Ana Sayfa > Partiya > "Sirrimi aça biləcəyim deputat yoxdur" - Fəzail Ağamalı
"Sirrimi aça biləcəyim deputat yoxdur" - Fəzail Ağamalı2-05-2015, 11:22. Yazar: admin |
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Azvision.az saytına müsahibə verib. Avropa.info həmin müsahibəni təqdim edir: -Fəzail bəy, müsahibəyə ənənəvi sualla başlamaq istərdik. Bildiyimiz kimi, sizin də bu il deputatlıq fəaliyyətiniz başa çatır. Geridə qoyduğunuz dövrdə hansı işləri gördünüz? Ümumilikdə millət vəkili olaraq fəaliyyətiniz nədən ibarət oldu? - Hesab edirəm ki, IV çağırış Milli Məclisə seçilən deputatlar ümumi olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirə bildilər. Bu illər ərzində bir sıra ciddi əhəmiyyət kəsb edən qanun layihələri müzakirəyə çıxarılaraq qəbul olundu. Xüsusilə "Təhsil haqqında" qanunu demək istərdim. Həmçinin birinci oxunuşda qəbul olunan "Elm haqqında" qanunu qeyd edə bilərəm. Bundan əlavə iqtisadiyyatla bağlı mühüm əhəmiyyət kəsb edən qanun layihələri, məcəllələr müzakirəyə çıxarılaraq qəbul edildi. Bir sözlə Milli Məclis səmərəli, məhsuldar işini davam etdi. Seçilmiş olduğum Salyan-Neftçala seçki dairəsinə gəldikdə isə, hər zaman seçicilərimlə bərabər olmuşam. Onların problemlərini, yaşadıqları kəndlərlə bağlı çətinlikləri səlahiyyətim çərçivəsində, imkanlarım daxilində həll etməyə çalışmışam. Əslində, bu gün seçilmiş olduğum dairədə ölkə prezidentinin həyata keçirdiyi siyasət nəticəsində sosial problemlərin mütləq əksəriyyəti öz həllini tapıb. - Son günlər Azərbaycana qarşı Qərbdən ciddi təzyiqlər olunur. Xüsusən də Avropa Oyunları ərəfəsində. Sizcə, ölkəmizə qarşı yönələn bu kampaniyanın arxasında kimlər durur? - Azərbaycan irəliyə doğru inkişaf etdikcə, onun beynəlxalq nüfuzu artıqca, bizi istəməyən qüvvələr ölkəmizə qarşı şər-böhtan, qərəzli kampaniyasını genişləndirirlər. Bu bir həqiqətdir ki, Azərbaycandan kənarda və ölkəmizdəki anti-milli qüvvələr daxil olmaqla anti-Azərbaycan koalisiyası mövcuddur. Bu anti-Azərbaycan koalisiyasının içərisində erməni diasporu, erməni lobbisi xüsusi fəallıq göstərir Kampaniyanı təşkil edənlərin içərəsində müxtəlif millətlərin nümayəndələri var, onlar siyasətçilər, məmurlar, ictimai xadimlər, QHT-lər, mətbuat nümayəndələridir. Bunlar Azərbaycana qarşı anti-Azərbaycan koalisiyası çərçivəsində fəaliyyətlərini davam etdirilər. İndi biz çox möhtəşəm bir tədbirin ərəfəsindəyik. Qısa zamanda ölkəmizdə I Avropa Oyunları hazırlıq işləri demək olar ki, başa çatıb. Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyevanın təşkilatçılıq qabiliyyəti, istedadı bütün mənalarda özünü ifadə etməkdədir. Gələcək dövlətlər və idmançılar yarışlarda iştirak edəcəklərini artıq təsdiq ediblər. Olimpiya şəhərciyi hazırdır. Belə hallar "Eurovision" yarışmasında heç bir nəticə vermədiyindən, tamamilə əminəm ki, indiki I Avropa Oyunları ərəfəsində də, onun keçiriləcəyi dövrdə də bu şər kampaniyası heç bir nəticə verməyəcək. Biz həmin möhtəşəm tədbiri çox yüksək səviyyədə başa çatdıracayıq. - Siz də gənclik vaxtlarınızda idmanla məşğul olmusunuz. Yəni bu sahəyə bir qədər yaxınsınız. Qarşıdan Avropa Oyunları gəlir. Bu yarışlar ölkəmiz üçün sizcə nə qədər əhəmiyyətlidir? - Ölkəmiz kollektiv oyunlardan daha çox fərdi oyunlarda hər zaman üstünlük qazanıb. Bu baxımdan güləşçilərimiz xüsusi olaraq fərqlənirlər. Azərbaycanda güləşçilərimizin, cüdoçularımızın və karatenin bu yarışmanın təsnifatına salınmış növləri üzrə ciddi uğrular qazanacağına əminəm. Ola bilsin ki, eyni zamanda yüngül atelitikada müəyyən uğurlar qazana bilərik. Gimnastikada ciddi uğur qazanacığmızı gözləyirəm. Bu sahədə də göstəricilərimiz çox yaxşıdır. Ola bilsin ki, kollektiv oyunlarda arzu etdiyimiz nəticəni əldə etməyək. Lakin bunun özü də bir təcrübədir. Azərbaycan idmançılarına stimul verir. Hansı nəticələr əldə edəcəyimizdən asılı olmayaraq, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi olduqca mühüm hadisədir. - Söhbət idmandan