Ana Sayfa > Partiya > “Müsavatdan çıxarılmağım siyasi sifarişdir”
“Müsavatdan çıxarılmağım siyasi sifarişdir”19-05-2015, 12:54. Yazar: admin |
Müsavat Partiyası Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli mayın 17-də partiya sıralarından xaric edilib. Müsavat Partiyası Xətai rayon təşkilatı Şurasının bu barədə çıxardığı qərarda qeyd olunub ki, o, Nizamnamənin 1.9-cu maddəsini kobud şəkildə pozaraq, Müsavat üzvlərini partiyadan istefaya təhrik edib, partiyaya aidiyyatı olmayan adları saxta siyahıya salaraq, Müsavata zərbə vurmağa, partiyanın parçalanması görüntüsünü yaratmağa cəhd edib. Şura toplantısında iştirak edən 11 üzv E.Məmmədlinin Müsavatdan çıxarılması barədə qərara yekdilliklə səs veriblər. Partiyada baş verən proseslər, üzvlərə qarşı cəza tədbirləri, Müsavat başqanının rayon təşkilatlarına qazanc mənbəyi kimi baxması və sairlə bağlı “Kaspi”nin suallarını sabiq müsavatçı, ADR Hərəkatının sədr müavini E.Məmmədli cavablandırır. - Ellada xanım, Siz illərini Müsavata həsr edən, fədakar partiya üzvü kimi tanınmısınız və daim təmsil olunduğunuz təşkilatın maraqlarını müdafiə etmisiniz. Lakin son qurultay seçkilərindən sonra Müsavat rəhbərliyinə, onların təşkilatçılığına və fəaliyyətinə qarşı tənqidi fikirlərinizlə daha çox diqqət çəkmisiniz. Belə mövqe nümayiş etdirməyinizə səbəb nə idi? - Hər bir problemin kökü var. Mənim münasibətimin bu cür ifadə olunmasının da kökü var. Hər kəsə bəllidir ki, uzun müddət Müsavat Partiyasında qurultaya hazırlıq işləri yubadıldı. Hər dəfə yer bəhanəsi ortaya atıldı. Sonda da 2010-cu ildə qurultay keçirilmək üçün təklif edilən yerdə ötən il qurultay keçirildi. Maraqlı sual ortaya çıxır ki, əgər eyni yer qurultay keçirmək üçün münasib idisə, o zaman nədən bu tədbirin keçirilməsi bu qədər uzadılırdı? Kimsə iddia edə bilər ki, hansısa problemlər yaşanıb, ona görə. Ancaq bu, belə deyil. Burada yalnız bir məqsəd var idi. Arif Hacılının başqan seçilməsi üçün yerlərdən, təşkilatlardan ona müvafiq, Arif Hacılının sözündən çıxmayacaq, ona səs verəcək adamların konfransa seçilməsi işi aparılırdı. Elə rayon təşkilatları var idi ki, qurultay ərəfəsində bir çoxları buraxıldı. Yaxud qurultay öncəsi müəyyən bəhanələrlə bir çox təşkilatların konfrans nümayəndələrini qəbul etmədilər. Yəni partiyada nüfuzu olmayan bir adamı - Arif Hacılını başqan seçmək üçün bütün vasitələrə əl atıldı. Arif Hacılı heç vaxt insanlarla ümumi dil tapmağı bacarmayıb. Daim intriqaçılıqda, qrupbazlıqda ad çıxarıb. Bu sahədə onun böyük səriştəsi var. Bu faktı Müsavat Partiyası ilə əlaqəsi olan hər kəs, o cümlədən müxtəlif dönəmlərdə Arif Hacılı üzündən partiyadan gedən, yaxud onun qrupu tərəfindən şərlənərək çıxarılan adamlar da təsdiq edirlər. Yalnız 2014-cü ildə təşkilat komitəsinin qurultaya hazırlıq üzrə işində canlanma müşahidə edilirdi. Çünki Arif Hacılı istədiyi adamları yerlərdən konfransa nümayəndə kimi seçdirə bilmişdi. Lakin Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslının da başqanlığa namizədliyini irəli sürməsi təşkilat komitəsinin demək olar ki, hər iclasının qalmaqalla keçməsinə səbəb olurdu. Çünki təşkilat komitəsi üzvlərinin böyük əksəriyyəti icra