Ana Sayfa > Partiya > “500 milyonluq Avropanı kəndimizin fermasına dəyişmərəm”
“500 milyonluq Avropanı kəndimizin fermasına dəyişmərəm”1-05-2015, 11:00. Yazar: admin |
İsveçrə səfərini yekunlaşdırıb, yol alırıq Almaniyaya doğru. İlk dayanacağımız Frankfurtdur. Şəhərlə bağlı fotoların da müşayiəti ilə təəssüratlarımızla növbəti reportajlarda tanış olacaqsız. Hələliksə “Yeni Müsavat”ın əməkdaşını bir neçə gün öncədən həvəslə gözləyən mühacirlərimizin söhbətinə qulaq asmağa üstünlük verdik. Görüşün təşkilatçısı 20 ilə yaxındır ki, mühacir həyatı yaşayan, Frankfurtdakı həmvətənimiz, Kəlbəcər özünümüdafiə batalyonunun keçmiş komandiri İlham Həsəndir. İlham Həsənin geniş müsahibəsini oxuculara təqdim etməzdən əvvəl bizimlə görüşə toplaşan həmvətənlərimizin Frankfurt hekayəsini birlikdə vərəqləyək. Frankfurtun mərkəzindəki türk restoranlarından birində bir araya gəlirik. Yemək seçimi, söhbətlər göstərir ki, həmyerlilərimizin zövqündə dəyişiklik yoxdur. Biri 10 il bundan əvvəl gəlib, digəri 7-8 il. Amma ləhcəli danışıqları, yemək seçimləri... tam bir azərbaycanlılıq var. Təbii, almandilli ofisiantlara müraciətlərində dili mükəmməl bildikləri hiss olunur, amma... Söhbətə başlayaq, detalları ordan öyrənmək olar. “ORQANİZMİMİZ ÇƏTİNLİKLƏ ŞİMAL MERİDİANINA ÖYRƏŞDİ” “Yeni Müsavat” oxucularına Mehdi Xəlilbəyli adı yaxından tanışdır. Müsavat Partiyası Yasamal rayon təşkilatının üzvü, 1988-ci ildən hərəkatda olan bu şəxs 2003-cü il 15 oktyabr gecəsi Müsavat Partiyası qərargahının qarşısında baş verən olaylar zamanı “Lider” TV-nin əməkdaşı Sahil Kərimlinin döyülməsində elə həmin kanal tərəfindən ittiham olundu və uzun müddət görüntüsü bu kanalın ekranlarından düşmədi. Bu haqda bir qədər sonra... Hələliksə M.Xəlilbəyli bir azərbaycanlı mühacirin Almaniyada yaşadığı çətinliklərdən danışır: “Problemlərimiz əsasən səhhətlə bağlıdır. 39-41 dərəcə meridianda yaşamağa öyrəşmiş bizlər indi 10 dərəcə şimala doğru qalxmışıq. Orqanizmimiz çətinliklə şimal meridianına uyğunlaşıb. İkinci bir problemimiz odur ki, potensialımız avropalıların potensialından fərqlidir. Bizdə hər şey müsəlmançılığa, islama doğrudur. Burda isə hadisələrə tolerant baxırlar. Cəmiyyətə inteqrasiya olunmamız uzun çəkir. Təhsil sistemimiz tamamilə fərqlidir. İnsan dünyaya gələndən təhsil həyatı da başlanır. Öncə bağça, sonra ibtidai məktəb gəlir. Orda fərqli təhsil sistemidir. Növbəti mərhələdə tamam fərqli detallar var. Bağçadan uşaqlara polisləri sevdirməyə başlayırlar. Bağçada uşaqlara yanğınsöndürənlər, ambulans maşınlarını, həkimləri, zibiltəmizləyənləri gətirirlər. Onlara anladırlar ki, bunlar nə deməkdir. Birinci səhhətə fikir verilir. Səhhətini qorumağı, sonra təmiz