Ana Sayfa > Partiya > Müsavat Partiyasından məhkəmə hədəsi
Müsavat Partiyasından məhkəmə hədəsi11-06-2015, 10:16. Yazar: admin |
“Müsavata böhtan atanlar, onun şərəfli adını ləkələməyə çalışanlar Azərbaycan və Avropa ölkələri məhkəmələri qarşısında cavab verəcəklər” “Müsavata böhtan atanlar məhkəmə qarşısında cavab verəcəklər”. Müsavat Partiyası “mühacir qalmaqalı” ilə bağlı açıqlama yayaraq, partiyanın adı, reputasiyası ətrafında gedən söz-söhbətlərə dair mövqeyini bildirib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a daxil olan açıqlamada bildirilir: “Müsavat Partiyası nizamnamə tələblərinə daim əməl edərək fəaliyyət göstərən bir təşkilatdır. Müsavata partiyanın özəklərindən birində, rayon təşkilatının şurasında, idarə heyətinin iclasında və ya Divanda qəbul olunmaq mümkündür. Qərargahın yanına gəlməklə, kiminləsə telefonla danışmaqla, şəxsi yazışmalarla Müsavat Partiyasının üzvü olmaq mümkün deyil. Partiyaya qəbul olunmaq istəyən hər kəs yuxarıda qeyd edilən qurumlardan birinin adına müəyyən olunmuş formada ərizə yazmalı, tərcümeyi-halını təqdim etməli, partiyanın Nizamnamə və Proqramını öyrənməli və müraciət etdiyi qurumun iclasında iştirak edərək suallara cavab verməlidir. Yalnız bundan sonra səsvermə yolu ilə partiyaya üzv qəbul edilə bilər. Bizə məlumdur ki, Elnur Mirzəyev 2 il ərzində partiyanın üzvü olduğunu bildirərək müxtəlif partiya funksionerlərinə müraciət edib. Bəzi dostların ona yardım etməsinin xahişini təşkil edib. Əlimizdə olan yazışma sənədləri də göstərir ki, partiyanın müvafiq strukturlarında çalışan partiya funksionerləri ona yardım etməyə çalışıblar. Elnur Mirzəyevin üzvü olduğunu iddia etdiyi bütün rayon təşkilatlarında bu barədə araşdırma aparılaraq, onun partiya üzvü olmadığı aşkarlanıb. Bu səbəbdən ona partiyada üzv olduğu haqda arayışın verilməsinin mümkünsüzlüyü bildirilib. Bütün bu prosesin özü əslində Müsavatdan partiya üzvü olmadan bu barədə sənəd almağın mümkün olmadığını bir daha təsdiq edir. Müsavat Partiyası adından saxta sənədlər hazırlanaraq miqrasiya idarəsinə təqdim olunub. Bu saxtakarlıq faktı Müsavat Partiyası tərəfindən aşkarlanıb ictimailəşdirildikdən sonra isə saxtakarlar törətdikləri əmələ görə peşmançılıq hissi keçirmək, xəcalət çəkmək, üzr istəmək əvəzinə Müsavat Partiyasına qarşı saxtakarlıq ittihamı ilə böhtan kampaniyası təşkil edərək, ictimai fikri törətdikləri əməldən yayındırmağa cəhd etdilər. Müsavat Partiyasında sistemli kargüzarlıq işi təşkil olunub. Partiyadan çıxan və daxil olan bütün sənədlər qeydə alınır, reyestr kitabına daxil edilir, bütün belə sənədlərin surəti arxivdə saxlanılır. Son Qurultaydan sonra 483 nəfərə xaricə getmək üçün arayış verilməsi ittihamına qarşı bircə o faktı demək kifayətdir ki, 27 sentyabr (Qurultayın keçirilmə tarixi) 2014-cü il tarixdən sonra Müsavatdan, məhkəmələrə, müvafiq hakimiyyət strukturlarına, təşkilatlara partiyadaxili fəaliyyətlə və s. bağlı çıxan bütün sənədlərin ümumi sayı 51-dir. Biz ünvanımıza səslənən tənqidlərə həmişə dözümlü yanaşmışıq. Şəxsən bizə yönələn, hətta cinayət tərkibi yaradan təhqir və böhtanlara görə məhkəmə davası açmamışıq. Lakin Müsavatın şərəfi bizim üçün müqəddəsdir. Müsavata böhtan atanlar, onun şərəfli adını ləkələməyə çalışanlar Azərbaycan və Avropa ölkələri məhkəmələri qarşısında cavab verəcəklər". Müsavat Partiyasının üzvü, vəkil Nemət Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiya rəhbərliyində ona şər atanlar, nüfuzuna xələl gətirmək istəyənlərlə bağlı müzakirələr gedib və onların hüquq müstəvisində cəzalandırılması ilə bağlı qərar verilib: “Saxta vəsiqə alınması ilə bağlı məlumat və ittihamlar səsləndirilir. Biz bu əsassız ittihamlar səsləndirənlərin hüquq qarşısında cavab vermələrinə nail olacağıq. Bu şəxslərdən biri də İsveçrədə yaşayan mühacir Elbəyi Həsənlidir. Onunla bağlı hüquq müstəvisində hansı addımların atılması ilə bağlı araşdırma aparırır. O, İsveçrədə yaşasa da, Azərbaycan vətəndaşıdır. Cinayət Məcəlləsinə əsasən, dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyır. Amma barəsində cinayət işi açılarsa, onu hansı formadasa Azərbaycana gətirmək real görünmür. Və bu, təkcə Elbəyi Həsənli ilə yekunlaşmayacaq. Saxta ittihamları ünvanlayanların hamısına qarşı eyni müstəvidə mübarizə aparılacaq”. (musavat.com) Geri dön |