Ana Sayfa > Partiya / Manşet > “Gömrük Komitəsi haradansa əlavə pul yığır”

“Gömrük Komitəsi haradansa əlavə pul yığır”


25-12-2021, 12:25. Yazar: admin
“Gömrük Komitəsi haradansa əlavə pul yığır”
“Cümhuriyət”in bugünkü müsahibi Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərlidir. Natiq Cəfərli ilə Zəngəzur dəhlizinin Azərbaycan səmərəsi, Ermənistanın gömrük postu niyyəti, eyni zamanda Dövlət Gömrük Komitəsinin fəaliyyəti, daxili bazarda bahalaşma, parlamentin boş qalan yerlərinə seçkilərin keçirilməsi və digər məsələlərlə bağlı söhbətləşdik.

-Zəngəzur dəhlizinin Azərbaycan və bölgə dövlətləri üçün iqtisadi səmərəsi nə olacaq?

-Bunun iqtisadi səmərəsindən əlavə ölkədaxili önəmi də var. Azərbaycanın Naxçıvanla uzun illərdir ki, birbaşa əlaqəsi yoxdur. İran üzərindən avtomobil və hava yolu ilə əlaqə mövcud idi. Bu, ölkənin bütövlüyü, Naxçıvanla birbaşa əlaqələrin bərpası baxımından çox vacibdir. Uzun illərdir ki, Azərbaycan logistik mərkəzə çevrilmək istəyir. Bunun üçün yatırımlar edilib. Təqribən 700 milyon dollara yaxın Bakı-Tbilisi-Qars dəmir yol xəttinə xərc qoyulub, 500 milyon dollara yaxın Cənub-Şimal dəhlizi üçün İrana kredit xətti ayrılıb. Bir neçə ildir ki, Azərbaycanın logistika mərkəzinə çevrilmək cəhdi var. Zəngəzur dəmir yolunun açılması bunun daha çox şaxəli olmasına və daha tez maşrutların yaranmasına səbəb olur. Türkiyədən Orta Asiya ölkələrinə çıxış hazırda Gürcüstan üzərindəndir. Bu istiqamətdə dəmir yolu, ümumiyyətlə, yoxdur, avtomobil yolu ilə Bakıya gəlir, bərələr vasitəsilə ya Türkmənistana, ya Qazaxıstana gedirdilər. İndi isə daha rahat və ucuz dəmir yolu vasitəsilə Türkiyədən Orta Asiyaya qədər yeni maşrut yaradılır. Bu da logistik mərkəz olaraq Azərbaycanın önəmini artırır, həm də tranzit gəlirləri olacaq. İlkin hesabalamalara görə ildə 70-80 milyon dollara yaxın sırf tranzit gəliri əldə edəcəyik. Azərbaycan əgər daxildə də iqtisadi fürsətlərin genişlənməsi yolunu tutsa, ixrac istehsalının bir hissəsində, həm işğaldan azad olunmuş bölgələrdə, həm də digər regionlarda yerləşdirə bilər. Bu da Azərbaycana əlavə gəlirlər gətirə bilər.

-Ermənistan Zəngəzurdə gömrük postu qoymaq istəyir. Azərbaycan isə buna qəti etiraz edərək Laçın dəhlizində eyni vəziyyəti yaradacağını bildirib. Ermənistan bunu edərsə, hansı problemlər yaranar?