yaşamağı öyrədirlər. Polislə yanğınsöndürənlər isə onlara təhlükələrdən qorunmağı öyrədir”. M. Xəlilbəylinin sözlərinə görə, ümumiyyətlə, miqrantın burada formalaşma prosesi olduqca çətin keçir. Müsahibimiz hesab edir ki, bu problem yeni nəslə az təsir edir: “Yaşı az olan, yeni doğulanlar bu cəmiyyətin qaydalarını qəbul edir. Baxırsan ki, bəzən valideynlərin fikirləri ilə razılaşmırlar. Söz deməsələr də, şərq öyüd-nəsihəti verəndə təəccüblə baxırlar. Mən 12 ildir burdayam və inteqrasiya olunduğumu deyə bilərəm. Məsələn, mən burda orta təbəqə sayılıram. Cəmiyyəti qavrama qabiliyyəti, inteqrasiya müəyyən mərhələdədir. Anlaşılmazlıq olmur. Burda doğulmuş, böyümüşlərlə anlaşa bilirik. Burda doğulanlar, inteqrasiya olunanlar azad insanlardır. O demək deyil ki, onlar tərbiyəsiz və yekəxanadılar. Əksinə, azad fikirlidilər, düşüncələri müstəqildir”. “ƏN BÖYÜK PROBLEMİMİZ PROBLEMSİZLİKDİR” Müsavatçı müsahibimiz Almaniyada mühacirlərin ən böyük probleminin dil problemi olduğunu bildirdi. Onun sözlərinə görə, bu problem olduğuna görə cəmiyyətə inteqrasiya olunmaq asan deyil: “Öz mövqeyini tutmuş Azərbaycan vətəndaşları çoxdur. Kölgəli insanlar da var, başqalarına kölgə sala bilirlər. Tək Almaniya yox, çalışdığım ölkələrdə -Hollandiya, Çexiya, Fransada gördüm ki, oradakı azərbaycanlılar inkişaf etmək istəyir. Sadəcə bizim təhsil sistemimiz, təhsilimiz, Azərbaycan vətəndaşı olaraq zəif səviyyədə olduğu üçün potensialımız Almaniyada bəzi şeyləri qavramağa mane olur. Tam ürək açan şəkildə bir-birimizlə əlaqələrimiz zəif olur. Bəzi millətlərə nisbətən geri sıralarda deyilik. Amma Anadolu türkləri daha öndədir. Onların təşkilatları, çalışma sistemləri, qurduqları şirkətlər daha üstündür. Alman parlamentində onların nümayəndəsi, fraksiyalarl var. Bizdə isə bir dostumuzu şəhər bələdiyyəsinə üzv seçiblər. Qısası, o qədər də böyük problem yoxdur”. Əksər mühacirlərə verdiyimiz “ən böyük probleminiz nədir” sualına M.Xəlilbəylinin ilginc cavabı oldu: “Ən böyük problem problemsizlikdir, Almaniya qoymur ki, insan problemin əlində girinc qalsın”. Amma firavan, qayğısız həyatına baxmayaraq müsahibimizin istəkləri tamam fərqlidir: “Amma siz bu qayğısızlığın üstünə vətən həsrətini də gəlin. Fikir verin, bütün Avropa Birliyinin 27 bərabər hüquqlu dövləti var, 51-52 də Avropa ölkəsi var. Amma bizim Şərurdakı kəndimizin girəcəyində bir ferma var. O fermanın bir metrinə bütün Avropanı dəyişmərəm. 500 milyonluq nüfuzu Ala qapının girəcəyində, Ələddin dərəsindəki fermanın həyətinə dəyişmərəm”. Masa arxasında əyləşən mühacir dostları onun bu sözünə gülür, M.Xəlilbəyli bu sözləri bir neçə dəfə təkrarlayır. Deyir ki, heç bir sözü boğazdan yuxarı deyil, həqiqətən də Vətən həsrəti başqa şeydir, yaşamayan bilməz. “BİR DƏ GÖRDÜM, MÜSAVAT PARTİYASININ QAPISINDA BİR TOZANAQ QOPDU... MƏN NƏ BİLİM, KİMDİ ORDAN ÇIXAN?” Arxiv. 