aparatının rəhbəri vəzifəsini yerinə yetirən Arif Hacılının tabeliyindəki strukturların nümayəndələri idi. Bura İsa Qəmbəri də əlavə etsək, tərəflər arasındakı gücün hansı vəziyyətdə olduğunu aydın təsəvvür etmək mümkündür. Arif Hacılının başqan seçilməsi üçün artıq bir çox işlər qurultaya qədər reallaşdırılmışdı. Qurultay günü isə icra aparatının departament rəhbəri Zöhrab Məhərrəmlinin əksəriyyət üzvlərə bir-bir zəng etməsi, həmçinin qurultaya gələn nümayəndələrə birmənalı olaraq: “İsa Qəmbər Arif Hacılını dəstəkləyir, onun partiya başqanı seçilməsini istəyir”, - söyləməsi içəridə böyük çaxnaşmaya səbəb oldu. Eyni zamanda, başqan seçkisi də seçki qanununa qeyri-adekvat olaraq keçirildi. Qurultayda şəffaf proses yalnız bülletenlərin sayılması oldu. Bütün narazılıqların kökündə məhz bunlar dayanır. - ADR Hərəkatının sədr müavini seçilməyiniz, qurultay seçkiləri və Arif Hacılının fəaliyyəti barədə tənqidi çıxışlarınıza görə Sizin də digərləri kimi müxtəlif bəhanələrlə partiya sıralarından xaric ediləcəyiniz gözlənilən idi. Amma bu prosesin indiyə kimi yubadılmasına səbəb nə idi? - Rayon təşkilatlarının ayda bir dəfə keçirə bilmədiyi iclası Müsavat Qadınlar Birliyi daim yığışıb keçirə bilirdi. Bu, birliyin daim fəaliyyətdə olmasının göstəricisidir. Müsavatda bu gün fəaliyyətdə olan yeganə struktur Qadınlar Birliyi idi. Bundan ehtiyatlanaraq indiyə kimi mənə qarşı cəza tədbiri həyata keçirə bilmir, partiyadan kənarlaşdırılmağım barədə qərar vermirdilər. Çünki Qadınlar Birliyi daim fəaliyyətdə olduğu üçün həm partiya üzvlərinin, həm də medianın diqqətində idi. Birdən-birə Qadınlar Birliyini fəaliyyətsizlikdə ittiham etmək absurddur axı. Ona görə də zaman-zaman mənim barəmdə müxtəlif qərarlar verilməklə, Divan səviyyəsində xəbərdarlıq və sair edilməklə zəmin hazırlayırdılar. Nəhayət, mayın 17-də qeyri-obyektiv qərar üçün hüquqi zəmin yaratdılar və əsas niyyətlərini həyata keçirdilər. Əgər onların belə bir niyyətləri var idisə, məni də o iclasa dəvət etməli, fikrimi dinləməliydilər. Mənə qarşı irəli sürülən ittihamlara qarşı öz fikrimi bildirməyə şərait yaratmalı idilər. Ancaq onlar bunun heç birini etmədilər. Bundan başqa, Xətai rayon təşkilatından istefa verənlərin əksəriyyəti Şura üzvləridir. Onlar mənim məsələmə baxmaq üçün Şuraya iki nəfər üzv seçib, digər yalançı Şura üzvləri ilə birlikdə kvorum görüntüsü yaradıblar. Söylənilənlərdən də göründüyü kimi, Müsavat Partiyasından çıxarılmağım barədə qərar siyasi sifarişdir. Bu qərarın başında dayananlar da bəllidir. İsa Qəmbər ilə Arif Hacılı bir medalın iki üzüdür. Onlar bir-birlərini tamamlayırlar. - Sizə qarşı irəli sürülən ittihamlarda qeyd olunur ki, Nizamnamənin 1.9-cu maddəsini kobud şəkildə pozaraq, Müsavat üzvlərini partiyadan istefaya təhrik etmisiniz, partiyaya aidiyyatı olmayan adları saxta siyahıya salaraq, hakimiyyətə yaxın media qurumlarına ötürmüsünüz. Bununla da Müsavata zərbə vurmağa, partiyanın parçalanması görüntüsünü yaratmağa cəhd etmisiniz. Ünvanınıza deyilənlər nə dərəcədə əsaslıdır? - Bu ittihamların heç birini qəbul etmirəm. Əvvəla, ona görə ki, sözügedən siyahıda adları qeyd edilən və istefa verən 55 şəxs