-Əslində, tranzit daşıma ilə gömrük rüsumları tamamilə fərqlidir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması baş verəcəksə, tranzit yükdaşmalar üçün əlavə vəsaitin ödənilməsinə ehtiyac qalmayacaq. Necə ki, bu gün Türkiyədən Orta Asiyaya, eləcə də Rusiyadan İrana və əks istiqamətdə gedən yüklər Azərbaycan ərazisindən keçdiyinə görə tranzit xərcləri olur, amma gömrük rüsumu ödənilmir. Çünki həmin məhsullar Azərbaycanda realizə olunmadığı üçün gömrük rüsumu və ƏDV ödəməyə ehtiyac qalmır. Əgər Azərbaycanla Ermənistan arasında buna bənzər yanaşma olacaqsa, gömrük rüsumu, ümumiyyətlə, gündəmə gəlməyəcək. Amma belə bir anlaşmanın olmamasından istifadə edərək Ermənistan gömrük xərcləri tələb edəcəksə, o zaman Laçın koridorunda eyni şəkildə vəziyyət üçün Azərbaycana hüquqi şans yaranır. Sərhəd postunun və gömrük keçid məntəqəsinin Laçın dəhlizinin girişində qoyulması Azərbaycanın həm də bir nömrəli təhlükəsizlik məsələsidir. Bu anlamda Azərbaycan ikili uduş qazanmış olur. Birincisi, Ermənistan razılaşır ki, Zəngəzurdə gömrük postu olmasın. İkincisi isə Ermənistan Zəngəzurda gömrük postu qoyur və Azərbaycanın hüquqi yaranır ki, Laçın dəhlizində gömrük postu yaratsın. Digər tərəfdən, Ermənistana gedən yüklərin böyük bir qismi Azərbaycan üzərindək keçəcək. O zaman Rusiyadan Ermənistana çatacaq yüklərə də Azərbaycan böyük gömrük rüsumları tətbiq edə bilər. Düşünürəm ki, Ermənistanın Zəngəzurda gömrük postu quracağı ilə bağlı mesajı sadəcə daxili auditoriyaya hesablanmışdı. Ermənistan uduşlu tərəf olmur, çünki Azərbaycan da bunu Laçın dəhlizində edəcək.

-Gömrükdən danışmışkən, keçmiş sədr Aydın Əliyev gedəndən sonra büdcə daxilolmaları artdı. Bu artımlar nəyin hesabına başa gəlir? Çünki həmin dövrdən nə gömrük rüsumu, nə də ƏDV-də artım olub...

-Bu, çox yaxşı sualdır və Gömrük Komitəsi özü buna cavab verməlidir. Komitə sədri son açıqlamasında “mənim dövrüm və məndən əvvəlki dövr” ifadəsini işlətdi və bildirdi ki, o zamanlar 14 ilə 10 milyard vəsait yığılmışdı, indi isə 4 ilə az qala eyni vəsait yığılıb. Amma burada mənim və məndən öncəki dövr yoxdur. Komitənin İndiki sədri Aydın Əliyevin dövründə birinci müavin olub. Yəni o zaman gömrükdə problemlər olubsa, Səfər Mehdiyevin də məsuliyyəti var. Gömrükdən dövlət büdcəsinə daxilolmalarının artmasının isə iki səbəb var. Doğrudur ki, son 12 ildə gömrük rüsumları artmayıb. Hazırda üç pilləli (0-5-15) gömrük rüsumu mövcuddur, ƏDV isə 18 faizdir. Belə çıxır ki, əvvəl gömrükdən yan keçən mallar indi gömrük deklarasiyasında bəyan olunur. Əgər belədirsə, o zaman mallar gömrükdən niyə yan keçirdi? İndiki rəhbərlik niyə buna göz yumurdu? Bu suallar da meydana çıxır. İkinci məsələ isə ondan ibarətdir ki, gömrüyün özünün işləmə qaydalarına görə də artımlar olur. Bu da ölkədəki qiymət artımına gətirib çıxarır. Söhbət rəsmi invoyslara inanmamaqdan gedir. İstər avtomobildə, istərsə də digər məhsullarda olsun, iş adamları gətirdikləri malın rəsmi invoys qiymətini Gömrük Komitəsinə sübut edə bilmirlər. Mən uzun illərdir ki, konstaltinq işi ilə məşğulam. Bir müştərim vardı, Almaniyadan Bakıya qida əlavələri gətirmişdi. Bakıda onların satışı 18 manat idi, həmin şəxs isə Almaniyadan bunu 4 avroya almışdı. Gömrük Komitəsi israr edirdi ki, qiyməti aşağı yazdırmısınız və biz bunu ən az 6 avro ilə rəsmiləşdirə bilərik. Bu, hələ bilinən haldır. Yüzlərlə bu cür məsələlər gizli qalır. Gömrük Komitəsi anlamalıdır ki, iş adamının ödədiyi vəsait onun yox, vətəndaşın cibindən çıxır. Son iki ildə bazardakı qiymət artımının əsas səbəblərindən biri də, məhz gömrüyün bu yanaşmasıdır.

