Ana Sayfa > Partiya > Erkin Qədirli: “Azərbaycanda müxalifət yoxdur”

Erkin Qədirli: “Azərbaycanda müxalifət yoxdur”


7-05-2015, 11:54. Yazar: admin
Erkin Qədirli: “Azərbaycanda müxalifət yoxdur”
Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli ölkənin daxili siyasi gündəmi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Qarşıdan parlament seçkiləri gəlir, amma ölkənin siyasi mühitində elə də nəzərə çarpan canlanma müşahidə edilmir. Bunun səbəblərini nədə görürsünüz?

- Hüquqşünas kimi bunun səbəbləri sırasında qanunların işləməməsini görürəm. Azərbaycanda çoxlu qanun olsa da, onların işləmə mexanizmində ciddi problemlər mövcuddur. İnsanlar qanunların onlara verdiyi fürsətdən yararlana bilmirlər. Bu istər sahibkarlıq, istərsə də yaradıcılıq sahəsində özünü qabarıq göstərir.

Parlamentdə hakim Yeni Azərbaycan Partiyası üstünlük təşkil edir və ölkənin müxalifət partiyaları Milli Məclisdə təmsil olunmur. Bu da müxalifətin inkişafına mənfi təsir edir. Milli Məclisdə partiyaların fraksiyası yoxdur. Belə olan halda siyasi mühitdə bir boşluq yaranır.

Fraksiyalar olarsa, fərqli siyasi mövqelər ortaya qoyular və cəmiyyət də bundan ətraflı şəkildə xəbərdar olar. Ən azından Türkiyə təcrübəsindən yararlanmaq lazımdır.

- Səbəbləri sadaladınız. Amma Azərbaycanın aparıcı müxalifət partiyalarının özünün içərisində də bir qalmaqal yaşanır. Məsələn, götürək elə Müsavat Partiyasını.

- Bu, Müsavat Partiyasının daxili işidir və bu barədə şərh vermək istəmirəm. Ancaq müxalifət haqqında ümumi olaraq danışmaq olar. Azərbaycanda müxalifət bir sistem olaraq yoxdur. Əksər ölkələrdə müxalifət parlamentdə olur. Müxalifət isə parlamentdə olmadığı üçün mitinqlərə can atır. Bu da normaldır.

- REAL-ın partiya çevrilməsi məsələsində bir durğunluq var. Dəfələrlə demisiniz ki, partiyalaşma prosesinə maneə yaradan amil REAL-ın sədri İlqar Məmmədovun həbsdə olmasıdır. O həbsdən yaxın vaxtlarda çıxmasa, REAL partiya olmayacaq?

- İlqar Məmmədovun həbsdə olması, təbii ki, bizim üçün problemdir. Çünki sədrin həbsdə olması bizə yaxın olmaq istəyənləri ürküdür. Biz düşünürdük ki, bu ilin may ayında qurultay keçirək. Lakin işlərin gedişi uzandı. Bilirsiniz ki, qarşıdan Avropa Oyunları gəlir və ölkənin əsas gündəmi bu tədbirlə bağlıdır. Ona görə də qərara aldıq ki, avqust-sentyabr aylarında qurultay keçirək. Bu qurultayda parlament seçkilərində iştirakı və REAL-ın partiyaya çevrilməsini müzakirə edəcəyik.

- Siz yenidən REAL-ın Məclis sədri ola bilərsinizmi?

- Məclis başqanı vəzifəsi bizdə onsuz da ixtisar olunub. Düşündük ki, qurultaya gedən REAL-da yeni strukturlar formalaşacaq. Partiyaya çevrilməyə qədər Məclisə yeni sədr seçilməsinə ehtiyac duyulmadı. REAL partiya olandan sonra orada rəhbər orqanlara iddialı olacağım haqqında isə bir şey deyə bilmərəm.

Geri dön