2003-cü ilin 15 oktyabrı. Müsavat partiyasının qarşısı Söhbət zamanı gəlirik Sahil Kərimlinin döyülməsi, bu hadisədə adının, görüntülərdə onun olması məsələsinə. Müsahibimiz hadisənin tamam başqa cür baş verdiyini deyir: “Baxın, heç nə təqdim olunduğu kimi deyil. Həmin gecə Müsavatın qabağında hər cür qılıqda, qiyafədə adam vardı. Naxçıvanlıların dəstəsi qərargaha hücum etmişdi. Rejimin bütün cinahlarından hücum gəlmişdi. Ambulans işçiləri, jurnalist dəstələri də vardı. Davada yumruq sayı sayılır ki? Hərtərəfli hücum vardı. Orda da bilmirdin ki, kim terroristdir, kim qarapaltarlıdır, kim PKK-çıdır. Nə bilək ki, kimdir hücum edən? Hamısı bir cəbhədən hücum edirdi, biz də müdafiə olunurduq. Heç hücumçunu da sorta bölmək olar? Mən qərargahın qabağında idim. Bir də gördüm, qapıdan bir tozanaq qopdu. Kimisə döyə-döyə pilləkən aşağı yuvarladılar. Mən o yuvarlanan adamın üzünü görmədim, jurnalist olduğunu bilmədim ki. Dedim yəqin təxribatçıdır, içəridə nəsə etmək istəyir deyə vurublar bunu. Təxribatçını, hücumçunu o qarma-qarışıqlıqda mən də vurdum. Amma yenə təkrar edirəm, üzünü görmədən, kim olduğunu bilmədən və sırf müdafiə məqsədilə. Mən orda durub ona deyə bilməzdim ki, üzünü göstər görüm kimsən, nə işə baxırsan. Dava idi, müharibə kimi bir şey baş verirdi onda. O adamın Sahil Kərimli olduğunu isə bir neçə gün sonra, qohumlar mənə zəng edib deyiblər. “Səni televizorda göstəriblər”, dedilər”. Müsahibimiz həmin tarixləri də maraqlı təhlil edir. Deyir ki, həmin vaxt konkret prosedur vardı. Oktyabrın 15-dən 20-ə qədər dağda qoyun otarandan tutmuş, 3 min nəfəri 5 gün ərzində həbs etdilər: “Onun rəsmi olaraq 1041 nəfərinə cinayət işi açıldı. 300-400 nəfər cərimələrlə canını qurtardı. 141 nəfərinə də həbs qətimkan tədbiri seçildi. Mən qərargahın qabağındakı müdafiədə iştirak etmişdim. Amma yaylaqdakı, qışlaqdakı müsavatçının nə günahı vardı? Qeyri-müsavatçılar nə etmişdi? O sistem fərqli idi. Xeyirlə şərin mübarizəsi gedirdi. Neçə milyon ildir var bu mübarizə. Yəqin ki, yenə də davam edəcək. Əsas bizim istəyimiz nədir? Vətənimizdə ədalətli bir cəmiyyətin qurulması, azad məhkəmələr olsun. Məhkəmə hər bir vətəndaşın durumundan asılı olmayaraq işə eyni səviyyədə baxmalıdır. Qanun qarşısında hər kəs eyni cür cavabdeh olmalıdır”. ALMANİYANIN “AZÜL”LƏRİ VƏ BİZİMKİLƏR.... M.Xəlilbəylinin dediyinə görə, Almaniyada 200 dövlətdən mühacir var. Bu arada Almaniyada, eləcə də Hollandiyada mühacirə “azül” deyirlər və Almaniyadakı, Hollandiyadakı müsahiblərim də özlərini belə