- Komitə israrla deyir ki, bahalaşmanın səbəbi onlar deyil. Amma reallıqda daxili bazarı qorumaq adı altında qurumun monopoliyaya dəstəyini görürük...

-Bu yanaşmanın özündə təzad var. Çünki Gömrük Komitəsi özü bəyan edir ki, son illər daha çox pul yığır. Əgər rüsum, vergi artmayıbsa, ölkənin ticarət dövriyyəsində kəskin artım olmayıbsa, gömrük əsasən pulu idxaldan qazanır, ixrac əməliyyatları stimullaşdırıldığı üçün o qədər böyük rüsumlar tətbiq olunmur. Deməli, Komitə haradansa əlavə pul yığır. Əgər büdcəyə əlavə pul yığırlarsa, bahalaşmanın səbəblərindən biri də, məhz budur. Gömrük Komitəsi deyə bilər ki, qanunun tələblərini tətbiq edir, amma burada da pozulur axı. Əgər vətəndaşın qanuni invoysuna inam olmur və Gömrük Komitəsi daxili nizamnaməsinə, qiymətləndirmə komissiyasının rəyinə görə rüsum hesablayırsa, deməli, bahalaşmada gömrüyün də günahı var. Komitə rəhbəri çıxışlarında tez-tez deyir ki, kim bizə monopoliya göstərsə, cəzalandırarıq. Söhbət ondan getmir ki, kimsə gömrükdə üzərinə “monopolist” yazıb gəzir. Heç kim də zorla, güc tətbiq etməklə monopoliya yaratmır. Sadəcə olaraq iki nəfər eyni malı gətirisə, onlardan biri məmur biznesidirsə, ona “yaşıl koridor” açılır, rəsmiləşdirmə daha doğru şəkildə və tez olur. Adamı olmayan, əziyyət çəkən sahibkardan isə rüşvət almasalar belə, gecikmələr olur və daha yüksək rüsumlar hesablanılır. Nəticədə bazarda rəqabətsizlik mühiti yaranır. Çünki gətirdiyim mal mənə baha başa gəlir və onu məcbur olub dəyər-dəyməzinə satıb bazardan çıxıram. İnhisarçılıq bu cür yaranır. Ərzaq mallarına sahibkarlar ona görə girişmirlər ki, daha tez xarab olur. Bəzən formal bəhanə ilə məhsulları həftələrlə gömrükdən keçirmirlər. Nəticədə iş adamı ziyana düşür və bir daha o işə girişmir. Qeyri-ərzaq mallarında isə inhisarçılıq başqa cür yaradılır. Bir iş adamı Azərbaycana şüşə gətirirdi. Ona daha yüksək gömrük rüsumu tətbiq etmək üçün əlavə sertifikatlar tələb olundu. Uyğunluq setifikatı Komitəyə verildi, dedilər yalandır, gedib təzəsini gətirib. Bunun üçün də sahibkar əlavə xərc çəkməli oldu. Sonra tələb etdilər ki, laboratoriyaya getməlidir, bilməliyik ki, bunun içində insan həyatına təhlükə yaradacaq maddələr yoxdur. Bunu yoxlamaq bir ay çəkir, bunun da xərcini sahibkara ödətdirirlər. Laboratoriya belə bir rəy verir ki, zərəri ola da bilər, olmaya da. Bu cür tələblərlə məhsulun gömrükdən keçməsi iki ay çəkdi və iş adamı sonradan o malı sata bilmədi. Çünki satmaq istədiyi topdansatış qiymət pərakəndə qiymətdən baha çıxdı. Bahalaşmanın əsas səbəblərindən biri də məhz budur.

