Ana Sayfa > Partiya > Düşmən havasına oynayan radikal müxalifət düşərgəsi
Düşmən havasına oynayan radikal müxalifət düşərgəsi10-06-2015, 06:33. Yazar: admin |
İki gündən sonra ölkəmizdə növbəti möhtəşəm və mötəbər tədbirə - "Bakı 2015" birinci Avropa Oyunlarına rəsmən start veriləcək. Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi ən yüksək səviyyəyə çatdırılıb. Onu da nəzərinizə çatdıraq ki, Avropanın 49 ölkəsindən 6 mindən çox idmançının 20 idman növündə mübarizə aparacağı birinci Avropa Oyunlarının Budapeşt və Roma şəhərlərində keçirilən təqdimat mərasimlərində iştirak edən diplomatik korpusun nümayəndələri, dövlət məmurları, parlament üzvləri və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri hazırlıq işlərinin gedişindən məmnunluqla danışıb və bu mühüm əhəmiyyətli tədbirin uğurla başa çatacağına əminliklərini ifadə ediblər. Ümumiyyətlə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir və bunu yetərincə dəyərləndirmək gərəkdir. Çünki Avropa Oyunları birinci dəfədir ki, keçirilir. Olimpiya Oyunlarının Avropa qitəsində yaranmasına baxmayaraq, hələ bu günə qədər Avropa Oyunları keçirilməyib. Odur ki, ilk oyunların məhz Azərbaycanda keçirilməsi, təbii ki, böyük nailiyyətdir və bu da Avropanın, eləcə də beynəlxalq birliyin ölkəmizə olan inam və etimadının bariz nümunəsidir. Şübhəsiz, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsi təsadüfi deyil. Bu cür əhəmiyyətli qərarın qəbul edilməsində, ilk növbədə, ölkəmizin dünya arenasındakı nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynayıb. Belə ki, son illər ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən, demokratik prinsiplərə xüsusi önəm verən, insan hüquq və azadlıqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan, müasir, güclü dövlət kimi özünü təqdim etməyi bacarıb. Bu isə Azərbaycanın inkişafını gözü götürməyən antimilli qüvvələri və onlarla əməkdaşlıq edən radikal müxalifət nümayəndələrini ciddi təşvişə salıb. Bu səbəbdən də həmin bədxahlar birinci Avropa Oyunları ərəfəsində cürbəcür hiylə və məkrə əl ataraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Məsələn, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu qəbildən olan digərlərinin bir araya gəldiyi Milli Şura adlı qurum sözügedən möhtəşəm tədbir ərəfəsində ölkə vətəndaşları arasında nifaq toxumu səpməyə, mənasız və məntiqsiz aksiyalarla ümummilli maraqlara zidd olan şəxsi istəklərini reallaşdırmağa çalışırlar. İsa Qəmbərin gedişindən sonra Arif Hacılının nəzarətinə keçən Müsavat Partiyası isə daha böyük xəyanətə imza atıb. Belə ki, Rəsulzadədən miras qalmış dəyərləri unudub şəxsi ambisiyaları uğrunda çalışan Müsavat yetkililəri bəyanat verərək ilk Avropa Oyunlarını boykota çağırıb. Sözsüz, adıçəkilən siyasi təşkilatın bu bəyanatı iqtidar və müxalifət düşərgəsi ilə yanaşı, ölkə vətəndaşları, QHT təmsilçiləri, mətbuat nümayəndələri, elm adamları, ziyalılar, mədəniyyət və idman xadimləri tərəfindən kəskin qınaqla qarşılanıb. Məsələn, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı hesab edir ki, bu cür bəyanatı vermək ağılsızlıqdan başqa bir şey deyil: "Görünür, son vaxtlar Müsavat Partiyasında baş verən istefalardan İsa Qəmbər isterik vəziyyətə düşüb. Hər gün partiyasından baş verən qopmaları hər kəs görür. Bir də onu yadına salıram ki, etdiyin çağırış hakimiyyətlə mübarizə deyil. Avropa Oyunları imkan verəcək ki, müstəqil Azərbaycan dövlətini milyonlarla insanlara göstərək. Azərbaycan