Ana Sayfa > Partiya > “Hakimiyyət maliyyə xəyanətlərini bağışlamayacaq”

“Hakimiyyət maliyyə xəyanətlərini bağışlamayacaq”


19-05-2015, 11:01. Yazar: admin
“Hakimiyyət maliyyə xəyanətlərini bağışlamayacaq”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas və politoloq İlqar Altay Moderator.az-a açıqlamasında son vaxtlar bəzi iş adamlarının həbsinə münasibət bildirib. İ.Altayın məntiq və müqayisələrlə zəngin mülahizələrini oxuculara təqdim edirik:

“Azərbaycanda bir sıra iş adamlarının son həbs dalğası doğrusu, ictimaiyyət üçün gözlənilməz oldu. Mən deyərdim ki, əksər insanlarımız üçün şok təsiri bağışladı. Bu sahibkarlar ölkə özəl iqtisadi sektorunun iri sahələrini idarə edirlər. Adi insanların təsəvvür edə bilməyəcəyi qədər milyon və milyardlarla həcmdə iş görən tutarlı biznesmen hesab edilirlər. Səviyyə və imkan baxımından "topdağıtmaz" hesab edilirdilər.

Digər tərəfdən, o da məlumdur ki, hakimiyyət nəzarəti bizim ölkədə güclüdür, hərtərəflidir. Səviyyəsiz və necə deyərlər, həlləm-qəlləm adama bu dərəcədə işgüzar şərait yaradılmaz. Dövlət özü maraqlıdır ki, bütün sivil inkişaflı dünyadakı kimi özləl sektor vicdanlı və bacarıqlı sahibkarlar hesabına iqtisadi sahənin yükünün çox hissəsini üzərinə götürsün, ümumi inkişafa xeyir versin. Bu saat suyu üfürə-üfürə içən, adi bir serjant vəzifəsinə işə götürdüyü şəxsi min bir cür yoxlamadan keçirən hakimiyyət on milyonlarla manatı, bu cür bahalı iş və layihələri firıldaq keçmişli insanlara necə etibar edib? Necə olub ki, ölkəsinin imici üçün əlindən gələni etməyə çalışan hakimiyyət Bakı Avropa Oyunları ərəfəsi bu cür skandallı həbslər aparmağa məcbur qalıb?

Bu ətrafdakı neçə günlük qalmaqallı proseslərin təhlili bunu göstərir: bir sıra insanlara özəl sektorun inkişafı naminə geniş sahibkarlıq fəaliyyəti üçün etimad göstərilib, həmin insanların bir qrupu sahibkar donuna girmiş fırıldaqçı-dələduz cıxıb, digərləri isə iş adamları olsalar belə, tamahlarını boğa bilməyib, bu qədər etimaddan başları gicəllənib, cəzalanmayacaqlarına, ölkənin sərvət içində üzdüyünə və bu baş qarışıqlıqda hər şeyin buraxma, başlı-başına mümkünlüyünə arxayın olub, külli miqdarda mənimsəmə törətmişlər. Düşünmüşlər ki, təki siyasi hakimiyyətə rəqib olma, müxalifətlə əlaqədə qurma, başını aşagı sal, öz işində ol və qalan nə istəyirsən et, get kef elə! Başa düşməyiblər ki, dövlətin qılıgına girib, aldadıb milyonlarını oğurlamaq, ölkədə iqtisadi sarsıntı yaratmaq siyasi hakimiyyətə qarşı qatı ekstremist olmaq deməkdir. Və bunların ölkə iqtisadiyyatına, dövlətə vurduğu ziyan nə qədər böyük və nə qədər son həddə çatmış imiş ki, görüləcək hüquqi əks-tədbirləri Avropa Oyunlarından sonraya, yəni bir ay belə, təxirə salmaq mümkünsüz olub”.