adlandırırlar. Müsahibimiz miqrantların ümumi təhlilini isə belə verdi: “Almaniya mühacirlərə fərq qoymur ki, onlar hansı dövlətdən gəlib, necə gəlib. Çünki ölkədə vahid qanun var. Xaricdən gələn şəxsin status alması üçün bir neçə şərt lazımdır: ya vətənində siyasi fəaliyyət göstərdiyi üçün həyatına təhlükə olmalıdır, ya ona qarşı dini təzyiqlər olmalıdır, ya azlıq (milli, cinsi, dini) kimi problemi yaşamalıdır, ya da humanitar məqsədli gəlmiş olması lazımdır. Bu paraqraflara uyğun olmayanda insanları geri qaytarırlar. Bizim vaxtımızda “yol intervüsü” alırdılar. Bu intervüdə soruşurdular ki, hansı yolu keçmisən bura gəlmək üçün. Böyük intervüdə isə insanlardan bura gəliş səbəblərini soruşur, dərdi, problemi ilə maraqlanırlar. İndi Rusiyadan, İraqdan, Kosovodan gələnlər daha ön plandadır. Çünki onlar daha ciddi təhlükədədir. Ona görə bizimkilərin müraciətinə bir qədər gec baxırlar. Bizimkilər birinci intervüsünü verəndən aylar sonra ikinci intervüsünü də verir. İntervü bəzən aylar sonra baş tutur. Almaniya real ölümlə üzbəüz olanların müraciətlərini ön plana çəkir. Suriyalılara belə şərt qoyulur ki, müharibə qurtaran kimi geri qayıdacaqsınız”. “ZƏNG EDƏN OLANDA DEYİRƏM Kİ, GƏLMƏ, QARDAŞ, GƏLMƏ... İMKANIM OLSA GERİ QAYIDARAM” M. Xəlilbəylinin söhbətində səmimi nüanslar xeyli diqqət çəkir. Müsahibimiz bu ölkədə hər nə qədər firavanlıq olduğunu desə də, azərbaycanlılara bura gəlməyi məsləhət görmür: “Almaniya Azərbaycandan 4000 kilometr aralıdadır. Bu, bizim səhhətimizə mənfi təsir göstərir. Məsləhət deyil. İlk 3-4 il çox xəstələndik. Azərbaycanda bizim orqanizmimiz tamam fərqli öyrəşmişdi. Yunanıstanda, İtaliyada, İspaniyada heç bir problem olmur. Amma buranın iqlimi fərqlidir. Mənə kimsə zəng edib deyəndə ki, Almaniyaya gəlmək istəyirəm, deyirəm, gəlmə. Almaniya iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından qat-qat fərqlidir. Bu inkişafı, gəlişmiş alman potensialını güclü beyinlər yaradıb. Bizimki ilə bunlarınkı ayrı-ayrı radiodalğalardır. Ona görə də alınmır. İmkanım olsa geri qayıdaram, Siyaqutda qalaram. Potensialımız zəif olduğu üçün dəmiryollarında yatdığım olub. Qatar saatlarını bilməmişəm, alman potensialını bilmədiyim üçün o əziyyəti görmüşəm. Əgər almanlardakı bu potensial bizdə olsaydı, bugün Qarabağ işğalda olmazdı. Ona görə də elə sizin qəzet vasitəsilə müraciət edirəm ki, ay azərbaycanlılar, Almaniyaya gəlməyin, burda yel əsib, qoz tökülmür. Bura gələn burda fəhlə olacaq, general yox. Əziyyət çəkəcək, xəstəlik tapacaq. Amma gələn, gəlmək istəyən adama hər cür yardımı da edəcəyik. Almaniyada maşınsız olmaq kor olmaq kimidir. Sifarişli taksi tapmaq olar ki, onlar da çox bahalıdılar ”. Geri dön |