Ana Sayfa > Partiya > “Onların çiyinlərində əli kərimlilər böyük-böyük evlər, mebellər, paralar qazanıblar”

“Onların çiyinlərində əli kərimlilər böyük-böyük evlər, mebellər, paralar qazanıblar”


8-07-2015, 10:02. Yazar: admin
 “Onların çiyinlərində əli kərimlilər böyük-böyük evlər, mebellər, paralar qazanıblar”
Azərbaycan cəmiyyətində qəribə bir tendensiya yaranıb. Xüsusilə bu hal demokratik düşərgə daxilində baş alıb gedir. Belə ki, hər hansı bir siyasi qurum daxilindəki prosesləri işıqlandıran mətbuat orqanları, baş verənləri dilə gətirən şəxslər birmənalı olaraq, həmin qurum tərəfindən ciddi tənqid, təhqirlərə məruz qalır. Maraqlıdır ki, bu prosesdə daha aktiv iştirak edən partiya rəhbərliyidir.


Bu xoşagəlməz hal daha çox son günlərdə AXCP daxilində baş verən məlum proseslərdən sonra gündəmi zəbt etdi. Partiyadan qovulan, istefa verən şəxslərin mətbuat orqanlarında səsləndirdikləri haqlı iradlar rəhbərliyin qınağına tuş gəldi. Həmin şəxslərlə birlikdə müsahibə verdikləri mətbuat orqanları, öndə “Yeni Müsavat” olmaqla, hədəf götürüldü. Bir anda hamı “satqın” oldu.

Demokratik dünya ölkələrində telekanallar və mətbuatın əsas işıqlandırdığı məsələlərdən biri siyasi qurumlar daxilində gedən proseslərdir. Təkcə Türkiyəni misal çəkmək yetər. Qardaş ölkədə mətbuat və tv-lərin bəlkə də əsas gündəmində olan məsələ siyasi partiyalardır. Bütün bunları gördükdən sonra Azərbaycan demokratik düşərgəsinin daxilindəki bu “sağalmaz xəstəliy”in səbəbini anlamaq olmur.

Politoloq Natiq Miri hesab edir ki, bu cür proseslərin mətbuatda işıqlandırılması normal haldır: “Siyasi partiyalar daxilində gedən proseslər cəmiyyət üçün hər bir halda maraqlıdır. Cəmiyyətə də bu informasiyaları çatdıran mətbuat orqanlarıdır. Bu onların missiyasıdır. Normal qəbul edirəm. Baxmayaraq ki, partiya funksionerləri bəzi mətbuat orqanlarını özlərinə düşmən kimi qəbul edirlər. Azərbaycan siyasətində yaraşmayan, təəssüf doğuran məsələlərdən biri də siyasi partiyaların öz üzvlərinə ”xain" deməsidir. Nəzərə almaq lazımdır ki, bu insanlar həyatlarını, gəncliklərinin ən gözəl illərini müxalif partiyalarda xərcləyiblər. Maddi və mənəvi cəhətdən onların heç bir qazancları olmayıb. Gözləntilər bu insanları siyasi partiyalarda qocaldıb. Bunu bir anda xərcləyib, tamamilə silmək, üstəlik, o insanları təhqir etmək mənə elə gəlir ki, çox alçaldıcı yanaşmadır. Bu istər AXCP, istər Müsavat, istərsə də digər partiyalarda olsun, fərqi yoxdur.

Bu insanlar ideologiyanı canlarında daşıyan mübariz insanlardır. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Bunları bir anda silmək, aşağılamaq, partiyadan çıxarmaq qətiyyən olmaz. Bu qədərmi ucuzdur insan həyatı? Əslində bu insanlar əli kərimlilərdən ötrü mücadilə aparıblar. Onların çiyinlərində əli kərimlilər böyük-böyük evlər, mebellər, paralar qazanıblar. Məhz bunların çiyinlərində yeriməklə bu statusları qazanıblar. İndi necə olur ki, bir doğru sözün müqabilində bu insanlar alçaldılır, partiyadan çıxarılır, şantaj xarakterli cürbəcür oyunlar onların başına gətirilir.

