Ana Sayfa > Partiya > “Qoy hər bir avropalı görsün ki...”
“Qoy hər bir avropalı görsün ki...”7-05-2015, 11:18. Yazar: admin |
“I Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”. Vertikal.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib. Onun sözlərinə görə, 38 gün sonra Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək: “I Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində böyük tarixi hadisədir. Çünki Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra belə böyük idman tədbirinə ev sahibliyi etməsini heç kim görməyib. Bilirsiniz ki, Avropa Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq. Əvvəlcə özümüzə sula verməliyik ki, niyə məhz bizim ölkədə bu keçirilir? Bunun bir sıra səbəbləri var. Niyə düşmən ölkə olan Ermənistan bu tipli beynəlxalq səviyyəli tədbirlərdən, yarışlardan kənarda qalıbdır? Əlbəttə, bunu düşünmək lazımdır. Bu gün ölkəmizin iqtisadi inkişafı, siyasi nüfuzunun genişlənməsi, idman uğurlarının artması Azərbaycana etimadı gücləndirib. Bizim xalqın tolerantlığı, alicənablığı dövlət siyasətimizdə də əksini tapıbdır”. A. Əliyev qeyd edib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əslində heç kimi təəccübləndirməməlidir: “Çünki biz bu münasibətə, hörmətə layiq olduğumuzu hər zaman sübut etmişik. Düşmən Ermənistan isə öz radikal, işğalçı, təcavüzkar siyasəti ilə özünü təcrid edibdir. Bu oyunlar həm də Azərbaycanın öz milli adət və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız üçün gözəl imkandır. Biz bu imkanı maksimum dəyərləndirməliyik. Hər bir gənc bu məsələdə aktiv olmalıdır. Qoy hər bir avropalı görsün ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil. Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir vacib məqamı qeyd etmək istəyirəm. Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, Azərbaycandan fərqli olaraq bəzi dövlətlərin belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərilərinə götürməyə risk etmədiklərini görərsiniz. Bu, açıq-aşkar ölkəmizin güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, I Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək. Bu oyunlar nəinki idman, həm də müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”. Geri dön |