-Sosial müavinət, pensiya, minimum əməkhaqqı artdı. Paralel olaraq bazarda da bahalaşma sürətlə gedir. Artım bahalaşma ilə adekvat olacaq?

-Rəsmi statistikaya güvən çox azdır. Amma hətta rəsmi statistikanı da əsas gətirərək bəzi məsələləri aydın görmək olur. 2021-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 2 faiz artıb. Amma inflyasiya rəqəmləri artıq ikirəqəmlidir. Ərzaq inflyasiyası 14 faizi keçib. Belə çıxır ki, əhalinin gəlirləri 2 faiz artıbsa, real gəlirləri azalıb. Yəni insanlar 2019, 2020-ci ilə nisbətən 2021-ci ildə ən az 10-12 faiz kasıblaşıb. Bunlar rəsmi rəqəmlərdir. Yenə rəsmi rəqəmlərə görə, əhali qazancının 55 faizini ərzağa xərcləyir. Bu, ən kasıb ölkələr səviyyəsidir. İnkişaf etmiş ölkələrdə bu, 12-15 faiz aralığındadır. Ərzaq inflyasiyasının isə rəsmi rəqəmlərə görə 14 faiz olması o deməkdir ki, ərzaqa xərclədiyi pul artıb, həcm olaraq isə azalıb. Çünki Azərbaycanda ərzaq ticarət dövriyyəsi bu il cəmi 3 faiz artıb. Bu isə o deməkdir ki, mal alan azalıb, sadəcə qiymət bahalaşıb deyə 3 faiz artım qeydə alınıb. Bütün bunlar onu göstərir ki, hökumət hətta maaş və təqaüdləri ortalama 20 faiz artırsa belə, bu, ötən ilin itkilərini müəyyən dərəcədə konpensasiya etsə də, gələn ili konpensasiya etmir. Yəni artım yanvar ayından olacaq, amma artıq bu xəbər inflyasiyanı sürətləndirib. İş adamları qiyməti indidən artırır. Amma maaş artımı hələ insanların əlinə çatmayıb. Düzdür, artımlar rəqəm və faiz olaraq kifayət qədər ciddidir. Amma faktiki alım gücünə görə inflyasiya o artımların 14-15 faizini əvvəlcədən “yeyib”. Bunun üzərinə kommunal xidmətləri də gəlsək, hökumətin verəcəyi artımları artıq 2020-ci il “yeyib bitirib”. Gələn il bu artımları hiss edə bilməyəcəyik. Çünki qiymət artımı durmur. Ən böyük problemlərdən biri isə odur ki, manatın alıcılıq qabiliyyəti sürətlə aşağı düşür, hökumət isə buna göz yumur. Əsasən manatın məzənnəsinə diqqət ayırıblar, çünki bunu siyasi sabitlik simvoluna çeviriblər. Bu da düzgün yanaşma deyil, məzənnə iqtisadi kateqoriya olmalıdır. Ona görə də alıcılıq qabiliyyətinin aşağı düşməsinə önəm vermirlər. Bu, əslində çox ciddi problemdir. Çünki manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi ən azı devalvasiya qədər təhlükəlidir. Devalvasiyada manat 20 faiz dəyər itirirsə, qiymətlər 10-15 faiz artır. Amma manatın dəyərdən düşməsi birbaşa vətəndaşın aldığı maaşa təsir edir. 500 manatla əvvəl 5 dəfə böyük bazarlıq edirdinsə, indi 3 dəfə edə bilirsən. Manatın dəyərdən düşməsi insanları kasıblaşdıran əsas faktorlardan birinə çevrilir.

-Problemlərdən çıxış yolu kimi liberal və azad sahibkarlığa keçid etmək təklif olunur. Biz niyə buna keçə bilmirik?