İ.Altayın bildirdiyinə görə, baş verənlər bəzi işbazların onlara göstərilən etimaddan sui-istifadə etdiyini göstərir: “Təəssüflər olsun ki, zaman göstərdi ki, sahibkarlığa yaradılan müsbət şəraitdən istifadə edən bəzi qeyri-səmimi işbazlar iqtisadiyyatımızın böyük həcmli sferalarına dürtülə bilmişlər. Planlı surətdə maliyyə fırıldaqları törədib müxtəlif mənimsəmələr hesabına ölkənin maliyyə-bank və digər iqtisadi sistemlərinə külli miqdarda ziyan vurmuşlar. Düşünürəm ki, bir qədər dərindən aparılacaq istintaq araşdırmaları zamanı həmin möhtəkir işbazların minlər, bəlkə də yüzminlərlə sadə vətəndaşımıza vurduğu ziyanlar da ortaya çıxacaq. Qətiyyən inkar etmək olmaz ki, yuxarıları aldatmağa “hünər” tapmış bir kimsə aşagıları aldatmaqdan, sadə, sıravi insanların vəsaitlərini mənimsəməkdən vaz keçsin. Ola bilməz ki, azacıq bilik, qabiliyyət, beyin tutumu potensialına malik insan birdən-birə hədsiz var-dövlət və fəaliyyət meydanına yiyələnmiş halda “müvəffəqiyyətdən” başı gicəllənməsin və öz davranışı ilə ölkənin, cəmiyyətin müxtəlif sferalarında özbaşınalıqlar törətməsin.

Bu başabəla "sahibkarların" hansısa dairələrdə məmur himayədarları belə olubsa, əminəm ki, onları da bu işbazlar bacardıqca aldadıblar. Üstəlik, onları zəmanətlərilə birlikdə dövlət və rəhbərlik qarşısında pis vəziyyətdə qoyublar. Bilirsiniz, dələduzluq özü bir ictimai xəstəlikdir, maniyadır ki, anındaca tutma tutdusa, ehtiras gəldisə, bu hal digər qorxu və məsuliyyət hissini üstələyir. Bu xəstələr üçün müqəddəs heç kim və heç nə ola bilməz. Nə vətən, xalq, nə partnyor, nə də ki, himayədar. Araşdırma praktikamda şahidi olmuşam ki, professional dələduz “sənətkar” öz ehtirasını saxlaya bilməyib və hətta, polis rəisini aldadıb, inandırıb, bahalı maşınını götürüb, satıb aradan çıxıb. Sonra tapılıb, tutulub, 8 il iş alıb. Sonra da... 8 il işi şərtiyə çevrilib və azadlığa buraxılıb... Buraxılan kimi yırtıcılığını davam etdirib, vətəndaşlara yenidən külli miqdarda ziyan vurub, yenidən tutulub, yenidən 10 il iş alıb. Indi, vay o halda ki, bu xiffətli insanlara inanılıb, 10 və 100 milyonlarla miqdarda vəsait, 100 milyon və hətta, milyardlarla həcmdə layihələr etimad edilir!

Məsələ də orasındadır ki, bu cür adamların əli çox yerə, çox səviyyəyə çatır. Belələri ilə aşağıdan tutmuş, yuxarılaradək nədənsə, daha asan kontakta girilir. Fikir versəniz, məsələn, eyni bir mənzili, ya maşını yaramaz birisindən daha rahatlıqla alırlar nəinki, vicdanlı təmiz insandan. İmkanlı insanlarımız elə bil ki, düzgün və qaydalı insanlarla kontaktdan, iş birliyindən, alış-verişdən çəkinirlər. Bilirlər ki, filankəsin 10 manatlıq mülkünün üstünə aradakı “işbaz” 5 manat da qoyub ona satır, amma buna razıdır, təki mülk sahibi olan doğru düzgün insanla kontakta girməsin. Bu bizim, bu gün fırıldaqçı və dələduzlara meydan verib, onların ölkədə tüğyan etməsinə şərait yaradacaq dərəcədə təəccüblü ictimai problemimizdir. Və maraqlıdır, bu pataloji sindrom siyasi, ictimai, incəsənət, təhsil, tibbi və sair sahələrimizdə də varmı?”

