Ana Sayfa > Partiya > Gözünün birini qaziyə vermək istəyən müəllim: - “Aidiyyəti şəxsləridən bu işdə kömək istəyirəm!”

Gözünün birini qaziyə vermək istəyən müəllim: - “Aidiyyəti şəxsləridən bu işdə kömək istəyirəm!”


8-03-2021, 10:02. Yazar: admin
Gözünün birini qaziyə vermək istəyən müəllim: - “Aidiyyəti şəxsləridən bu işdə kömək istəyirəm!”

Modern.az saytında “Bizim əsgər” rubrikası bu dəfə müharibə iştirakçısı ilə deyil, öz gözlərini dünya işığından məhrum olan qaziyə vermək istəyən şəxslə həmsöhbət olub.

Xatırlayırsınızsa, rubrikamızın ötən yazısı hər iki gözünü Vətən müharibəsində itirmiş qaziyə - gizir Vasif Allahverdiyevə həsr olunmuşdu. Vasif gözlərini Fizuli uğrunda gedən döyüşlər zamanı aldığı xəsarətlər nəticəsində itirib.

Həmin müsahibə saytımızda dərc olunandan sonra bir nəfər vətəndaş redaksiyamıza zəng edərək, gözlərindən birini qaziyə vermək istədiyini bildirmişdi.

Modern.az zəng edən şəxsi qazinin ailəsi ilə əlaqələndirdi və eyni zamanda fədakarlığa hazır olan bu insanı oxuculara tanıtmaq istədi.

Beləliklə, onunla tanış oaq:

- İstərdik özünüzü oxucularımıza təqdim edəsiniz...

- Mən Tofiq Cuma oğlu Hüseynov Zaqatala rayonunun Mamrux kəndindənım. 1986-cı ildə anadan olmuşam. 2004-2006-cı illərdə hərbi xidmət keçmişəm. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam. 2012-ci ildən Nərimanov rayonunda yerləşən Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fiziki tərbiyə müəllimi olaraq çalışıram. Bir qardaşım var - Naib Cuma oğlu Hüseynov, MAXE-dir. Şuşa döyüşlərinin iştirakçısı və Şuşaya ilk girənlərdən biri olub. Vətən müharibəsi bitdikdən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Ailəliyəm, iki övladım var.

- Tofiq bəy, deyirsiniz ki, gözlərinizdən birini Vətən müharibəsinin qazisinə vermək istəyirsiniz...

- Müharibə bitdikdən sonra qazilərimizlə olan müsahibələri daim həm Youtube kanallarından, həm də sizin saytınızdan izləyirəm. Vətən müharibəsində iştirak etmədiyimə görə içimdə özümü suçlu kimi hiss edirəm. Mən bəzi obyektiv səbəblərə görə müharibədə iştirak edə bilmədim. Səhhətimdə problemlər var idi.
Müharibə bitəndən sonra düşündüm ki, qazilərimizdən birinə öz yardımımı təklif edim. Sizin saytınızda gizir Vasif Allahverdiyevlə müsahibəni oxuyub çox təsirləndim. Vasifin söylədiyi fikirlər - həm dünya işığına həsrət qalması, həm də öz övladlarını görmək istəyi məni çox duyğulandırdı. Səssiz qala bilmədim, axı mən özüm də atayam. Belə qərara gəldim ki, gözlərindən birini qazimizə verməklə mən də Vətən qarşısındakı borcumu bu cür ödəyim. Və sizə zəng etdim.

- “Bizim əsgər” rubrikasından danışdınız, çoxdan izləyirsiniz?

- Ən başdan... Mən sosial şəbəkələri həmişə izləməyə çalışıram. Modern.az saytını isə uzun müddətdir oxuyuram. “Bizim əsgər” rubrikası vacib projedir, qaziləri, veteranları yaxından tanıdır.
Ən yaddaqalan müsahibələrinizdən biri Bakı şəhər Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovla olmuşdu. Oğlunu mühairəyə yola salan atanın fikirlərilə tanış olduqca, o səhnə sanki gözlərimin önündə canlanırdı. Oğlu müharibədən qayıtdıqdan sonra onun özü ilə də söhbətləşmişdiniz.
Mən Youtube-da qazilərimiz haqqında olan müsahibələrə çox baxmışam və orada da öz gözümü paylaşmaq istədiyim barədə şərhlər yazırdım. Görürdüm ki, bunu etmək istəyən tək mən deyiləm. Digər vətəndaşlar da bu barədə yazırdılar.