Bunlar qəbul olunmazdır. Bu onları göstərir ki, Azərbaycan siyasətində mənəvi dəyərlər yox olub. Bu gün müxalif qurumlara olan inamsızlığın kökündə duran faktorlardan biri də budur. İnamı bu cür itirdilər. Amma Əbülfəz Elçibəyin dövründəki siyasətdə belə deyildi. Çünki o vaxt əxlaq deyə bir şey var idi. Siyasət hər bir insanın əxlaqına uyğun olaraq yerinə yetirilirdi. Amma bu gün siyasət yalnız nəticəyə söykənir. Fikir versək görərik ki, yeni maliyyə cığırları açmaq üçün müxtəlif cür oyunlara girirlər. İnsanları xərcləyirlər, həbs etdirirlər. Bu insanların taleyi ilə oynamaq mümkünmü? Əgər bu cür edərsinizsə, sabah qarşınızda görərsiniz. Bu gün qarşılarında gördükləri də məhz budur. Ona görə də onların mitinqlərinə min nəfərdən artıq insan gəlmir".

Natiq Miri AXCP-nin “Yeni Müsavat”a savaş açmasının kökündə duran səbəblərdən də danışdı: “Bu yanaşmanın özü səhvdir. Bu onların birbaşa mənəviyyatını ortaya qoyan məsələdir. Bir informasiya əgər doğrudursa, onun hansı media orqanında çıxmasının nə dəxli var? Demək, burada birbaşa düşmənçilik, həzm etməmək sindromu var. Əsas odur ki, çıxan informasiya doğru olsun. Bu informasiyaların böyük əksəriyyəti də həqiqətə söykənir. Onu anlamaq lazımdır ki, bu dünyada ən çətin şey doğruları söyləməkdir. Bunları yandıran da məhz budur. Əgər doğru deyilsə, ”Yeni Müsavat"da çıxan yazılar onları nə üçün yandırır? Demək, hədəfə dəyib. Hədəfə dəydiyi, onların “Yeni Müsavat”ı həzm etmədikləri, düşmənçilik göstərdikləri üçün bu cür üsyan edirlər. Hesab edirəm ki, bu, eynilə onların qarşısına çıxacaq. Yanlışlıqlarını o zaman görəcəklər".

Qeyd edək ki, 10 ay öncə Müsavat Partiyası daxilində baş verən prosesləri AXCP-nin mətbuat orqanı funksiyasını yerinə yetirən “Azadlıq” qəzeti geniş işıqlandırırdı. Bunların fonunda mətbuat anlayışı olmayanların “Yeni Müsavat”a olan hücumları sadəcə gülüş doğurur.

Müsavat başqanının müavini Elman Fəttah baş verənləri xoşagəlməz hadisələr adlandırdı: ““Azadlıq” qəzeti sistemli olaraq, Müsavat Partiyasına qarşı olanları, “Yeni Müsavat” da AXCP və Milli Şuraya qarşı olan yazıları dərc edir. Mən bunları intriqanın sistemləşdirilməsi və gündəmdə saxlanılması hesab edirəm. Hər ikisinə qarşı olmuşam. Düşünürəm ki, heç kəs əlində olan imkandan siyasi münasibətləri korlayacaq müstəviyə daşınmasının iştirakçısı olmamalıdır. Ona görə də xoş hal deyil. Bir dəfə demişdim ki, “Azadlıq” qəzeti hətta “Kaspi” qəzetində olan yazıları belə istinadən özündə dərc edirdi. Eləcə də “Yeni Müsavat” AXCP-yə qarşı olan xəbərləri verir. Bütün bunların nəticəsində müxalifət daxilində olan məsələlər qabardılır. Yekun etibarı ilə ümumi mübarizəyə xələl gətirən məsələlərdir".

Elman Fəttah Müsavatda olan narazıların digər mətbuat orqanlarına müsahibələrinə də münasibət bildirdi: “Nəinki ”Azadlıq", hətta “Kaspi” qəzetinə belə narazılardan müsahibə verənlər olub. Biz bunları sadəcə müşahidə etmişik. Hər bir insanın müsahibə verdiyi mətbuat orqanı onun haqqında fikir formalaşdırmağa yetir. O siyasətçinin kimliyi artıq məlum olur. Hər hansı bir irada ehtiyac yoxdur. Kim hara müsahibə verirsə, onun haqqında qənaətlərimiz formalaşır".

Başqan müavini Türkiyə-Azərbaycan cəmiyyətlərini müqayisə etdi: “Türkiyədə bizlə müqayisədə demokratiya var. Parlament tipli respublikalarda partiyalar hər şeydən daha çox diqqətdə olur. Bizdə isə tam fərqlidir. Siyasət meydanı hakimiyyətin repressiv nəzarətinə keçib. Yaxşı olardı ki, mətbuat orqanları daha çox bunu işıqlandırsınlar. Müsavata qarşı olan saxta fikirləri, yaxud hakimiyyətin nəzarətində olan bir şəxsin yalanlarını hansısa mətbuat orqanı verməklə, nüfuzunu aşağı salır”.

Geri dön