İ.Altay dövlətin milyonlarını mənimsəyən şəxslərin ciddi şəkildə cəzalandırılacağına əmin olduğunu qeyd etdi: “Bəzi insanlara təbii ki, ölkə iqtisadi inkişafına töhvə vermək ümidilə o cür böyük layihələri etibar etmək risklidir. Görün, məsuliyyət hissini gərək nə qədər itirəsən ki, dövlətin bankının 57 milyon manat borcunu qaytarmaq üçün deyəsən ki, 100 milyon daha versin, aparım işlədim ki, sonra 57-ni qaytarım! Çoxları düşünər ki, bu adam düşünərəkdən qəsdən zarafat edir, bəlkə də bankı ələ salır. Əslində isə, bu adam heç zarafat etmir, sadəcə ehtirasdan fikirləri, düşüncəsi korlanıb. Ona elə gəlir ki, bu, belə də olmalıdır, bu absurdluq bir normadır onun üçün. Bəlkə də ona göstərilmiş artıq inam, etimad, verilmiş geniş meydan onu bu hala çıxarıb. Və qəribə də burasıdır ki, bu adam bu durumla hələ, 100 milyardlıq layihə həyata keçirir! Təxminən, Rusiya Federasiyasının iki illik hərbi büdcəsi qədər!!

Heç şübhə yoxdur ki, hakimiyyət bu cür, külli miqdarda mənimsəmə faktlarını, maliyyə xəyanətini bağışlamayacaq, dövlətin və dövlətçiliyin sarsıdılmasına imkan verməyəcək. Təbii ki, hüquq-mühafizə orqanları mənimsənilmiş vəsaitlərin qaytarılmasını və günahkarların cəzalandırılmasını təmin edəcək. Ancaq burada itirilmiş bir şey var ki, onun yerini doldurmaq çətin olacaq. Bu, nədir?

Biznesmen, sahibkar, iş adamı olmaq xüsusi bacarıq, qabiliyyət və zəhmət tələb edən sahədir. İdman, incəsənət, siyasət sahələri kimi. Hər alim, siyasətçi, hüquq-mühafizə işçisi və ya ki, həkim gəlib yaxşı biznesmen ola bilməz. Elə professor var ki, iri-iri biznesmenlərə biznesdən mühazirə oxuyur, amma cıxıb bayırda bir dükan işlədə bilmir. Dünyada iki sahəyə: biznes və siyasət məkanına girmək üçün heç bir diplom tələb edilmir və ya şərt qoyulmur. Qapılar hamı üçün açıqdır, girmək asandır. Amma orada nə yer tutmaq və ya sonradan oradan nə cür çıxmaq böyük problemdir. Çünki bu məkanlar yalnız təbii istedadı tanıyır və şöhrətli olduğu qədər də amansızdır”.

İ.Altay bütün sahələrdə olduğu kimi iqtisadi sektorda da vicdanlı və dürüst insanların fəaliyyət göstərməsinin vacibliyini vurğuladı: “Hər bir ölkənin, xalqın içərisində xüsusi bacarıqlı seçmə insanlar var ki, yalan və fırıldaq yapmağa ehtiyacı olmadan, öz şəxsi qabiliyyəti hesabına böyük sahibkara, biznesmenə çevrilə bilər. Həm özünə və həm dövlətinə böyük xeyir gətirə bilər. Amma bəzən bir ölkədə həmin sağlam şərait olmadıqda, həmin potensiallar sıxılır, əriyir və ya başqa bir ölkəyə gedib çalışmağa məcbur olur. Onlarınsa yerinİ, ədalətsiz bir mühitin nəticəsi olaraq, layiqsiz və yalançı "sahibkarlar" tutur. Nəticədə xalqın milli burjuaziya deyilən vacib, qiymətli təbəqəsi zədələnir, ləkələnir.

İndi, gəlin hesablayaq ki, bu gün iqtisadi sektorumuzda aşkar olunan yalançı, qurama "sahibkarların" tutduğu yerlərin hesabına nə qədər istedadlı, vicdanlı, xeyirxah iş adamlarımızı itirmişik?! Bu itkilər olmasaydı, bizim ümumi iqtisadiyyatın qeyri-neft sektoru hansı inkişaf tempində olardı? Və iqtisadiyyatın dünyaya hakim kəsildiyi müasir dövrdə siyasi, ziyalı, incəsənət, idman elitalarımızla müqayisədə bu gün milli burjuaziya elitamız nə səviyyədədir və kimlərdən ibarətdir?

Ümid edək ki, bu son sarsıdıcı mənfi maliyyə təzahürləri ölkədə yeni iqtisadi islahatlar dövrünün başlangıcı olar. Həyatda bəzən, mənfi, arzuedilməz hadisə müsbət dəyişikliklərin səbəbi ola bilir. Necə ki, deyirlər, səbəb Allahdandır”.

Geri dön