- Bu istəyin sizdə necə yaranmasından danışdınız. Düşünmürsünüz ki, bundan sonra tək gözlə yaşamaq sizə də çətin ola bilər?

- Söylədiyim kimi, Vətən qarşısında borcumu yerinə yetirmək istəyirəm. Gözlərimdən birini qazimizə verəndən sonra özümü mənəvi cəhətdən tam rahat hiss edəcəyəm. Əgər mən də müharibədə döyüşüb gözlərimdən birini və ya başqa orqanımı itirsəydim, “Vətən sağolsun!” deyib yaşayacaqdım. Gözümü qazilərdən birinə verdikdə də “Vətən sağolsun!” deyib yaşayacağam.
Məqsədim həm də Allah qarşısında savab qazanmaqdır. Bununla həm də şagirdlərimə Vətən sevgisinin nə demək olduğunu göstərmək istəyirəm. Mən onlara göstərmək istəyirəm ki, Vətən sevgisi təkcə sözdən ibarət deyil, əməldə bunu göstərmək və sübut etmək lazımdır. Acını paylaşdıqca azalır. Vətəni sevmək təkcə “onu sevirəm” deyib yaşamaq deyil. Vətəni sevmək məhz onun uğrunda döyüşən və can sağlığını itirən insanlara dəstək olmaqdır. Biz onlara maddi dəstəkdən əlavə əlimizlə, qolumuzla, gözümüzlə - bir sözlə canımızı paylaşaraq da dəstək olmalıyıq.

- Belə bir çətin qərarı vermək hər adamın işi deyil. Buna görə siz alqışa layiqsiniz...

- Bu qərarı verməzdən öncə çox fikirləşdim. Əgər iki gözsüz yaşaya bilənlər varsa, niyə də mən tək gözlə yaşaya bilməyim...

Təki kiminsə dünya işığını və öz övladlarını görməyinə köməyim dəysin. Mən aktiv olaraq idmanla məşqul oluram və tez-tez futbol oynayıram. Ola bilər ki, tək gözlə yaşamaq bu kimi fəaliyyətimdə mənə çətinlik yaratsın, lakin bu yolda hər şeyi gözə alıram. İnşallah, heç bir problem olmayacaq.

Sabah nələr olacağını bilmirik. İnsanlar gündə müxtəlif qəzalarla qarşılaşa bilərlər. Adi bir avtomobil qəzasında əlini və ya qolunu itirən insanlar olur. Ona görə, bu barədə rahatam və heç bir sıxıntım yoxdur. Düşünürəm ki, şərəfli bir missiyanı üzərimə götürəcəm və bu işdə ən böyük yardımçım da Allah olacaq. Psixoloji olaraq da gözümü verməyə 90 faiz hazıram.


- Bəs ailəniz bu istəyinzdən xəbər tutanda necə reaksiya verdi? Məsələn, uşaqlarınız sizə etiraz etdimi? Axı uşaqlar həmişə atalarını tam sağlam görmək istəyirlər...


- Gözlərimdən birini qazimizə vermək istəyimi təkcə həyat yoldaşıma bildirmişəm. O da sağ olsun ki, qərarıma hörmətlə yanaşdı. Digər yaxınlarım isə yəqin ki, bu qərarımdan müsahibəmiz yayımlananda xəbər tutacaqlar.

Açığı, mən bu işi həyata keçirdikdən sonra onlara bildirmək istərdim. Xaraktercə möhkəm insan olduğum üçün bir işi görəndən sonra o barədə danışmağı sevmişəm.

Ona görə də bu müsahibəni gözüm qaziyə köçürüləndən sonra vermək niyyətində idim. Sadəcə, sizin israrlı təklifinizi geri çevirmək istəmədim. Çünkü “Bizim əsgər” mənim ən sevimli rubrikamdır.

Uşaqlarıma gəlincə isə düşünmürəm ki, bu torpağın çörəyi ilə böyüyən və ən əsası mənim tərbiyəmi alan uşaqlar əks reaksiya göstərsinlər.