düşmüşkən, onu da soruşum sizdən ki, məşğul olduğunuz güləş adi həyatda köməyinizə çatıbmı? - İdmanın hər zaman insana böyük köməyi çatır. Bu gün fiziki durumumda, ümumi görkəmimdə vaxtilə idmanla intensiv məşğul olmağımın əlbəttdəki təsiri var. -Partiyadakı işləriniz necə gedir. Bir məsələni də sizdən soruşum ki, belə iddialar səsləndirilir ki, deputat Zahid Orucun Ana Vətən Partiyasından getməsindən sonar partiya xeyli zəifləyib. Bu nə dərəcədə doğrudur? - Siyasi proseslərdə kifayət qədər fəal iştirak edirik. İstər Milli Məclis müstəvisində, istərsə də parlamentdən kənarda, mətbuatla əlaqələrimizdə, ölkəmizdən kənarda siyasətlə bağlı Azərbaycan dövlətinin milli maraqları ilə bağlı bütün məsələlərə öz münasibətimizi ifadə edirik. Partiyanın aparatı bu işlərdə kifayət qədər yaxından iştirak edir. Yeni təşkilatlarımız yaranıb və demək olar ki, Ana Vətən Partiyası ümumrespublika səviyyəsində bir partiya kimi fəaliyyətini qurub, saytlarda, mətbuatda yetərincə fəallığımız var. Zahid Orucun partiyadan kənarlaşdırılması partiyamızın fəaliyyətinə hər hansı mənfi təsir göstərmədi. Hədəfimiz gəncləri daha geniş şəkildə siyasi proseslərə cəlb etməkdir. Bununla bağlı yetərincə uğurlarımız var. Bunu mediadan və sosial şəbəkələrdən aydın görmək mümkündür. -Fəzail bəy, çıxışlarınızdan göründüyü kimi çox emosianal insansınız. Dostluq etməyi necə bacarırsınızmı? Yaxud da deputat həmkarlarınız arasında dost münasibətində olduğunuz insanlar varmı? - Dostluq yetərincə məsuliyyətli sözdür. Həmkarlarımla normal ünsiyyətim var. Lakin deyim ki, bütün sirlərimi aça bildiyim belə bir şəxs yoxdur. Milli Məclisdə vaxtilə daha çox dostluq etdiyim şəxs Mübariz Qurbanlı idi. Parlamentdə əqidə, məslək dostlarım var. Onlarla eyni siyasi xəttə xidmət edirik. - Mübariz müəllim komitə sədri olandan sonra da əlaqə saxlayırsınızmı? Vaxt tapıb görüşə bilirsinizmi? -Tez-tez görüşə bilməsək də, telefon əlaqəsi saxlayırıq. Münasibətimiz yenə də olduğu kimi davam edir. Mübariz müəllimin işləri çox olduğu üçün intensiv görüşlərimiz olmur. Lakin münasibətlərimizdə hər hansı bir fasilə yaranmayıb. Qeyd edim ki, onun gəlişi ilə milli-mənəvi dəyərlərdə, din-cəmiyyət, din-dövlət münasibətlərində çox böyük isahatların, irəliləyişin şahidi olduq. Bu sahədə gördüyü bütün işlər təqdirə layiqdir. - Bu sualı demək olar ki, bir çox deputatlara ünvanlamışıq. Əksəriyyəti biznesinin olmadığını deyir. Sizin nece deputat maaşınızdan əlavə gəlir yeriniz varmı? -Özüm bizneslə məşğul olmuram. Ancaq övladlarımın biznesi var. Və onlar kiçik bizneslə məşğul olurlar. Bunlar da holdinq, böyük maliyyə gətirən biznes sahələri deyil. Övladlarım çox yüksək təhsilə malikdirlər. Onlar Bakı Dövlət Universitetinin məzunlarıdır. - Nəhayət ki, siz də sosial şəbəkələrə qoşuldunuz. Birdən-birə necə oldu, Fəzail bəy, özünə “facebook”səhifəsi yaratdı? - Sosial şəbəkələrin vaxtilə yaratmış olduğu xoşagəlməz meyllərin tənqidi üzərində dayanmışam və yenə də o fikirdəyəm. Ancaq sözsüz ki, sosial şəbəkələrin üstün cəhətləri də var. İnsanlar onun vasitəsilə ünsiyyətə girirlər, bir-biri ilə yazışmalar edirlər, dostluq yaradırlar. Təki bu dostluq firavanlığa, insanlar arasındakı yüksək münasibətə xidmət etsin. Bu baxımdan sosial əlaqələrə müsbət yanaşıram. Sadəcə olaraq öz profilimi yaratmaqla, heç də gənclər kimi daha fəal şəkildə sosial şəbəkənin imkanlarından istifadə etmək niyyətində olmamışam və buna zamanım da yoxdur. Sadəcə olaraq bu profil vasitəsilə fəaliyyətimi dəyərli soydaşlarımla bölüşmək istəyirəm. Sosial şəbəkələr bütün dünyanı əhatə edir. Baxıram profilimə, mənə Rusiya, Türkiyə, Cənubi Azərbacandan, Avropadan dostluq göndərən soydaşlarımız var. - Həmkarlarınızdan bir çoxları “facebook” sosial şəbəkəsinin aktiv üzvlərindəndir. Onlardan kimlər sizin dostluğunuzda var? - Bir neçə həmkarımla sosial şəbəkədə də dostluq əlaqələri qurmuşuq. Hamısı ilə olmasa da, bəzi deputatlarla sosial dostluq əlaqələrim var. Geri dön |