Ana Sayfa > Partiya > Zahid Oruc: “Putinlə Ərdoğanın Bakıya gəlişi daha önəmlidir...”

Zahid Oruc: “Putinlə Ərdoğanın Bakıya gəlişi daha önəmlidir...”


10-06-2015, 04:57. Yazar: admin
 Zahid Oruc: “Putinlə Ərdoğanın Bakıya gəlişi daha önəmlidir...”
Avropanın Fransa, Almaniya kimi iri, aparıcı dövlətlərinin rəhbərləri birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəlməsələr də, Azərbaycanın yaxın qonşluğundakı iki nəhəng dövlət-Rusiya və Türkiyənin prezidentləri ölkəmizdəki bu mühüm tədbirin açılışına qatılacaqlar. Artıq bu barədə rəsmi informasiyalar da verilib. Bir sıra siyasi təhlilçilər hesab edir ki, Azərbaycan üçün qonşuluğundakı iki böyük ölkənin birinci şəxsinin Bakıya səfər etməsinin əhəmiyyəti daha yüksəkdir, daha önəmlidir, nəinki hansısa uzaq Avropa ölkələrinin.

Deputat Zahid Oruc da düşünür ki, hansısa Avropa ölkəsinin rəhbərlərinin Avropa Oyunlarının açılışına qatılmamasından Azərbaycan itirmir. Qatılanlar kifayət qədərdir və Rusiya ilə Türkiyənin prezidentlərinin gəlişi daha önəmlidir: “Olimpiadalara gerçəkdən də dünyanın müxtəlif qitələrindən ölkə rəhbərlərinin qatılmasının şahidi olmuşuq. Bu, öz-özlüyündə idman bayramının üzərinə bir az da siyasi qatqılar edib, onun əhəmiyyətini daha güclü bir şəkildə təqdim eləməyə imkan yaradıb. Lakin Avropa Oyunları formatı üçün konkret olaraq bir model mövcud deyil ki, orada 20-30 və ya 50 ölkənin rəhbərlərinin iştirakı həmin tədbirin dünyəvi miqyasına təsir göstərir, onu bu cür legitimləşdirir. Əlbəttə, çox arzulayardıq ki, ilk növbədə Avropa arealına daxil olan ölkələrin rəhbərləri burada iştirak edərdilər. Çünki bu, öz-özlüyündə sülhü təşviq edir. Onların əksəriyyətinin leksikonunda bu ifadələr geniş yer tapmaqdadır. Angela Merkeldən Devid Kemerona qədər, o cümlədən ABŞ rəhbərləri səviyyəsində biz dəfələrlə dünyada sülhün, təhlükəsizliyin güclənməsi ilə bağlı mesajlar eşidirik. Avropa Oyunları Bakıdan belə müraciətlərin verilməsi üçün çox yaxşı tribuna idi. Sadəcə, iştirak faktı bu amilə xeyli dərəcədə təkan verirdi. Lakin bununla bərabər iştirak etməmələri də sırf Şərq mentallığında faciə kimi dəyərləndirilməməlidir. Rusiyanın heç də beynəlxalq münasibətlər sistemində əlverişli bir vəziyyətdə olmadığı bir dönəmdə Bakı turnesini yaxşı bir siyasi texnoloji addım kimi dəyərləndirənlər qoy bunu Avropa liderlərindən soruşsunlar ki, nədən onlar hansısa özəl bir mülahizəni əsas götürüb bu tədbirə qatılmayıblar”.

Z.Oruc onu da qeyd etdi ki, burada iştirak etməmə faktı avtomatik olaraq siyasi məna kəsb eləmir. Çox mümkündür ki, iştirak etməyənlərin hər birinin özünəməxsus səbəbləri var və bəlkə də diplomatik yazışmalarda bu haqda da geniş izahatlar verilir: “Bununla bərabər, yəqin ki, çox az bir qisminin gəlməməsinə Azərbaycandaxili səbəb qazandırmağının da şahidi olacağıq. Bir daha deyirəm ki, bu da yarışların ümumi şövqünə, əhəmiyyətinə mənfi təsir göstərməyəcək. Bu mənada Vladimir Putinin, Tayyib Ərdoğanın və daha 20 ölkə rəhbərinin iştirakı bütövlükdə sübut edəcək ki, Azərbaycanın hazırlıqları qarşısında qoyduğu yüksək hədəflər real idi, yerində idi, doğru seçilmişdi və biz ölkələrə bu vasitə ilə xitab eləmiş olduq, sübuta yetirdik ki, doğrudan da Azərbaycan sabitlik adasına çevrilə bilər”.

Z.Orucun fikrincə, Bakıya gəlməmək həmin dövlətlər üçün müəyyən mənada siyasi xal itkisidir: “Yəni sırf o dövlətlərin özlərinin mənafeyi baxımından dəyərləndirirəm ki, o yarışlarda hər bir ölkənin yüzlərlə idmançısı iştirak edir. Nə qədər ölkələrin siyasi quruluşu fərqli olsa da bu reallıq Avropa məkanında çoxdan möhkəmlənib ki, ölkə rəhbərlərini, hökumət başçılarının idman yarışlarında iştirakı həmin ölkənin idmançılarının mübarizəsinə əlavə güc verir. Dövlət və ya hökumət başçılarının gəlməmələri avtomatik mənfi bir aspektdə də qiymətləndirilə bilər. Putin və Ərdoğan isə Bakı turnesini düzgün qiymətləndiriblər. Hesab edirəm ki, onların hər ikisi müasir dünyada idmanın nə qədər böyük siyasi önəm daşıdığını, buna dünyanın nə qədər diqqət kəsiləcəyini hesablayıblar. Lakin bütün bunların üzərindən ən mühüm uğurlar məhz Azərbaycanın adına yazılacaq. Azərbaycanın yaxın qonşuluğundakı iki böyük dövlətin Avropa Oyunlarının açılışında iştirak üçün gəlməsi Azərbaycanın maraqları baxımından ciddi əhəmiyyət daşıyır”.

Geri dön