Ana Sayfa > Partiya > Əli Kərimlinin müavininin qəfil gedişinin daha bir sirri

Əli Kərimlinin müavininin qəfil gedişinin daha bir sirri


10-07-2015, 13:29. Yazar: admin
 Əli Kərimlinin müavininin qəfil gedişinin daha bir sirri
Xəbər verildiyi kimi, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib. Gənc müavinin mətbuata bomba kimi düşən qəfil istefası təsdiqlənəndən sonra əsas maraq doğuran məsələ bu addımın səbəbləridir. Getdikcə səbəblər aydınlaşmağa başlayıb.


Belə ki, AXCP daxilindən “Yeni Müsavat”a məlum istefa ilə bağlı üç mənbədən məlumat daxil olub. Birinci mənbədə Ə.Qurbanlının istefası ilə bağlı ilginc iddialar var. Belə ki, onun AXCP Ali Məclisinin sədri Həsən Kərimovla davasına görə istefa verdiyi deyilir. Davaya səbəb kimi isə hazırda həbsdə olan AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi göstərilib. Bildirilir ki, S.Həziyə həbs olunduqdan sonra “Azadlıq”da aldığı əmək haqqından əlavə partiya tərəfindən müavinət ayrılıb. Qurumun son iclaslarının birində Həsən Kərimov S.Həziyə ayrılan əlavə müavinətə etiraz edərək, kəsilməsini tələb edib. Ə.Qurbanlı buna öz etirazını bildirib. Nəticədə tərəflər arasında ciddi narazılıq yaranıb. Sonda Əli Kərimli Həsən Kərimovu müdafiə edib. Bu isə gənc müavinin qərarını qətiləşdirməyə səbəb olub.

İkinci mənbənin məlumatında da hər iki şəxsin arasında olan dava və Əli Kərimlinin Həsən Kərimovu müdafiə etdiyi faktı təsdiqlənib. Üçüncü mənbənin fikirləri ilə əvvəlki iki mənbənin dedikləri arasında isə fərqli və oxşar cəhətlər var. Doğrudur, hər iki partiya funksioneri arasında olan dava təsdiqlənir. Amma H.Kərimovun gənc müavinə qarşı əlində screenlərin olduğu və həmin screenləri Ə.Kərimliyə verdiyi deyilir. Bundan sonra bütün etimadları itirən gənc müavinin istefaya getməyə məcbur olduğu deyilir. Göründüyü kimi, hər üç mənbə dava faktını təsdiqləyir. Demək, istefada bu izlər daha inandırıcı görünür.

Qeyd edək ki, Ə.Qurbanlının istefasından sonra “Azadlıq” qəzetinin 30 oktyabr 2014-cü il sayında getmiş “Əbülfəz Qurbanlı izlənilir” başlıqlı yazı diqqəti daha çox cəlb edib. Yazıda Ə.Qurbanlının Milli Şuranın üzvü Eldəniz Quliyevin məhkəməsindən sonra avtomobilinin “Nissan Sani” markalı 90 MH 268 nömrə nişanlı avtomobil tərəfindən izlənildiyi qeyd olunurdu. Ə.Qurbanlı da faktı təsdiq etmişdi. Onun izlənilməsi ilə bağlı fikirlərində bu hissəyə diqqət çəkməmək mümkün deyil.

Həmin hissəni təqdim edirik: “Bu maşın günlərlə 20-ci sahədə bizim evin yaxınlığındakı avtomobil dayanacağında dayanıb gözləyirdi. İçində tanıdığım bir nəfərdən əlavə, iki-üç nəfər olurdu. Mən o zaman Səbayel şöbəsinin sədri Saqif bəylə o maşının niyə günlərlə eyni yerdə dayanması haqda danışdım. Belə xəbər var idi ki, sələfi təriqətinə məxsus şəxsləri izləyirlər. Cəmi iki-üç gün sonra bizim yaxınlığımızda yaşayan Fərəc Kərimlinin və qardaşının həbsi xəbəri yayıldı. Fərəc Kərimlinin ”20-ci sahə" dairəsinə yolu həmin avtodayanacaqdan keçirdi. Bu gün məni izləyən maşın həmin maşındır, əlavə “Hunday” markalı bir maşın da onlarla bərabər hərəkət edir".

Bu fikirlərdən sonra AXCP sədrinin gənc müavininin hədə-qorxulara görə də istefaya getdiyi ehtimal oluna bilər. Müsavat başqanının müavinini izləyən və sonradan həbs olunmasına səbəb olan avtomobil Ə.Qurbanlını izləsin, lakin proses nəticəsiz qalsın. Səbəb? Demək, burada müəmmalar var. Fərəc Kərimli Müsavatı seçdi, əqidəsinə sona qədər sadiq qaldı və sonluğu hər kəsə məlumdur. Hazırda dəmir barmaqlıqlar arxasındadır. Həyat elədir ki, insan bəzən qorxularına da satılır. Bu nöqteyi-nəzərdən Ə.Qurbanlının pafoslu çıxışlarında dediklərini, mübarizəsini, əqidədaşlarını qəfil gedişə dəyişməsi bir sıra mətləblərdən xəbər verir. Zaman bütün həqiqətlərin açarıdır. Bu istefanın da səbəbləri çözüləcək.

