Ana Sayfa > Partiya > Helikopter qəzasında sağ qalmış hərbçilər VİP sədrini məhkəməyə veriblər
Helikopter qəzasında sağ qalmış hərbçilər VİP sədrini məhkəməyə veriblər24-12-2021, 12:00. Yazar: admin |
Qəzaya uğrayan "Mi-17" tipli helikopterdən sağ çıxmış hərbçilər Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi məhkəməyə veriblər. Bizimyol.info-ya bu barədə VİP-in mətbuat xidmətindən məlumat veriblər. Bildirilir ki, bu gün Yasamal Rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında iki məhkəmə iclası keçiriləcək. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib. "Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun sədrlik edəcəyi məhkəmə iclası saat 15-00-a, Ramin Ədilovun iddiası üzrə hakim Rauf Daşdəmirovun sədrlik edəcəyi iclas isə saat 16-20-yə təyin olunub. Qeyd edək ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 09.10.2021-ci ildə “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar məhkəməyə ünvanladıqları şikayət ərizəsində Əli Əliyevin həmin fikirlərini kontekstdən çıxarılmış və tamamilə təhrif olunmuş formada təqdim ediblər", - deyə məlumatda bildirilir. Vətəndaş və İnkişaf Partiyası Əli Əliyevə qarşı qaldırılmış bu əsassız iddiaları və məhkəmə araşdırmasının operativliklə təyin olunmasını siyasi hakimiyyətin VİP sədrinə qarşı təzyiq kampaniyası kimi dəyərləndirib: "VİP növbəti dəfə hakimiyyəti ölkədə vətəndaş həmrəyliyini sarsıdan və siyasi qarşıdurmanı dərinləşdirən bu kimi addımlardan çəkinməyə, köklü islahatlar çərçivəsində gerçək siyasi açılıma başlamağa çağırır", -deyə məlumatda bildirilir. Geri dön |