Ana Sayfa > Partiya > Prezidentin “yol xəritəsi”: siyasi islahatlara start verilir
Prezidentin “yol xəritəsi”: siyasi islahatlara start verilir30-06-2015, 10:26. Yazar: admin |
Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirərək bu tarixi hadisəni geridə qoydu. 2015-ci ilin ilk 6 ayı Avropa Oyunlarına hazırlıqlarla yadda qaldı və iqtidar həm “köhnə qitədən”, həm Amerikadan gələn ardıcıl təzyiqlərə baxmayaraq, yarışları böyük bacarıqla tamamladı. Qərb institutlarının Avropa Oyunlarından sonra da rəsmi Bakıya təzyiqləri artıracağı gözləniləndi. Çünki Azərbaycan hakimiyyəti, daha konkret desək, prezident İlham Əliyev Avropa və dünya mətbuatının nə yazmasından, Qərb liderlərinin nə düşünməsindən asılı olmayaraq Avropa Oyunlarından xeyli güclənmiş çıxdı. Daxili auditoriya hər gün prezidentini öz yanında gördü, idmançılara dəstək verdiyinə, onların uğuruna necə sevindiyini, hətta Qarabağ qazisi ilə qalib kürsüsündə necə kövrəldiyinə belə şahidlik etdi. Bu, 12 illik idarəçilik sistemində bir yenilik, bir ilk idi. İdman siyasi yarışma deyil, orada müxalifət və iqtidar bölgüsü yoxdur. Hakimiyyətin siyasi rəqiblərinə münasibətinin sərt üzü də burada görünmür. Amma bu cür idman tədbirləri həm də hakimiyyətlərin reytinqinə işləyir. Bu baxımdan dövlət başçısı daxildən umduğu və görmək istədiyi dəstəyi, zənnimizcə, aldı və məmnun qaldı. Qərbin basqıları fonunda daxildən qaynaqlanan psixoloji üstünlük hakim komanda rəhbəri üçün çox vacib bir faktordur. Yeri gəlmişkən, prezidentin komandası da ara-sıra tribunalarda görünsələr də, onlar İlham Əliyevin sadəcə, kölgəsində qaldılar. *** İndi qarşıdan ölkə üçün ən önəmli siyasi tədbir - parlament seçkiləri gəlir. Son altı ayda baş verənlər mühüm bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Ermənistanda sosial tələblərlə başlamış aksiyaların siyasi nəticələrindən asılı olmayaraq, Azərbaycan iqtidarı da idarəetmədə, hakim komandada dəyişikliklər barədə düşünülməlidir. Avropa Oyunlarının nəticələrinin verdiyi psixoloji üstünlük eyforiya yox, dəyişiklik üçün zəmin olmalıdır. Zənnimizcə, prezident bu dəyişiklik üçün xalqdan umduğu dəstəyi də, mandatı da almış sayılmalıdır... *** Avropa Oyunlarından sonra hamı mümkün böhrandan danışır. Hətta ekspertlər parlament seçkiləri ərəfəsi (oktyabr-noyabr) manatın ikinci devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir. Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Hələ bir müddət əvvəl də qeyd etmişdik ki, bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparılmalı və bu islahatlara cavabdehlik yeni kadrlara həvalə edilməlidir. Belə görünür ki, Qərblə Azərbaycan hakimiyyəti arasında yaranmış gərginliyin heç də bir neçə siyasi məhbusun azadlığı ilə aradan qalxmayacağını Bakıda daha yaxşı anlayırlar. Qərb-Rusiya münasibətlərinin son bir ildə pisləşməsi Azərbaycanın balanslı siyasi kursuna təsirsiz ötüşməyib. Qərb Azərbaycanı yanında görmək istəyir, amma onun rəsmi Bakını yanına çəkmək istəkləri də Rusiyanın siyasəti qədər qaba və kobuddur. Üstəlik, Kremlin Qarabağ məsələsində şantaj siyasəti indi Qərbdə daha bəsit istifadə edilməkdədir ki, bu, Avropa Şurasının son qətnaməsində özünü qabarıq üzə çıxardı. Qərb Azərbaycan hakimiyyəti ilə problemləri həll etmək əvəzinə, rəsmi Bakı ilə təcavüzkar hesab etdikləri Rusiyanın dili ilə danışmağa üstünlük verir. Avropa Azərbaycan hakimiyyətini sıxdıqca Rusiya yaranmış fürsətdən istifadə edir, siyasi səhnədə özünü dost kimi gözə soxur. Bu siyasət davam etdikcə, Azərbaycan hakimiyyətinin yalnız bir optimal yolu qalır: daxildən real olaraq güclənmək, siyasi islahatlara başlamaq və ölkəni qarşıdakı çətin dövrə hazırlamaq. Təsadüfi deyil ki, prezident Respublika Günü ilə bağlı tədbirdə siyasi islahatların zəruriliyi