-Çünki bu keçid hüquqdan başlayır, iqtisadiyyatdan yox. Birinci islahat hüquqda və idarəetmə sistemində olur, zad və ədalətli məhkəmə sistemi qurulur. Ondan sonra iqtisadi açılım başlayır. Azərbaycanda bu gün belə addımların işə düşməməsinin əsas iki səbəbi var. İdarəetmə sistemi imkan vermir və ədalətli məhkəmə yoxdur. Bu iki amil Azərbaycanda iqtisadiyyatın liberallaşmasına problem yaradır. Bu, qlobal, fəlsəfi problemlərdir. Bir də lokal problemlər var. Hökumət düşünür ki, azad bazar iqtisadiyyatında pul qazanan insanlara nəzarət etmək olmur. Onların sabah siyasi anbisiyaları olar, partiya qurar, siyasi təşkilatlara maddi dəstək göstərə bilər. Bu da yan təsirlərindən biridir.

-Partiya demişkən, Məzahir Pənahov parlamentin boş qalan yerlərinə seçkidən danışdı. Partiya olaraq seçkilərdə iştirak edəcəksiniz?

-Seçkilərdə iştirakla bağlı bizim fundamental qərarımız var. Seçki siyasi partiyanın əsas işidir. Əgər siyasi partiya seçkidə iştirak etmirsə, onun bir təşkilat kimi əhəmiyyəti qalmır. Ona görə boş qalmış yerlərə keçiriləcək seçkilərdə də iştirak edəcəyik. Düzdür, hələ neçə dairədən namizəd veriləcəyi ilə bağlı qərar yoxdur, amma ümumi olaraq iştirak edəcəyik.

-Parlament partiyası olmaq ReAl-a nə verdi?

-Ən böyük təcrübə. Çünki mətbəxdə gedən söhbətləri siyasi partiyalar bilməlidir ki, fikrinin formalaşması üçün əsas yaransın. Azərbaycanın müxalifətinin uzun zamanlar ən böyük problemlərindən biri o idi ki, hakimiyyət daxilində gedən prosesləri ancaq kənardan izləyib. Bu da təcrübə qazanmağa, real mənzərəni görməyə imkan vermirdi. ReAl-ın parlament partiyası olması qanunvericilik təşəbbüslərinin hazırlanmasında bizim təcrübəmizi artırdı. 3 yeni qanun layihəsi hazırlayıb həftənin əvvəlində parlamentə göndərdik. Onların hazırlanmasında 18 gənc hüquqşünas iştirak etdi. Onlar üçün çox böyük təcrübə, həvəs idi. ReAl-ın 2 ilə yaxındır parlament partiyası olması iki məsələdə- həm təcrübə, həm də mətbəxdə olan söhbətləri tez bilib ona uyğun fikir formalaşmasında kömək oldu. Çünki deputat Erkin Qədirli həm AŞPA-nın, həm Azərbaycan-Britaniya, həm də Azərbaycan-ABŞ dostluq qruplarının, AŞPA-nın bir neçə komitəsinin üzvüdür. Birində hətta Azərbaycan təklif etmədən Avropa Parlament qrupu özü Erkin Qədirlini təklif etdi. İlk dəfə idi ki, azərbaycanlı bir deputatın təqdimatını bir irland etdi, onu hüquqi prosedurlar qrupuna seçdilər. Bu da ciddi təcrübədir. Orada gedən müzakirələr Erkin Qədirli vasitəsilə Azərbaycana tərcümə olunur. Dünyada qlobal bir gündəm var. Bizim siyasi gündəm hər zaman bəsit olub. O da hakimiyyətin günahıdır ki, əsasən siyasi məhbus, mitinq məsələləri gündəmdə olub. Bu da siyasətin çox bəsit bir formasıdır. Qlobal siyasət fərqlidir. ReAl-ın isə üstünlüyü ondadır ki, Erkin Qədirli vasitəsilə həm daxili siyasətin, həm də qlobal siyasətin "mətbəxinə" çıxış əldə edib.

Geri dön