İndi gözünü və ya qıçını itirən müharibə əlillərimizin övladları heç kimdən əskik deyillər ki, artıqdırlar. Mənim də qardaşım müharibədə oldu və biz özümüzü onunla bağlı hər bir hal üçün hazırlamışdıq.

- Ola bilər ki, müsahibədən sonra yaxınlarınız bu qərarınıza qarşı çıxsın? Əgər qarşı çıxsalar, qərarınızı dəyişərsiniz?

- Xeyr. Heç zaman qərarımı dəyişməyəcəm. Mən xaraktercə iradəli insanam və buna görə də doğru bildiyimdən heç zaman dönmürəm. Ümid edirəm ki, ailəm və yaxınlarım bu qərarıma hörmətlə yanaşacaqlar.

- Tofiq bəy, sizdə Vətən sevgisi haradan yaranıb?

- İnsan anadan Vətən sevgisi ilə doğulmalıdır. Anadan doğulandan vətənimi sevmişəm. Valideynlərim, müəllimlərim, hərbi xidmətdəki komandirlərim də təbii ki, mənə Vətənə məhəbbət hissləri aşılayıblar. İndi mən də öz şagirdlərimə bu hissləri aşılayıram.

Ermənilərə nifrətim isə torpaqlarımızın işğalı ilə əlaqədar yaranıb. Qaçqın və köçkünlərimizin necə aclnacaqlı şəraitdə yaşadıqlarını görürdüm və bu, məni çox incidirdi. Yəni düşmən özü etdiyi bədbin əməllərlə bizdə ona nifrət hissləri yaratdı.

- Bilirik ki, göz köçürmə əməliyyatı çox bahalı və çox riskli işdir. Bunun üçün hansı fondlara və ya rəsmi şəxslərə müraciət etmək istəyirsiniz?


- Bəli, göz köçürmə əməliyyatı çox bahalıdır. Təəssüf ki, mənim bu əməliyyatı qarşılamaq üçün maddi imkanım yoxdur. Əgər olsaydı, özüm bunu reallaşdırardım. Ona görə də, sizin vasitənizlə dövlətimizə, rəhbər qurumlara və “YAŞAt” Fonduna müraciət edirəm ki, gözümü qazi ilə paylaşmaq mənə kömək etsinlər.

Dövlətimizə, Prezidentimizə, çox dəyərli Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, nazirlərimizə, millət vəkillərimizə, imkanlı şəxslərimizə müraciət edirəm ki, öz gözlərimin nurunu qazimizlə paylaşmaqda mənə köməklik etsinlər. Gəlin, birləşib qazilərimizi dünya işığına həsrət qoymayaq. Necə lazımdırsa, qazilərimizin və müharibə əlillərimizin qulluğunda duraq.

- Hazırda Şuşada vətənə xidmət edən qardaşınız Naib Hüseynovun timsalında əsgərlərimizə nə demək istərdiniz?

- Qardaşımın timsalında bütün əsgərlərə “möhkəm olun!” deyirəm. Onlar bütün çətinliklərə baxmayaraq, üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırırlar. Bilirik ki, bayrağı ən uca zirvəyə qaldırmaq hər kəsə nəsib olmur. Ya Prezident harasa səfər edəndə ya idmançı zəfər çalanda ya da əsgər döyüşüb torpaq azad edəndə dövlət bayrağı qaldırılır. Odur ki, bu şərəfə nail olduqları üçün bütün əsgərlərimiz xoşbəxtdirlər.

Əziz əsgərlərim, siz hazırda erməni kimi hər an iyrənc təxribata əl ata biləcək düşmənlə üz-üzəsiniz. Ona görə də hər zaman sizi ayıq-sayıq olmağa çağırıram. Ehtiyat igidin yaraşığıdır.
Sonda Modern.az saytına və Leyla xanım, şəxsən sizə təşəkkür edirəm ki, mənim bu arzumu reallaşdırmaq üçün imkan yaratdınız. İnşallah, inanıram ki, insanlığa dəyər verən şəxslərin sayəsində tez bir zamanda mən öz arzuma, qazimiz isə dünya işığına qovuşacaq.
Geri dön