Ana Sayfa > Partiya > Prezidentin Brüsseldə prinsipial mövqeyi əlimizi gücləndirdi - Partiya sədri

Prezidentin Brüsseldə prinsipial mövqeyi əlimizi gücləndirdi - Partiya sədri


17-12-2021, 09:23. Yazar: admin
Prezidentin Brüsseldə prinsipial mövqeyi əlimizi gücləndirdi - Partiya sədri

“Prezident İlham Əliyevin Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının birmənalı və konkret mövqeyini ortaya qoyması olduqca təqdirəlayiqdir”. DİA.AZ xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, prezident haqlı olaraq vurğuladı ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalı, Ermənistan da eyni şəraiti Naxçıvanla Azərbaycanın digər əraziləri arasında təmin etməlidir: “Ermənistan bunu etməyə borcludur və məhkumdur. 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayan Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb.

Bu ölkənin sürüşkən mövqeli Baş naziri Nikol Paşinyanın isə guya, 10 noyabr bəyanatında “dəhliz” sözünün yer almaması ilə bağlı söylədikləri söz oyunu və spekulyasiyadan başqa bir şey deyil. İmzaladığı öhdəliyin məsuliyyətini dərk etməyən Ermənistan liderinin sözlərin formal tərəfini qabartması sadəcə və sadəcə öz ölkəsinin ictimaiyyətini, daxili auditoriyanı aldatmaq cəhdidir. Dövlət başçısı İlham Əliyev istər Paşinyanın, istərsə də bütün ermənilərin anlaya biləcəyi tərzdə, çox sadə dildə izah etdi ki, bu gün Azərbaycan Laçın dəhlizindən sərbəst və təhlükəsiz istifadə etməyiniz üçün tam normal şərait yaradıb. Laçın dəhlizində heç bir post yoxdur. Deməli, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır.

Məsələ bu qədər aydın və sadədir. Amma həm də prinsipial məsələdir.

Əgər Ermənistan Azərbaycanın Zəngəzur dəhlizindən eyni şərtlərlə istifadə etmək haqqını tanımasa, o zaman Azərbaycan da Laçın dəhlizində gömrük postu açmaq imkanından yararlanacaq”. Ə.Hüseynov vurğulayıb ki, Ermənistanın yalnız iki seçimi var. Ya Azərbaycanın şərtləri əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməli, ya da Laçın dəhlizindən istifadə etmək imkanını itirməsi ilə barışmalıdır: “Ölkə rəhbəri İlham Əliyevin də qeyd etdiyi kimi “biz hər iki varianta açığıq, ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”. Azərbaycanın dövlət başçısının Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı bu cür prinsipial mövqe sərgiləməsi proseslərin sonrakı gedişində əlimizi daha da gücləndirəcək”.
Geri dön