Ana Sayfa > Partiya > "Laçın dəhlizinin mühafizəsində Türkiyə hərbçiləri də iştirak etsinlər" - Partiya sədri

"Laçın dəhlizinin mühafizəsində Türkiyə hərbçiləri də iştirak etsinlər" - Partiya sədri


4-02-2022, 13:17. Yazar: admin
"Laçın dəhlizinin mühafizəsində Türkiyə hərbçiləri də iştirak etsinlər" - Partiya sədri

Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü il aprelin 3-də Ermənistanla bütün sərhədlərini bağlayıb. Eyni zamanda diplomatik əlaqələri kəsərək, dəmiryol, hava əlaqələrini, tranzit-ticarət xətlərini kəsdiyini elan edib. 29 ildən sonra Türkiyə ilə Ermənistan arasında uçuşlar qarşılıqlı şəkildə bərpa olunub. Ötən gün ilk təyyarə İrəvandan İstanbula uçub. Sərnişinlər uçuşdan öncə İrəvan Zvartnots hava limanında Ara Gülərin İstanbul fotoşəkillərindən ibarət sərgisinə baxıblar. 64 sərnişin İstanbul hava limanında gül-çiçəklə qarşılanıb. İki ölkə arasındakı əlaqələrdən danışan Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müsbət təsir göstərəcək:

“Problemlərin həlli, münasibətlərin normallaşması bütün regiona və paralel proseslərə həmişə müsbət təsir göstərir”. Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, iki mühüm addım atmalıdır. Desticiyə görə, ermənilər türk tarixinə qarşı əsassız, qondarma erməni "soyqırımı" iddialarından əl çəkməlidir. Partiya sədrinin fikrincə, bunlardan əl çəkmədən normallaşma prosesi nə sağlam, nə də uzunmüddətli olacaq. DİA.AZ-ın məlumatına görə, Ankara-İrəvan əlaqələrini “Şərq”ə dəyərləndirən Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, iki ölkə arasında birbaşa təyyarə reysləri olmasa da, ermənilər Gürcüstan vasitəsi ilə Türkiyəyə gedə bilirdilər. Partiya rəhbəri vurğulayıb ki, Türkiyədə yüz mindən artıq erməni var:

“Artıq Türkiyə-Ermənistan arasında birbaşa reyslər açılıb. Vaxtı ilə iki ölkə arasında münasibətlərin normallaşması yönündə müəyyən addımlar atılıb. 2009-cu ildə Sürix protokolları imzalansa da, bəlli səbəblərdən icra olunmayıb. Daha sonra Qars bələdiyyəsi Ermənistanla sərhədlərin açılması istiqamətində bir sıra addımlar adıb, hətta bununla bağlı qərar çıxarıb. Narazılıq və gərginlikdən sonra aradan qaldırılıb. İndi vəziyyət fərqlidir, reallıqlar dəyişib. Türkiyə prosesi mümkün qədər yumşaltmağa çalışır. Sirr deyil ki, Türkiyəyə düşmən olan dairələr hər zaman ermənilərdən siyasi məqsədlər üçün istifadə ediblər. Qondarma “soyqırım” və s. məsələlərlə Türkiyənin mövqeyini sarsmağa cəhd göstəriblər. Ankara bu kimi məqamları neytrallaşdırmaq, Rusiyanın Ermənistana təsir imkanlarının azaldılmasına nail olmaq məqsədi güdür. O baxımdan İrəvana yönəlik yumşaq mövqe sərgiləyir. Biz də bunu normal və vacib hesab edirik. Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarından da vaz keçməkdən başqa yolu qalmayıb. Ermənilərin Türkiyəyə ərazi iddiaları istehza ilə qarşılanan qeyri-ciddi məsələlərdən biridir”.

Ə.Oruc vurğulayıb ki, Azərbaycanda “5-ci kolon”un nümayəndələri qəsdən hay-küy salırlar ki, Azərbaycan-Ermənistan arasında yekun sülh imzalanmadan Ankara-İrəvan əlaqələri bərpa olunmamalı, sərhədlər açılmamalıdır:

“Türkiyə rəhbərliyi birmənalı bəyan edib ki, bütün addımlar rəsmi Bakı ilə razılaşdırılır. 44 günlük müharibə ərəfəsində, savaş zamanı və ondan sonrakı mərhələdə qardaş Türkiyənin proseslərdə necə aktiv rol oynadığını bilirik. Regionda yaşananların dolayı şəkildə Türkiyə ilə əlaqəsi var. Türkiyə Azərbaycanla bağlı nəyi bacarırsa, tərəddüdsüz həyata keçirir. O baxımdan bəzi şəxslərin suyu bulandırmasına imkan vermək olmaz. Əfsuslar olsun ki, ölkəmizdəki rusmeyilli qüvvələr, iranpərəstlər, Avropadan maliyyələşən şəxslər Türkiyə ilə qardaşlıq münasibətlərimizə zərbə vurmaq üçün fürsət gözləyirlər. Bir neçə dəfə təklif etmişəm ki, Laçın dəhlizinin mühafizəsində Türkiyə hərbçiləri də iştirak etsinlər. Laçın dəhlizində Türkiyənin hərbi qarnizonu yerləşdirilsin. Bununla bağlı konkret saziş bağlanmalıdır. Qardaş ölkə bütün proseslərin mərkəzində olmalıdır. Bunu da biz təmin etməliyik”.
Geri dön