Ana Sayfa > Partiya > “Allah bağışlayanı biz də bağışlayırıq...”

“Allah bağışlayanı biz də bağışlayırıq...”


17-03-2015, 10:13. Yazar: admin
“Allah bağışlayanı biz də bağışlayırıq...”
Məhbus ailələri həyəcanla əfv veriləcəyi günü gözləyirlər. Bəzi təşkilatlar artıq məhbus siyahılarını Əfv Komissiyasına təqdim ediblər. Bəzi tanınmış siyasətçilər əfv olarsa, bunun ölkəmiz adına müsbət nəticələr verəcəyini qeyd edirlər. Əks təqdirdə, məhbus probleminin gələcəkdə ciddi qarşıdurma ilə nəticələnəcəyini bildirirlər.

Müsavat başqanı Arif Hacılı gözlənilən əfvi facebook statusunda belə şərh edib: “Əgər hakimiyyət müxalifətlə dialoq təşəbbüslərində səmimidirsə, yaxın günlərdə bunu təsdiq etmək üçün real imkan olacaq.

Bahar bayramı ərəfəsində veriləcək əfv fərmanı bu sahədə bir testdir. Hakimiyyət bu fərmanla ölkədə siyasi məhbus probleminin həlli istiqamətində ciddi addım atmasa cəmiyyətdə qarşıdurma daha da kəskinləşəcək. Dialoq adlandırılan proses məzhəkəyə çevriləcək. Şübhəsiz ki, bu məsələ siyasi qüvvələr, ictimai birliklərin, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin iqtidarın təşəbbüsü ilə keçirilən Avropa Oyunlarına münasibətinin müəyyənləşməsinə də ciddi təsir göstərəcək”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Novruzda əfv veriləcəyini bildirdi: “Bu bayramda mütləq, birmənalı əfv olacaq. Çox güman ki, əfv yazanlar, xəstələr və cəzalarının böyük hissəsini çəkənlər nəzərə alınacaqlar. İclas zamanı işlərini təqdim etdiyimiz məhbuslar azadlığa çıxacaqlar. Nəzərə alsaq ki, əfv humanizm aktıdır. Bilavasitə cənab prezidentin səlahiyyətindədir. Elə olub ki, adını təqdim etmədiyimiz məhbusun adını cənab prezident özü yazıb. Əfv yazanların şansı bu dəfə daha yüksəkdir. Ümid edirəm ki, neçə aylardır gördüyümüz iş səmərəsiz keçməyəcək. Keçən əfvdə siyahımızdan bir qisim insan azadlığa buraxıldı. İndi isə qalanlarının azad olunacağına inanıram. Əfv təkcə cəmiyyəti maraqlandıran tanınmışlara şamil edilmir. Azadlığa qovuşacaq hər bir məhbus mənim üçün bayram olacaq. Nə qədər insanın azad olunacağını deyə bilmərəm. Keçən əfvlər göstərib ki, kifayət qədər insan azad olunub. Bu olmalıdır, başqa yolu yoxdur. İşçi Qrupunun toplantısı son dəfə noyabrda olmuşdur. Ondan sonra əfv verildi. Noyabrdan bu yana İşçi Qrupunda olan hüquq müdafiəçiləri mütəmadi olaraq toplaşmışıq. Lazım olan məsələləri qaldırmışıq. Zaman kəsiyində bəzi səbəblərdən görüşümüz hazırda alınmır. Bu sırf texniki səbəblərdir”.

Prezident yanında Əfv Komissiyasının iclası keçirilib. Bu barədə azvision.az-a Əfv Komissiyanın üzvü, Xalq şairi Zəlimxan Yaqub məlumat verib.

O qeyd edib ki, bayram gününə kimi əfv sərəncamı olacaq: “Hörmətli prezidentimiz bayram günü məhkumları əfv edəcək. Prezident yanında Əfv Komissiyasının iclasları davam edir. Biz də orda iştirak edirik. Əfv olunacaq məhkumların sayı ilə bağlı indi heç nə deyə bilmərəm. Müzakirələr gedir. Allah bağışlayanı biz də bağışlayırıq. Allah bağışlamayanı biz də bağışlamırıq. Əfv sərəncamı bir həftə ərzində olacaq. Bütün işlər prezidentimizdən asılıdır. Biz icraçıyıq. Əminəm ki, məhkumların ailələri bayramda sevinəcəklər”.

Məhbus ailələrinin əfvlə bağlı fikirləri müxtəlifdir. Bəzilərinin inamı olsa da, digərləri inamsızdır. Həmçinin məhbusların özləri də.

Müsavat başqanının müavini Tofiq Yaqublu əfv barədə düşünmür. Bu barədə başqan müavinin qızı Nigar Yaqublu bildirdi: “Atam əfv barədə, ümumiyyətlə, düşünmür. Azadlığa çıxacağını da gözləmir”.

REAL hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova martın 15-də onunla görüşüb: “Telefonla tez-tez danışırıq. Martın 15-də görüşdük. Əfv barədə heç nə demədi. Deyir ki, nə olsa görəcəyik”.

NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova əfv barədə düşünməməyə üstünlük verdiklərini qeyd etdi: “Nə olacaq, zaman göstərəcək”.
Qeyd edək ki, bəzi tanınmış siyasi məhbusların azadlığa çıxma ehtimalları yoxdur. Buna səbəb onların ya istintaq, ya da məhkəmə dövrünü yaşamalarıdır. İntiqam Əliyev, Leyla və Arif Yunusovlar, Xədicə İsmayıl, Rauf Mirqədirov, Rəsul Cəfərov, Fərəc və Sirac Kərimli qardaşları bu qəbildəndir.

Azadlığa çıxma şansı yüksək olan məhbuslar da az deyil. Bu tipli məhkumlar əsasən prezidentə əfv üçün müraciət edənlərdir. Rəşadət Axundov, Rəşad Həsənov, İlkin Rüstəmzadə, Məmməd Əzizov, Ömər Məmmədov, Əbdül Əbilov, Pərviz Həşimli, Hilal Məmmədov kimi məhbusları qeyd etmək olar.
musavat.com

Geri dön