Ə.Qurbanlının istefasından sonra bir məqam daha çox diqqət çəkib. Belə ki, “Azadlıq” qəzeti və saytı, eləcə də AzadlıqRadiosu istefa ilə bağlı bir xəbər də verməyib. Vaxtilə Müsavatdakı prosesləri maraqla izləyən, xəbərləri tirajlayan, az qala sıravi üzvün facebook statusunu qəzetin manşetinə daşıyan “Azadlıq” nədənsə indi susur. Bütün bunlar “Azadlıq”ın Əli Kərimlinin tribunası olduğunu bir daha təsdiq edir.

“Yeni Müsavat”a boykot elan edən, müsahibə verənləri aşağılayan partiyanın iç üzü burada açılır. Doğru xəbəri isə verməyən bir mətbuat orqanının qəzetçilikdən daha çox siyasi maraqlara, tapşırıqlara əməl etdiyi aydındır.

AXCP-dən çıxarılan və istefa verənlərin bu məsələyə mövqelərini aldıq.
Əli Kərimlinin müavinlikdən azad etdiyi və sonradan partiyadan istefa verən Razi Nurullayev sualımıza qısa cavab verdi: “Sadəcə, təəssüfləndiyimi deyə bilərəm. Ümumiyyətlə, AXCP-də baş verənlərə təəssüf edirəm. Mən partiyanın keçmiş üzvü və Azərbaycanda müxalifətin nümayəndəsi kimi, ümumi xalqın maraqlarından çıxış edərək, bu kimi hallara təəssüflənirəm”.

Əli Kərimlinin müşavirlikdən azad etdiyi və partiyadan istefa verən Zərifə Məhəddinova sosial şəbəkələrdə vaxtı ilə müdafiə olunmaması ilə bağlı qınaq dolu status paylaşıb: “Bax onda, o məqamda, mənim haqqım tapdalananda , yersiz şər-böhtana məruz qalanda susdunuz ... Hərçənd ki, haminiz əsl həqiqətin nədən ibarət olduğunu, mənim kimlərin ambisiyasının qurbanı olduğumu bilirdiniz . Amma haqqın yanında ola bilmədiniz. Uzun çəkmədi, vicdanın sızlayır ... bilirəm”.

AXCP-dən çıxarılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu Ə.Qurbanlını dəstəklədiyini bildirdi: “AXCP-də və digər qurumlarda vurulan qanadlar sonda gəncliyin ətrafında birləşəcək. Bugünlərdə Əbülfəzdən sonra Rəyasət Heyətinin daha bir tanınmış üzvü istefa verəcək. Hamı bu istefadan şoka düşəcək. Sizin qəzetiniz vasitəsilə demişdim ki, bir-iki aydan sonra Əli Kərimliyə sual versələr ki, Rəyasət Heyətinin neçə üzvü var, bilməyəcək. Partiya o vəziyyətdədir ki, insanlar kənardan kömək axtarırlar. Hamı bütün iyrənclikləri görüb. Qurultayda Müsavatın qərargahının zalı da Əli Kərimliyə böyük gələcək. Açıq şəkildə bəyan etmişəm ki, Əbülfəzə dəstək olacam. Əlinin ”zombi"ləri onu top atəşinə tutsalar, yanında olacağam. O, Əlinin yelkənsiz gəmisində batmaq istəmədi. Tənəzzülə doğru gedən partiyada qalmağın mənası yoxdur. Əbülfəz Əlinin küyünə gedib həyatını məhv elədi. 26 ilimi qurban verdim. Artıq başa düşmüşəm ki, Əli uğrunda imiş bu mübarizə. Əbülfəzin bu yaşında gerçəkləri görməsini qəhrəmanlıq sayıram. O, istefasında bəzi eyhamlar vurub. Deyib ki, çox şeylər edə bilərdim, amma imkan vermədilər. Bunu düz deyir.

O, gəncliyi ilə çox şeylər edə bilərdi. Əli hakimiyyətə gəlmək üçün mübarizə aparmır. Partiyadan biznes kimi istifadə edir. Sadəcə, partiyanı gündəmdə saxlamaq üçün 5-10 “zombi”dən istifadə edir. Dəridən-qabıqdan çıxaraq, mandat uğrunda mübarizə aparır. Oğlu həbs olunanda deyirdi ki, əqidə, amallar uğrunda mübarizə aparıram, hakimiyyəti dəyişmək uğrunda yox. Niyə? Çünki oğlu həbsxanada idi. İndi mübariz gənclik həbsdədir. İndi yazmır ki, biz əqidə uğrunda vuruşuruq. Oğlunun 25 günlük həbsinə görə az qaldı siyasətdən getsin. 7-8 il iş alan gənclərin talelərini hansı vicdanınıza sığışdırırsınız?"

Geri dön