sayda namizədlə iştirak üçün maddi imkanlarımız yoxdur”. Ədalət Partiyasının (ƏP) Aparat rəhbəri Mütəllim Rəhimlinin sözlərinə görə, partiyada seçkiyə qatılmaqla ümumi fikir olsa da, son qərar avqustun sonunda keçiriləcək Ali Məclisin toplantısında veriləcək. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublunun fikrincə, hazırda partiyanın gündəmində duran əsas məsələ qurultaya hazırlıqdır: “Bununla belə seçkiyə hazırlıq gedir. Dairələrdə vəziyyət dəyərləndirilir. Biz səs almağı bacaracaq namizədlərlə seçkiyə qatılmağı düşünürük. Bununla belə qeyd edim ki, partiya “Azadlıq 2015” seçki blokunda da təmsil olunur. Təbii ki, o partiyaların da namizədləri var. Ancaq bu məsələlər blok daxilində müzakirə olunduqdan sonra qərar veriləcək”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir: “Artıq müəyyənləşmiş namizədlər öz dairələrində vəziyyəti araşdırır. Seçki elan olunduqdan sonra namizədlərin təsdiqlənməsi baş tutacaq. Bununla belə biz partiyanın seçki platformasının hazırlanması işini davam etdiririk”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının sözlərinə görə, hazırda partiyanın namizədləri müəyyənləşdirilir: “Artıq bizim 70-ə yaxın namizədimiz müəyyənləşib. Amma, namizədlərimizin sayı arta bilər. Namizədlərimiz partiyanın rəhbər strukturunda təmsil olunan şəxslərdir. Bundan başqa seçkilərdə BAXCP üzvü olmayan şəxslər partiyanın təmsilçisi kimi seçkilərə qatıla biləcəklər. Bunun üçün onlar BAXCP-yə ərizə ilə müraciət etməlidirlər”. Geri dön |