gerçəkliyini olduğu kimi Avropa və başqa qitələrə çatdıraq. Olmaya sizlər istəmirsiniz bunu? Bunu istəməyənlər Azərbaycan dövlətinə düşmən olanlardı və hər gün də bunun üçün çalışanlardı, təxribat törədənlərdi. Xüsusən də erməni diasporu və onlara yaxın olan qüvvələr. İndi siz kimsiniz? Kimə xidmət etmək istəyirsiniz? Bəzi Qərb dairələrinin "5-ci kolon"u olmaq istəyirsinizmi? İndi, İsa Qəmbər, sizə nə deyək?! Ermənilərin arzusunu ifadə edənmi? Başqa bir fikir gəlmir ağlıma…Ayıbdır. Özü də çox ayıb". Qeyd edək ki, digər müxalifət təmsilçiləri də hesab edirlər ki, Müsavatın bu qərarı dövlətin və millətin maraqlarına tamamilə ziddir. Belə ki, Müsavatın sözügedən bəyanatla məhz Azərbaycan dövlətinə və millətinə zərbə vurduğunu deyən ADP sədri Sərdar Cəlaloğlu bu qənaətdədir ki, birinci Avropa Oyunları siyasətdənkənar bir prosedur kimi xalqların bir-birinə yaxınlaşmasına xidmət edir: "Ona görə də idman oyunlarını heç bir tərəf siyasi alətə çevirməməlidir. Bu oyunların keçirilməsi iqtidarın yox, Azərbaycan xalqı və dövlətinin maraqlarına aid olan məsələdir. Ona görə də indiki mərhələdə Müsavatın birinci Avropa Oyunlarını boykota çağıran bəyanatı millətin və dövlətin maraqlarına ziyandır. Çünki oyunlar pozularsa və ya gözlənilən turist axını olmazsa, hökumətin oyunların keçirilməsinə xərclədiyi pullar batar. Bu da dövlət büdcəsinin vəziyyətini ağırlaşdırar və vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olar". Cəlaloğlunun sözlərinə görə, müxalifət iqtidarla mübarizə apararkən, iqtidarla dövləti, millətlə isə hakimiyyətdəki qüvvələri bir-birindən ayırd eləməlidir: "Biz dövlətə, millətə belə zərbə vura bilmərik. Ona görə də Müsavatın birinci Avropa Oyunlarını boykota çağıran bəyanatını düzgün hesab etmirəm. Çünki bu mərhələdən sonra oyunların boykot edilməsi Azərbaycan dövləti və millətinə ciddi ziyan vuracaq. Bu bəyanat Avropa Oyunlarının ruhuna ziddir. Olimpiya oyunlarının hər hansı bir formada siyasiləşməsinin qarşısı alınır. Bu oyunların məqsədi isə siyasətdən kənar yeni əməkdaşlıq müstəvisinə şərait yaratmaqdır. Ona görə də bir partiyanın bəyanatına xaricdən kimsə qərar verərsə, bu olimpiya oyunlarının məntiqini, fəlsəfəsini pozar. Bu isə qərar verənin mövqeyini şübhəyə salar". Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Müsavatın bəyanatına kəskin etirazını bildirib: "İndiki mərhələdə birinci Avropa Oyunlarının təbliğatı cəmiyyətə fayda verə bilər. Müsavatın mövqeyi çox yanlışdır. Azərbaycan dövlətinin bu oyunlardan dividend götürməli olduğunu nəzərə alsaq, buna qarşı dünyaya boykot çağırışı etmək faktiki olaraq ölkəmizi sevməyənlərin dəyirmanına su tökməkdir. Hesab edirəm ki, hazırda qarşımızda Avropa Oyunlarının imkanlarından istifadə edərək ölkəni dünyaya düzgün təqdim etmək məsələsi durur. Dünyanın Azərbaycana qarşı qərəzli mövqe tutduğu bir mərhələdə onlara ötürmə etmək yanlış mövqedir və ümummilli maraqlara xidmət etmir". Əli Əliyevin fikrincə, Müsavat belə bir bəyanatı Martin Şults kimi şəxslərə, Avropa Birliyinə xoş gəlmək üçün verib: "Nəzərə almaq lazımdır ki, Avropa Birliyində Azərbaycan əleyhinə dinləmələr keçiriləcək. Bu bəyanat da dinləmələri keçirən tərəfə xoş gəlmək üçün atılan addımdır". Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də Müsavat Partiyasını boykot çağırışına görə qınayıb: "Birinci Avropa Oyunları dövlət tədbiridir, hakimiyyət yox. Siyasi hakimiyyət uğrunda mübarizədə dövlət mənafelərinə toxunan, zərər verən üsullardan istifadə qəbulolunmazdır. Bir partiyanın hakimyyət mübarizəsi varsa, iqtidarla mübarizə apara, tənqid edə bilər. Amma dövlət tədbirini boykota çağırmaq isə dövlətə qarşı olmaq deməkdir. Biz bu tədbirdən maksimum yararlanmağı bacarmalı və ümummilli maraqlara xidmət edən davranış sərgiləməliyik. Əgər kimsə bu tədbiri boykota çağırırsa, biz onları qarşımızda hesab etməliyik. Bu bəyanatı yayanları qınayıram və hesab edirəm ki, doğru olmayan davranışdır". "Müsavatın birinci Avropa Oyunlarına qarşı boykot çağırışı yeni mövzu deyil. Başqa nə "mövqe" ortaya qoymaq olar? Parlament, prezident seçkilərində və digər tədbirlər zamanı da bu cür hadisələr oldu. Yəni öyrəşmişik ayrı-ayrı qurumların, partiyaların, QHT-lərin və digər təşkilatların qərəzli mövqeyinə. Bunlar bizə tanışdır" deyən millət vəkili Fəzail İbrahimli qeyd edib ki, elə şeylər var ki, orada müxalifətçilik keçmir: "Yəni millətin, dövlətin taleyi ilə bağlı olan məsələlərdə müxalifət də, iqtidar da bir olmalıdır. Bu oyun hansısa bir qurumun, partiyanın keçirdiyi tədbir deyil. Burada Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya etməsidir və ən böyük üstünlükdür ki, artıq dünya Azərbaycanı qəbul edir, Azərbaycanda qonaq olmaq istəyir. Avropanın ilk dəfə keçirəcəyi oyundur. Bu, tarixə ilk oyun kimi düşəcək. Tutaq ki, Yunanıstanda ilk olimpiya oyunları keçirilibsə, yəni, vətəni ora hesab edilirsə, birinci Avropa Oyunlarının da vətəni ölkəmiz olacaq. Bu şərəfli bir təqvim olacaq və nəvələrimiz belə bununla fəxr edəcək. Hesab edirəm ki, belə məsələlərdə birlik olsun və insanlar müəyyən məqamlarda millətin və dövlətin keşiyində dayanmağı bacarsın". Xatırlayırsınızsa, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirildiyi dönəmdə də bu kimi halların şahidi olduq. Yəni o zaman radikal müxalifət düşərgəsi heç bir səbəb olmadan gah aclıq aksiyası keçirir, gah da müxtəlif şayiələr yayırdılar. Bütün bunlara baxmayaraq, digər mötəbər tədbirlər kimi, Avropanın mahnı yarışması da müvəffəqiyyətlə başa çatdı. Sözsüz, bu dəfə də belə olacaq. Düzdür, ölkəmizin uğurlarını gözü götürməyən düşmən qüvvələr son vaxtlar yenidən fəallaşmağa başlasalar da, onlar və onlara "arqument" verən radikal müxalifət nümayəndələri, xüsusilə də Müsavat Partiyası, AXCP və Milli Şura adlı qurumda təmsil olunan şəxslər yenə də xalqın kəskin qınağına, hətta ən ağır ifadələrinə belə layiq görüləcəklər. Görünür, müxalifətin radikal qanadı hələ də bir həqiqəti dərk edə bilmir ki, idman sağlamlıqdır, dostluqdur, həmrəylikdir, xalqları bir-birinə daha da yaxınlaşdırır. Əslində, burda qəribə heç nə yoxdur. Çünki mənəvi cəhətdən xəstə olan radikal müxalifət düşərgəsinin bu cür mətləbləri dərk edə bilməməsi təbii haldır… Xülasə, artıq heç kimə sirr deyil ki, radikal müxalifət düşərgəsi - Müsavat Partiyası, AXCP və Milli Şura adlı qurum nəyin bahasına olursa-olsun Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa çalışır. Bu isə müxalifətçilik yox, Vətənə, millətə, xalqa, dövlətə və dövlətçiliyə qarşı xəyanətdən başqa bir şey deyil. Məhz elə bu kimi səbəblər üzündən ölkə vətəndaşları çoxdan radikal müxalifətlə olan əlaqələrini kəsib, ona yağlı dirsək göstərib. Çünki İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Qərbin klarnetini çalan, Azərbaycanın düşmənlərinin havasına oynayan digər şəxslərin fəaliyyəti xalqın ümumi maraqları üzərində deyil, məhz onların şəxsi istəkləri üzərində qurulub! Gündəlik Bakı Geri dön |