Ana Sayfa > Partiya > Mirmahmud Mirəlioğlu: “Hədyan söz danışmağı şou hesab edirlər”

Mirmahmud Mirəlioğlu: “Hədyan söz danışmağı şou hesab edirlər”


6-07-2015, 10:20. Yazar: admin
Mirmahmud Mirəlioğlu: “Hədyan söz danışmağı şou hesab edirlər”
Son aylar ölkə telekanallarında baş verən rüsvayçı olaylar, sərgilənən əxlaqsız davranış və səsləndirilən kobud ifadələr ictimaiyyətdə ciddi narahatlıq doğrumaqda, milli kanalların onsuz da yüksək olmayan imicini daha da aşağı salmaqdadır. Xüsusilə də, şou xarakterli verilişlərdə yaşanan bəzi hadisələr cəmiyyətdə gənc nəslin əxlaqi-mənəvi tərbiyəsi baxımından ciddi təhdid kimi dəyərləndirilməkdədir. Hətta bəzi vətəndaşlar hesab edir ki, çağdaş Azərbaycan televiziyaları Azərbaycan milli əxlaqı üçün təhlükə mənbəyinə çevrilib və problemin həllinin yubanması yaxın gələcək üçün daha faciəvi nəticələrə səbəb ola bilər.
Maraqlıdır, doğrudanmı milli televiziyalar milli əxlaqımız üçün təhdid və təhlükə mənbəyinə evrilib?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu baş verənlərin təsadüfi deyil, məqsədli və sistemli bir proses olduğuna diqqət çəkdi:
“Mən ölkə telekanallarında yalnız xəbər proqramlarına baxıram. Azərbaycan televiziyalarının Azərbaycan insanının narazılığına səbəb olması fikrini bölüşmürəm. Əgər televiziyalar və ya orada baş verənlər xalqın narazılığına səbəb olsa, bu narazılıq ortada olar. Televiziyalardakı şou proqramlarda dilimizdən tutmuş mənəviyyatımıza qədər bütün sahələrimizin hədəfə çevrilməsi başdan gələn ideoloji bir proqramdır. Yəqin ki, bu məsələ hökumət strukturlarında, bəlkə də ayrı-ayrı nazirliklərdə, instutlarda hazırlanır. Əvvəlcə nəbz yoxlaması kimi başladılır, sonra isə aparıcının səviyyəsinə, əxlaqına, intellektinə uyğun şəkildə də tamaşaçıya çatdırılır”.
M.Mirəlioğlu Azərbaycanda şou anlayışının da bir çox halda yanlış anlaşıldığını vurğuladı: “Azərbaycanda şou xəstəliyi var. Şounun nə olduğunu bilməyən, hədyan söz danışmağı şou hesab edən, senzurasız söz danışmağı şou sanan adamların ölkə teleməkanına gətirilməsi göz önündədir. Bu, mərkəzləşdirilmiş şəkildə olmasaydı, bu qədər böyük spektri əhatə eləməzdi. Bu gün bu proses yolxucu xəstəliyə çevrilib. Təəssüflər olsun ki, bütün bunlar bir reallıqdır. Bir müddət öncə Azərbaycanda sarı mətbuatla bağlı bu məsələ vardı. Indi isə televiziyaların durumu əsl problemə çevrilib”.
KXCP sədri hesab edir ki, bu problemin həlli üçün bir neçə variant mövcud olsa da, hələ ki, bunlardan heç biri həyata keçirilmir:
“Problemi administrativ qaydada həll eləmək olar. Lakin bu cür həll prinsipi o qədər də arzuedilən deyil. Yaxşı olardı ki, MTRŞ bu məsələyə xüsusi diqqət ayırsın. Ictimai qınaq amili var. Problem həll olunmazsa etiraz aksiyası keçirib adama öz yerini göstərərlər. Lakin bu gün problemi nə administrativ, nə də ictimai qınaq və s. yolla həll edən, buna cəhd edən yoxdur”.

Geri dön