ilə bağlı danışıb. “Siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalıdır. Azərbaycan müasir ölkəyə çevrilməlidir. Dünyanın ən inkişaf etmiş ölkələrinin kriteriyaları, bizim xalqımıza, bizim xalqın mentalitetinə xas olan kriteriyalar Azərbaycanda mütləq və mütləq tətbiq olunmalıdır” - deyə, prezident bildirib. *** Siyasi islahatlar geniş anlam kəsb edir və onların sırasında “balaca padşahlar”dan - icra başçılarının dəyişdirilməsindən tutmuş Seçki Məcəlləsinin optimal varianta gətirilməsi də daxildir. Siyasi islahatlar üçün kosmetik dəyişiklik yox, real dəyişikliklər olmalıdır. Avropa Oyunları ərəfəsi Binəqədidə baş vermiş dəhşətli yanğın da bir daha təsdiq etdi ki, hakim komandada dəyişiklik nəinki zəruridir, hətta iqtidarın özü üçün həyati dərəcədə vacibdir. İlham Əliyevin “prezident hər şeyi bilə bilməz” sözləri də komandada təcili islahatlara başlamaq zərurətindən doğan gerçəklik idi. Heç kimdə şübhə yoxdur ki, məhz dövlət başçısının özü Avropa Oyunlarının təşkilatçılığının məsuliyyətini əvvəldən sonadək üzərinə götürməsəydi, komanda bu ağır işi bu səviyyədə yarıda bilməyəcəkdi. Məhz bu səbəbdən də Qərbin aparıcı nəşrlərinin hədəfi ayrı-ayrı komanda üzvləri, sahəyə məsul şəxslər deyil, dövlət başçısı olur. Halbuki Avropanın heç bir ölkəsində, məsələn, yanğına görə dövlət başçısı kəskin tənqid hədəfi ola bilməz, bu işdə məsuliyyəti olan məmurlar cəzalanmalıdır. İqtidar başçısı hətta rayonlarda bir məmurun özbaşınalığının belə məsuliyyətini üzərinə yönləndirir. Bu isə siyasi sistemdə arzuolunmaz avtoritarizmə gətirib çıxarır. *** Məlumatlara görə, gözlənilən islahatlar da elə “balaca padşahlar”dan başlamalıdır. Xəbərlərə görə, bu islahatlara hazırlıq rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi əsasında aparılır. Etimadı doğrultmayan icra başçılarının parlament seçkilərinə qədər yeniləri ilə əvəzlənəcəyi deyilir. İddialara görə, avqustun sonunadək narazılığın çox olduğu bir sıra rayonlarda, eləcə də paytaxt Bakının bir neçə icra başçısı da dəyişdirilməlidir. Dəyişikliklərin iqtisadi komandanın ən azı 50 faizini əhatə edəcəyi də deyilir. Bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlandığı barədə də xəbərlər var. Xarici siyasətə gəldikdə, bu məsələdə də prezidentin yeni düzən yaradacağı deyilir. Son vaxtlar rəsmi Bakının Qərbin tənqidlərinə Avropa institutlarından çıxmaq və əməkdaşlığa yenidən baxmaq kimi hədələyici bəyanatlarla reaksiya verməsinə baxmayaraq, Azərbaycan balanslı siyasi kursu davam etdirmək niyyətindədir. “Stratfor” da bu yaxınlarda yaydığı hesabatda bildirib ki, Azərbaycan balans strategiyasından əl çəkdiyini göstərən hər hansı konkret qərar verməyib. İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin sabiq rəhbəri Arif Məmmədovun müəmmalı “müxalifətçiliyindən” sonra hakimiyyət xaricdəki diplomatlarına diqqəti artırıb. Nazir Elmar Məmmədyarovun hazırda mövqeləri laxlayıb və əvəzlənəcəyi barədə xəbərlər artıb. Məlumatlara görə, Azərbaycanı Avropa ölkələrində təmsil edən səfirlərin çoxu vaxtından əvvəl geri çağırıla bilər. Siyasi reformalar sırasında parlament seçkilərində müxalifətə şans tanınacağı və bu düşərgəyə Qərbi qane edə biləcək sayda mandata sahib olmaq imkanı veriləcəyi barədə də danışılır. İndilikdə Seçki Məcəlləsinə ciddi dəyişiklik edilməsi zaman baxımından real görünmür, amma sıxılmış və qanunverici orqandan kənarlaşdırılmış müxalifətin mandat almasına əngəl olmamaq iqtidara Qərblə qarşıdurma dövründə rahatlıq qazandıra bilər. Real müxalifətə mandat vermək üçün əvvəlki illərdə olduğu qədər çox güzəştə ehtiyac da qalmır. Çünki elə real müxalifət özü “əriyərək” bəlkə də bir fraksiyalılıq qala, ya qalmaya. Qarşıdakı dövrdə nələr olacağını zaman göstərəcək... “Yeni Müsavat” Geri dön |