partiyanın qurucuları, Xətai rayon təşkilatının bərpaçıları, partiya üçün canından keçməyə hazır olan müsavatçılardır. Mənim o qədər böyük gücüm yoxdur ki, həmin 55 nəfərin fikrini yönləndirim, onlara təsir edim. Hər kəsin öz fikri, düşüncəsi var. O baxımdan, ünvanıma söylənilənlər açıq yalan və iftiradır. - Müsavat rəhbərliyi bildirir ki, bu günə kimi partiyadan istefa verənlər ümumilikdə 200 nəfər ancaq olar. Bu müddətdə isə bundan daha çox insan Müsavata üzv olub. Bu, həqiqətən də belədirmi? - Son qurultaydan sonra partiyadan elə adamlar istefa veriblər ki, onların bir nəfəri yeni gələnlərin yüzünə bərabərdir. Yeni gələnlər hələ siyasəti öyrənməli, insanlara, ictimai-siyasi proseslərə bələd olmalıdırlar. İndiki məqam üçün onların heç birinin əhəmiyyəti yoxdur. Bundan başqa, partiyaya gələnlərin böyük əksəriyyəti xaricə getmək, siyasi arayış almaq üçün Müsavata üzv olurlar. Bunu təsdiqləmək üçün əlimizdə kifayət qədər faktlar var. Təkcə Xətai rayon təşkilatında bir özəkdən bir ildə 20 adama xaricə sığınmaq üçün şərait yaradılıb. Günü bu gün onlara zəng vursaq, səsləri İsveçdən, Avstriyadan, Hollandiyadan, Almaniyadan gəlir. Onların, ümumiyyətlə Müsavat Partiyasına, müsavatçılıq ideyasına aidiyyətləri yoxdur. Onlardan soruşsaq ki, Məhəmməd Əmin Rəsulzadə kimdir, Müsavat Partiyası neçənci ildə yaranıb, onları da bilməyəcəklər. Misal üçün, bu yaxınlarda mətbuata müsahibə verən Ləman Talıbovanı götürək. Bu adam partiyaya üzv olandan iki ay sonra Belçikaya siyasi mühacir kimi sığınıb. Üzvlərinin xaricdə sığınacaq almasına görə “ən fəal” Müsavat Partiyası rayon təşkilatları Xətai və Binəqədidir. Məhz Arif Hacılının imzası ilə verilən arayışlar əsasında çoxsaylı müsavatçıların xaricdə sığınacaq alması barədə faktlar kifayət qədərdir. Bu kimi faktları Arif Hacılının üzünə dediyimiz üçün bizim kimi insanları Müsavatda görmək istəmir. O, partiyanı kiçik müəssisə kimi idarə etmək, siyasi biznesini qurmaq istəyir. - Faktiki olaraq Siz Müsavatdan çıxarılmısınız. Barənizdə qəbul edilən qərarla razılaşacaqsınız, yoxsa özünüzün təqsirsiz olduğunuzu sübut etməyə cəhd göstərəcəksiniz? - Bunlar elə başa düşürlər ki, Arif Hacılıya söz deyəndə, onun nöqsanını göstərəndə Müsavata söz demiş olursan, partiyanı dağıdırsan. Əslində isə bu, belə deyil. Müsavat Partiyasında bütün üzvlərin əməyi var. Partiyadan kənarlaşdırılmağım barədə qərardan sonra atacağım addımlara gəlincə, əvvəla, mən bu qərarla razılaşmıram. Bu günə qədər partiyadan uzaqlaşdırılanların əksəriyyəti barədə qərar onların özünün də iclaslarda iştirakı təmin edilmədən çıxarılıb. Bu günə qədər o adamların heç birinə partiyadan çıxarılmalarını təsdiq edən, Arif Hacılının möhürü ilə möhürlənmiş rəsmi sənəd verilməyib. Bu sənəd üçün müraciət edənlərə müxtəlif bəhanələr gətirilib. Mən də barəmdə çıxarılan qərarla bağlı rəsmi sənəd tələb edirəm. Nə zaman ki, partiya sədrinin imzası və möhürünün əks olunduğu belə bir sənəd əldə edəcəyəm, o zaman özümü partiyadan çıxarılmış hesab edərəm. Partiyada şaiəyə, söz yığınına deyil, fakta əsaslanaraq qərarlar qəbul edilməlidir. Belə bir qərar olmadığı halda özümü Müsavatdan çıxmış hesab etmirəm. Geri dön |